30 
Mar
2023
12:08
14
208
2430
Virtual karabakh

Əhalinin at, eşşək XOFU: Ölən heyvanların cəsədləri utilizasiya edilir, yoxsa bizə yedirdilir? - AÇIQLAMA

30 Mar, 2023
12:08
2430

Əhalinin at, eşşək XOFU: Ölən heyvanların cəsədləri utilizasiya edilir, yoxsa bizə yedirdilir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə ölü at və eşşək ətlərinin satışa çıxarılmasına dair yayılan şayiələr cəmiyyətdə narahatlıq yaradıb. Hətta ötən həftə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində aparılan birgə əməliyyat zamanı vətəndaşlara at ətinin satılması aşkarlanıb.  

Rəsmi məlumatdan da görünür ki, bunlar heç də əsassız iddialar deyil. Təbii olaraq hər birimiz aldığımız ətin keyfiyyətinə şübhə duymağa başlayırıq.

Heç kimə sirr deyil ki, yol kənarlarında at və eşşək leşlərinə rast gəlinir. Onların hər birini maşın vurub? Əlbəttə ki, yox. O heyvan cəsədlərini oraya onların sahibləri gətirib atırlar.

Başqa bir məqam da var ki, heyvanlar öldükdə sahibləri cəsədlər çürüyənə qədər onu bir küncə atır, üstünü torpaqlayırlar, ya da yaxınlıqdakı çaya, dənizə atıb, canlarını qurtarırlar. Bunun törətdiyi fəsadlar isə onlara maraqlı deyil.

Belə olan halda suallar yaranır: Həmin şəxslərə qarşı hansısa hüquqi məsuliyyət nəzərdə tutulubmu? Görəsən, heyvandarlıqla məşğul olan sahibkarlar xəstə heyvanlarının, xüsusilə də at və eşşəklərin cəsədlərini necə utilizasiya edirlər? Bu prosesə nəzarət hansı formada həyata keçirilir? Hər kəsin riayət etməli olduğu bir prosedur qaydası var, yoxsa kim necə bacardı, elə də canını qurtara bilər?

Mövzu ilə əlaqədar AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə və ölmüş heyvanların utilizasiyası və məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş prosedur qaydası mövcuddur:

“Belə ki, “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”na əsasən, heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin götürülməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi və ya məhv edilməsi, emalı və ya təkrar emalı prosesi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Agentlik ilə razılaşdırılaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.

Yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə müvafiq qərar AQTA tərəfindən qəbul edilir. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükə törədən yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə həyata keçirilir. Mikrobioloji cəhətdən təhlükə törədən yüklər məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

Yükün məhv edilməsi (yandırılma, basdırılma) məhvedilmə barədə qərar qəbul etmiş agentlik mütəxəssislərinin iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilərək aktlaşdırılır.

Atlarda yüklərin götürülməsinə və məhv edilməsinə səbəb olan xəstəliklər epizootik limfangit, cütləşmə xəstəliyi, Afrika taunu, manqo, saqqodur. Yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsinə, emalına və təkrar emalına səbəb olan xəstəliklər isə yoluxucu ensefalomielitdir”.

Cavabda o da qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası”na əsasən, qeyri-sağlam məntəqədə xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilib müalicəyə cəlb edildikdən və ya müxtəlif üsullarla zərərsizləşdirildikdən sonra (öldürmə, yandırma və s.) onlar saxlanan bina, təcridxana, habelə orada olan avadanlıq və ləvazimatlar, xidmət əşyaları heyvanların (quşların) ifrazatları, eləcə də xəstəlik amili ilə təmasda olmasına şübhəli yerlər, ərazilər, ərazidə müxtəlif məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələri məcburi qaydada, baş vermiş xəstəliyə uyğun olaraq ona qarşı işlədilən dezinfeksiya maddələrinin biri ilə qrafik əsasında karantin tədbirləri başa çatanadək dezinfeksiya edilir:

“Torpağın zərərsizləşdirilməsi xəstəliyin təhlükəlilik dərəcəsindən asılı olaraq baş vermiş xəstəliyə uyğun həyata keçirilir. Xarici mühit amillərinə davamlı olan və spor formasına keçə bilən xəstəlik amillərinin (qarayara, emkar və s.) məhv edilməsi məqsədilə həmin xəstəliklərdən ölmüş və ya kəsilmiş heyvanların cəsədləri götürülüb zərərsizləşdirilməklə yanaşı, həmin yerin bitki örtüyü yandırılır və həmin əraziyə tərkibində 5% aktiv xlor olan əhəngdən və ya neytral hipoxlorid məhlulundan hər kvadratmetrə 10 litr olmaq şərtilə tökülür. Torpağın üst qatının (3-4 sm dərinliyində) dezinfeksiyasında yeyici natrium qələvisinin 10 faizli məhlulundan və s. dezinfeksiya vasitələrindən istifadə edilir.

Qeyd edilən xüsusla bağlı İnzibati Xətalar Məcəlləsinin 289.0.3-cü maddəsində məsuliyyət nəzərdə tutulub. Belə ki, həmin maddənin sanksiya hissəsində heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında agentliyə məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri