Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çunayev dünya üçüncüsü oldu – YENİLƏNİB
Rəsul Çunayev rusiyalı Əbuyezid Mantsiqovu 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, bununla da Azərbaycan millisi yunan-Roma güləşi üzrə iki medal (1 qızıl, 1 bürünc) qazanıb.
Ümumi hesabda isə 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) var.
20.52
Yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) dünya çempionu adını qazanıb.
Oxu.Az xəbər verir ki, o, dünya çempionatının finalında qırğızıstanlı Jolaman Şarşenbəyova 10:0 hesabı ilə qalib gəlib.
Qələbə üçün idmançımıza bir dəqiqədən az vaxt lazım olub.
20.18
Azərbaycan güləşçisi İslam Abbasov (87 kq) dünya çempionatının yarımfinalında ukraynalı Jan Belenyukla üzü-üzə gəlib.
Oxu.Az xəbər verir ki, idmançımız rəqibinə 1:5 hesabı ilə məğlub olub.
Sabah İ. Abbasov üçüncü yer uğrunda mübarizə aparacaq.
Bürünc mükafat uğrunda mübarizə aparmaq imkanını Kamran Məmmədov (67 kq) da qazanıb. Bunun üçün sabah o, təsəlliverici görüşdə qalib gəlməli və bununla da axşam proqramında iştirak etmək hüququ qazanmalıdır.
14.38
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı (DÇ) davam edir.
Oxu.Az xəbər verir ki, yarışın yeddinci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.
Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçi ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.
İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçi Karen Aslanyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz iki xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamranın növbəti mərhələdəki rəqibi ukraynalı olacaq.
Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. O, növbəti turda Yunanıstandan olan idmançı ilə qarşılaşacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər