Apr
2024
17:48
29
16
1330
Virtual karabakh

Sağlamlıq imkanları məhdud, əqli cəhətdən sağlam uşaqlar bağçalara necə qəbul olunurlar? - MÜSAHİBƏ

9 Apr, 2024
17:48
1330

Sağlamlıq imkanları məhdud, əqli cəhətdən sağlam uşaqlar bağçalara necə qəbul olunurlar? - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sağlamlıq imkanları məhdud uşaqlar psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı olmadan məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə qəbul edilə bilməzlər”.

Bunu Oxu.Az-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Xüsusi Təhsil Sektorunun müdiri Anar Xələfov deyib. Onunla müsahibəni təqdim edirik:

- Anar müəllim, sağlamlıq imkanları məhdud uşaqların bağçalara qəbul olunmadıqları iddia edilir. Əslində, durum necədir?

- Hazırda ölkəmizdə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq məktəbəqədər xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin xüsusi qruplarında təhsilə cəlb olunub.

- Övladında heç bir əqli problem olmayan, amma dayaq sistemindəki hər hansı problemlə bağlı gəzməyi, düz oturmağı bacarmayan uşaqlar üçün valideynlər istənilən bağçaya müraciət edə bilərlərmi?

- Təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən, sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsil müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanların nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına əsasən həyata keçirilir.

- Əgər bağça əqli cəhətdən heç bir problemi olmayan, amma sağlamlıq imkanları məhdud uşağı götürməkdən imtina edirsə, valideyn nə etməlidir?

- Məsələ belədir ki, sağlamlıq imkanları məhdud uşaqlar psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı olmadan məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə qəbul edilə bilməzlər.

Sağlamlıq imkanları məhdud uşağın təhsilə cəlb olunması üçün valideyn yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına müraciət etməlidir. Yalnız yerli təhsili idarəetmə orqanının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsi nəticəsində uşağın məhdudiyyətinin onun xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yarandığı öz təsdiqini tapdıqda ona sağlamlıq imkanlarının məhdudluğu statusu verilir və o, inklüziv sinifdə, xüsusi sinifdə, yaxud evdə xüsusi təhsilə cəlb olunur.

- Sırf sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan bağça və məktəbə əli çatmayan (yaşadığı ərazidə olmayan) valideynlər nə etməlidirlər? Bununla bağlı Elm və Təhsil Nazirliyinin hər hansı bir planı varmı?

- Bəli, var. MÜTDA-nın 2024-cü il üzrə illik fəaliyyət planına əsasən, xüsusi təhsil sektoru məktəbəqədər təhsil müəssisələrində pilot inklüziv qrupların təşkil olunması üçün layihə hazırlayır.

-  Bu məsələdə sırf Elm və Təhsil Nazirliyinin rastlaşdığı ən böyük problem nədir?

- Dayaq-hərəkət aparatında məhdudiyyəti olan əlilliyi olan uşaqların təhsil müəssisələrində maneəsiz təhsilə cəlb olunması üçün yalnız təhsil müəssisəsindəki deyil, bütün ictimai infrastruktur prosesin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Əlilliyi olan uşaq yaşadığı binanın liftinə, ictimai nəqliyyata əlil arabası ilə daxil ola bilmirsə, təhsil müəssisəsində yaradılmış xüsusi şərait uşağın inklüziv təhsilə cəlb olunmasını təmin edə bilməyəcək.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri