Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur.
Oxu.Az xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, müxalifətdəki "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının keçmiş deputatı İlona Ekeş Mərkəzi Baş İstintaq Prokurorluğuna müraciət edib.
FİDES partiyasının açıqlamasında bildirilib ki, ərizədə Madyarın Macarıstan Cinayət Məcəlləsinin 367-ci (hədə-qorxu ilə tələb etmə) və 212/A (məişət zorakılığı) maddələrində nəzərdə tutulan cinayətləri törətməsinə dair əsaslı şübhələrin olduğu qeyd edilib. Müraciətə noyabrın 11-də icra hakimiyyətinin sui-istifadə halları ilə bağlı parlamentin istintaq komissiyasında çıxış edən Yudit Varqanın ifadələri, media məlumatları və digər materiallar əsas olub.
Ərizədə iddia olunur ki, 2023-cü ilin yanvarında Madyar həyat yoldaşının xəbəri olmadan evlərindəki söhbəti gizli şəkildə lentə alıb. KİV-in məlumatına görə, Varqa həmin söhbət zamanı ona Viktor Orban hökumətində baş vermiş bəzi qanun pozuntuları barədə danışıb. Həmin vaxt Varqa artıq boşanmaq qərarına gəlibmiş. Cütlüyün üç övladı var.
FİDES-in açıqlamasına əsasən, Madyar 2023-cü ilin yanvarından 2024-cü ilin martınadək həmin səs yazısından hədə-qorxu ilə tələb etmək məqsədilə istifadə edib.
Varqanın sözlərinə görə, səs yazısı ona heç vaxt göstərilməyib. Madyar boşanma prosesini davam etdirəcəyi, əmlakın bölüşdürülməsi və uşaqların qəyyumluğu ilə bağlı onun üçün əlverişsiz şərtlərlə razılaşmayacağı təqdirdə, səs yazısını yaymaqla, cinayət barədə şikayət edəcəyini, onun həbsinə nail olacağını və həyatını məhv edəcəyini deməklə hədələyib.
İlona Ekeş iddia edir ki, təhdidlər nəticəsində Varqa boşanma prosesini təxirə salmağa və özü üçün əlverişsiz şərtlərlə razılaşmağa məcbur olub. Bunun ona maddi ziyan vurduğu bildirilir.