25 
İyn
2021
15:36
79
19
4172
Virtual karabakh

Çingiz Hüseynzadə Olimpiada üçün proqnozunu açıqladı: “Bu dəfə əsas medal ümidimiz karateçilərdir” - MÜSAHİBƏ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə müsahibə verib.

Oxu.Az-ın əməkdaşının da iştirak etdiyi həmin müsahibəni təqdim edirik:

- Olimpiadaya bir ay qalıb. Lakin hələ lisenziyalar qazanıla bilər. Yekunda hansı nəticəni gözləyirsiniz və Tokioda hansı nəticə uğurlu hesab olunacaq?

- Lisenziyaların qazanılması, əlbəttə, davam edir. Bir neçə idman növündə vəsiqə ala bilərik. Bunlar atletika, ağırlıqqaldırma, üzgüçülük, triatlonda mümkündür. Nəticəyə gəlincə, bu Olimpiya Oyunları əvvəlkilərə bənzəmir. Əlbəttə, pandemiya şəraiti hazırlığa da, lisenziyaların sayına da, ümumiyyətlə bütün həyatımıza da təsir göstərir. Ona görə də bu həyatımızdakı yeganə və ilk mürəkkəb şəraitdə keçirilən Olimpiadadır və bir il təxirə salınıb. 2020-ci ildə namizəd olan bəzi idmançılar yaşlanıblar və yaxud ötən il yarışa gedə bilməyənlər bu dəfə iştirak edəcək. Bizim cüdo komandamızı götürək. Ötən il Olimpiada baş tutsaydı, 60 və 81 kq çəkidə idmançımız olmayacaqdı. Çünki reytinqləri aşağı idi. Bu il ərzində onlar reytinqlərini qaldırıb, Olimpiadaya düşdülər. Yaşlı idmançılar üçün çətin olacaq. Bir il də yaşlanıblar. Bizim başqa ölkələrin idmançılarının hazırlığı barədə məlumatımız yoxdur. Çünki yarışlar keçirilməyib. Çox az turnir olub. Məsələn, boksda bir turnir təşkil olunub. Lisenziya qazanan idmançıların durumu haqda məlumatımız yoxdur. Ona görə də bu Olimpiadada proqnoz vermək çox çətindir. Həmişə proqnozlar verərdim. Bu da kifayət qədər reallığa yaxın olurdu. Bu dəfə də əminəm ki, medallarımız olacaq, az olmayacaq. Müxtəlif əyarlı medallarımız olacaq. Çalışacağıq ki, bu il kəmiyyətdən çox, keyfiyyətə fikir verək.

- Hansı idman növündə idmançılar lisenziya sayında ümidləri doğrultdu, hansında yox?

- Hansı idman növünün nə qədər lisenziya qazanması ilə bağlı bizdə ənənə vardı. Çüdoçular planı artıqlaması ilə doldurdular. Bu dəfə 9 nəfərlə gedirlər. Güləşçilər isə 7 nəfərlə gedir, ötən dəfə isə 14 iştirakçı idi. Ona görə deyirəm ki, güləşdə çalışıb kəmiyyətlə deyil, keyfiyyətlə cavab verək, yəni bürünc və gümüşdənsə, qızıl medal qazanaq. Komandanın say baxımından az olması səbəbindən bunu deyirəm. Pandemiya çox şeyi dəyişdi.

- Dünən müsahibənizdə səkkiz medal gözlədiyinizi açıqlamısınız…
- Azı səkkiz real medalımız ola bilər. Bundan çox da ola bilər. Yeddi güləşçimizin hər birindən, cüdoçularımızdan medal gözləyirəm. Bu dəfə əsas ümidimiz karateçilərdir. Onlardan yaxşı nəticə gözləyirik. Boksdan, taekvondodan medala namizədlərimiz var. Komandada güclü idmançılar yer alıb. Rio Olimpiadası bizə nəyi öyrətdi? Səkkiz idmançımız finala çıxdı, ancaq onlardan cəmi biri qızıl medal qazana bildi. Halbuki onların hər biri qızıl medal ala bilərdi. Medal dedikdə onun əyarını müəyyənləşdirmək çox çətindir. Bu bir saniyədə, bir anda baş verən məsələdir. Ümumiyyətlə medala gəldikdə ümid edirəm ki, bu, kifayət qədər olacaq.

- Mətbuat konfransında rəsmi yolasalma mərasiminin keçirilməyəcəyini dediniz. Bəs idmançılar təxminən nə vaxt Yaponiyaya gedəcəklər?

- Bununla bağlı qrafik var. Məsələn, cüdoçular birinci yollanacaq. Yarışa bir həftə qalmış, Olimpiya kəndi açılanda onlar Tokioya gedəcək. Digər idmançılar öz vaxtında, yarış gününə iki gün qalmış ora yollanıb, uzağı iki gün sonra geri qayıtmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri