10 
Avq
2022
12:00
91
14
1074
Virtual karabakh

Bir damcı su: Biz onun haqqında nə bilirik? - VİDEO

10 Avq, 2022
12:00
1074

Bir damcı su: Biz onun haqqında nə bilirik? - VİDEO

Ölkə əhalisinin davamlı olaraq içməli su ilə təmin olunması və su ehtiyatlarının mühafizəsi istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi hər zaman diqqət mərkəzində olsa da, son zamanlar bu sahədə ölkə rəhbərliyinin tapşırığına əsasən görülən işlərin intensivliyi artmaqdadır. 

Artıq bir neçə gündür ki, müxtəlif kommunikasiya kanallarında qarşımıza çıxan “Bir damcı” adlı kampaniya bu qəbildən olan işlər sırasındadır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir.

Ölkəmizin içməli su təminatında yaşana biləcək hər hansı bir çətinlik ilk növbədə coğrafi amillər ilə bağlıdır. Belə ki, Cənubi Qafqazın ümumi su ehtiyatının cəmi 10%-i ölkəmizin payına düşür.

Bundan əlavə, yerüstü su ehtiyatlarımızın böyük bir hissəsi transsərhəd çaylar hesabına formalaşır və şirin su ehtiyatlarımızın 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır.

Bütün bu amillər bizə gəlib çatan hər bir su damcısının dəyərini bilməyimizi önəmli edir. Çünki su mənbələrimizin yuxarıda qeyd olunan coğrafi amillər səbəbindən məhdudluğu və texnoloji amillər hesabına çirklənməsi suyun əldə edilməsi və təmizlənməsi prosesini kifayət qədər çətin və uzun edir. Evimizdə rahatlıqla əldə etdiyimiz içməli su müxtəlif təmizləmə, zərərsizləşdirmə, laboratoriya testləri və s. bir sıra proseslərdən keçib gəlir. Bütün bu proseslər ən müasir avadanlıqlarla təchiz edilmiş qurğularda həyata keçirilir və onların quraşdırılması böyük maliyyə vəsaiti və insan resursları hesabına mümkün olur. Həm bu amillər, həm də son vaxtlar su mənbələrinin əlçatanlıq dərəcəsinin azalması istifadə etdiyimiz suyun dəyərini bilməyimizin, sudan səmərəli istifadə etməyimizin və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin aktuallığını artırır. Yuxarıda haqqında bəhs etdiyimiz “Bir damcı öyrənək” kampaniyası da məhz bu zərurətdən irəli gələrək başladılıb və bu il ərzində kampaniyanın növbəti mərhələləri də həyata keçiriləcək.

Kampaniyanın hazırkı mərhələsi “Axır necə?” sualına cavab verməklə insanlara içməli suyu necə əldə etdiyimizin çətinliyi barədə məlumat vermək və bu barədə düşünməyə sövq etmək məqsədini daşıyır. Bir su damcısının keçdiyi uzun yolu maraqlı və sadə dildə çatdıran videoçarx, sosial media hesablarında suyun əldə edilmə prosesinin çətinliyini izah edən paylaşımlar və paytaxtın müxtəlif yerlərində bu barədə məlumatlılığı artıran küçə reklamları kampaniyanın geniş hədəf auditoriyasına çatmasına hesablanıb. Kampaniya barədə ətraflı məlumatı birdamci.az veb-saytından almaq mümkündür.

Qeyd edək ki, kampaniyanın kommunikasiya strategiyasını “Maverick” kommunikasiya agentliyi işləyib hazırlayıb, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri