29 
Okt
2018
16:24
116
31
4630
Virtual karabakh

Güləş yığmamızın dünya çempionatındakı çıxışı - TƏHLİL

29 Okt, 2018
16:24
4630

Güləş yığmamızın dünya çempionatındakı çıxışı - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı başa çatdı.

Oxu.Az xəbər verir ki, güləş millimiz Mərkəzi Avropa ölkəsindən 5 medalla (1 qızıl, 2 gümüş və 2 bürünc) qayıtdı.

Yeganə qızıl medal yunan-Roma güləşində son Avropa çempionumuz Eldəniz Əzizliyə qismət oldu. Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov və qadınlardan Mariya Stadnik gümüş medal qazandı. Bürünc medal qazanan güləşçilərimiz isə qadınlarda İrina Netreba və yunan-Romada Rəsul Çunayev oldu.

Bu nəticə ilə millimiz ümumi sıralamada dörd ölkədən geri qaldı. Rusiya 13 medalla (10 qızıl, 1 gümüş və 2 bürünc) birinci yeri tutdu. Yaponiya və ABŞ isə müvafiq olaraq II və III sıralara sahib çıxdı. Azərbaycandan bir üst sırada isə Türkiyə qərarlaşdı. 9 medal qazanmış türklərdə 1 qızıl, 4 gümüş və 4 bürünc medal oldu.

Əslində ötən illə müqayisə etsək, nəticələrimiz yüksəlib. Belə ki, ötən ilin avqustun 21-dən 27-dək Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatında Azərbaycan cəmi 3 medal qazanmışdı. 61 kq-da Hacı Əliyev üçüncü dəfə dünya çempionu olmuş, Aslanbəy Alborov (97 kq) və Elvin Mürsəliyev (80 kq) bürünc medal qazanmışdı. Bu nəticə ilə yığmamız medal sıralamasında yalnız IX sıranı tuta bilmişdi. Hətta Gürcüstan və Ermənistan kimi qonşularımız 2 qızıl medal qazanmaqla yığmamızı qabaqlaya bilmişdi. Bu il isə Gürcüstan IX sırada, yalnız 2 bürünc medal qazanmış Ermənistan isə XXVI sıranı tutdu.

Güləş millilərimizi ayrı-ayrılıqda təhlil etsək, görərik ki, ötən il sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medalla daha yaxşı nəticə göstərmişdilər. Bu il Cəbrayıl Həsənovun qazandığı gümüş medal komandamıza 44 xal qazandırdı və IX sıranı tutduq. İlk üç sıra Rusiya, ABŞ və Gürcüstana qismət oldu. Ötən il 32 xalla V sıranı tutduğumuzu vurğulayaq.

Qadın güləşində qazandığımız 2 medalla 41 xal qazanıb X olduq. Ötən il isə komandamız bir medal belə qazanmamışdı. Yeri gəlmişkən, ilk üç sıra Yaponiya, Çin və ABŞ-a qismət oldu.

Yunan-Roma güləşində qazanılan 1 qızıl və 1 bürünc medal Azərbaycanı 60 xalla IV etdi. İlk üç sıra Rusiya, Macarıstan və Türkiyəyə qismət oldu. Bürünc kubokdan Azərbaycanı 15 xal ayırdı. Ötən il komandamız 22 xalla X sıranı tutmuşdu.

Xatırladaq ki, Azərbaycan millisi bu il Dağıstanda keçirilmiş Avropa çempionatında 18 medal qazanmışdı. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 9-u bürünc medal olmuşdu. Medal sayına görə Rusiyadan sonra II olsaq da, əyar baxımından Türkiyədən sonra III sıranı tutmuşduq. Həmçinin sərbəst güləş millimiz gümüş, yunan-Roma yığmamız isə sonda bürünc kuboka yiyələnmişdi. Qadın millimiz isə III yerdəki Türkiyədən 15 xal az toplayaraq yalnız IV ola bilmişdi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri