Bir neçə gündür ki, Zaqatala rayonunun dağlıq ərazilərində meşə yanğınları davam edir.
Oxu.Az xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən yanğının sürətlə yayıldığı məlum olur.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir. Hazırda yanğının söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə ETSN-in Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edirlər.
Sosial şəbəkədə yayılmış görüntüləri təqdim edirik:
Zaqatalada meşə yanğınları sürətlə yayılır - YENİLƏNİB + FOTO/VİDEO
09:12
Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə iki gündür başlayan yanğın davam edir.
Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov “Report”un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.
“Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı, iki helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb”.
Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür ki, davam edir.