24 
Sen
2022
16:37
222
31
3787
Virtual karabakh

Deputat mandatını başa vurmadan vəfat etmiş millət vəkilləri – SİYAHI

24 Sen, 2022
16:37
3787

Deputat mandatını başa vurmadan vəfat etmiş millət vəkilləri – SİYAHI

Azərbaycan parlamenti 1995-ci ildən etibarən Milli Məclis olaraq fəaliyyət göstərməkdədir. Konstitusiyaya əsasən, namizəd olduğu dairədən deputat mandatı qazanan şəxslər beş il müddətinə millət vəkili səlahiyyətlərini icra edirlər. Lakin Milli Məclis tarixində ömrü deputatlıq dönəmini başa vurmağa vəfa etməyən millət vəkilləri də olub.

Bizim.Media mandatı başa çatmadan dünyasını dəyişən millət vəkillərini araşdırıb.

Əli Ansuxski

Əli Ansuxski 1995-ci ildə keçirilən I çağırış üzrə parlament seçkisində 54 saylı Balakən seçki dairəsindən mandat qazanıb. Bitərəf deputat cəmi bir il müddətinə vəzifəsini icra edə bilib. 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində odlu silahla qətlə yetirilib.

Ziya Bünyadov

Birinci çağırış Milli Məclisin deputatı seçilən tarixçi alim Ziya Bünyadov seçkidən iki il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü geniş müzakirələrə səbəb olmuşdu.

Sofiq Hüseynov

Milli Məclisin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov da dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. İqtisad elmləri doktoru olan S.Hüseynov 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib.

Yusif Səmədoğlu

Parlamentin daha bir üzvü Yusif Vəkilov (Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib. 1995-ci ildə 26 saylı birinci Nəsimi seçki dairəsindən deputat seçilən tanınmış yazıçı bitərəf olub.

Səfiyar Musayev 

Parlamentin I çağırış millət vəkili Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.

Fərəməz Maqsudov

Akademik Fərəməz Maqsudov həm də 1997-ci ildə Elmlər Akademiyasının prezidenti olub. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə, deputat mandatının bitməsinə bir neçə ay qalmış dünyasını dəyişib.

Samur Novruzov

Milli Məclisin I və II çağırış deputatı olub. Lakin 2-ci millət vəkilliyi dönəmi cəmi bir il çəkib. O, 2001-ci ildə dünyasını dəyişib. Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olub.

Şadman Hüseyn 

Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından olan Şadman Hüseyn də səlahiyyətlərinin davam etdiyi dövrdə dünyasını dəyişmiş millət vəkilləri sırasındadır. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşə bilib. Lakin o, sonradan AMİP sıralarını tərk edib. 2003-cü ildə keçirilən əlavə seçkilərdə mandat qazansa da, elə həmin il ürəktutmasından vəfat edib. 

Zakir Zeynalov 

Milli Məclisin Hüquq Siyasəti Komissiyasının sədri Zakir Zeynalov da səlahiyyətləri başa çatmadan vəfat edən deputatlardandır. O, parlamentdə nüfuzlu və hörmətli deputatlardan sayılıb. Hüquq elmləri doktoru olan Z.Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü ildə öz iş otağında ürək tutmasından vəfat edib.

Şamil Qurbanov

Professor Ş.Qurbanov Milli Məclisin ikinci çağırış deputatı olub. Lakin o, deputat seçiləndən dörd il sonra, 2004-cü ildə ürəktutmasından dünyasını dəyişib.

İbrahim İsayev 

Milli Məclisin deputatı olmuş, “91-lər”dən biri İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd-Gədəbəy seçki dairəsindən deputat seçilmişdi. O, 2004-cü ildə dünyasını dəyişib. 

Hikmət Atayev

Milli Məclisin IV çağırış deputatı olan Hikmət Atayev 110 saylı Zaqatala seçki dairəsindən millət vəkili seçilib. Milli Məclisin sosial siyasət komitəsinin üzvü olmuş deputat 2013-cü ilin martında idarə etdiyi avtomobillə qəzaya uğrayıb və hadisə yerində dünyasını dəyişib.

Astan Şahverdiyev

Parlamentin III, IV və V-ci çağırış üzrə deputatı olub. O, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin Astan Şahverdiyev 3-cü deputatlıq dönəmini sona qədər başa vura bilməyib və 2018-ci ildə ürəktutmasından dünyasını dəyişib.

Fəttah Heydərov

Milli Məclisin bütün çağırışları üzrə deputatı olmuş Fəttah Heydərov həm də Azərbaycan Ağsaqqallar Şurasına sədrlik edib. 84 yaşlı Fəttah Heydərov VI çağırış üzrə millət vəkili seçildikdən cəmi altı ay sonra, 2020-ci ilin avqustunda dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri