30 
Mar
2023
12:40
222
18
831
Virtual karabakh

Səhiyyə Nazirliyində İsveçrənin “Roche Diaqnostics” şirkətinin nümayəndələri ilə görüş keçirilib - FOTO

30 Mar, 2023
12:40
831

Səhiyyə Nazirliyində İsveçrənin “Roche Diaqnostics” şirkətinin nümayəndələri ilə görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkəti olan “Roche Diaqnostics” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycanla İsveçrə dost və tərəfdaş ölkələrdir.

Onun sözlərinə görə, Azərbaycan onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir:

“Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.

Öz çıxışında nazir ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğuladı. Onun sözlərinə görə, yüksək ixtisaslı həkimləri və ən müasir tibb müəssisələrini özündə birləşdirən İsveçrə səhiyyə sistemi dünyada nümunəvi model kimi tanınır. Həmçinin, İsveçrə əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.

Öz növbəsində “Roche Diagnostics” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qafqaz bölgəsi üzrə baş meneceri Cordi Fernandez və şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə rəhbəri Hasan Demirci Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladılar.

Bildirilib ki, “Roche Diagnostics” şirkəti xərçəng, ağır virus infeksiyaları, autoimmun iltihabi xəstəliklər, mərkəzi sinir sisteminin fəaliyyətinin pozğunluqları və maddələr mübadiləsinin müalicəsinə yönəlmiş biotexnoloji məhsulların aparıcı istehsalçısıdır.

İsveçrə şirkətinin nümayəndələri həmçinin bu sahədə öz təcrübələrini yerli mütəxəssislərlə bölüşməyə hazır olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri