11 
May
2017
20:00
296
44
17907
Virtual karabakh

Batumidən sevgi ilə – FOTOREPORTAJ

Azərbaycanlı turistlərin yay aylarında ən çox üz tutduğu yerlərdən biri Gürcüstandır. Bu ölkədən yazmağı ilk növbədə qonaqpərvərlikdən başlamaq lazımdır. Yerli sakinlərin qayğısı sizi bütün səyahət boyu müşayiət edəcək. Bu qayğı səmimi və təsirlidir. Gürcülər azərbaycanlıları çox sevirlər və qonaqlara hər zaman şaddırlar, onları diqqət və qayğı ilə əhatə edirlər. Burada sizi lazımi yerə qədər ötürəcəklər, əlavə olaraq  yolüstü qısa ekskursiya da təşkil edəcəklər. İstənilən yerdə sizi ləziz yeməklərə və seçmə şərablara qonaq edəcəklər. Gürcüstanda darıxmaq? – Bunu təsəvvür etmək belə çətindir – sizin üçün hər zaman bayram əhvalı yaradacaq və gözəl musiqi və rəqslər hədiyyə edəcəklər.

Foto: Seymur Baxşev / Oxu.Az

Yuxarıda qeyd edildiyi kimi, Gürcüstanda azərbaycanlılara böyük sevgi ilə yanaşırlar. Təsadüfi deyil ki, 2016-cı ilin statistikasına əsasən, bu ölkəyə ən çox azərbaycanlılar səfər ediblər. Ötən il Gürcüstana 6 milyon 360 min 800 nəfər əcnəbi turist gəlib. Onlardan 1 milyon 523 min 75 nəfəri Azərbaycan vətəndaşı olub. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur. Azərbaycanın ardınca Ermənistan gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 1 milyon 496 min 246 nəfər olub. Üçüncü yerdə qərarlaşan Türkiyədən 1 milyon 254 min 089 nəfər Gürcüstanda olub. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur - müvafiq olaraq 1 milyon 037 min 564 və 172 min 631 nəfər.

Foto: Seymur Baxşev / Oxu.Az

Azərbaycanlı turistlərin ən çox səyahət etdiyi yerlərdən biri də Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəridir.

Bakıdan Batumiyə hava reysi yoxdur. Lakin təyyarə və ya avtobus ilə Tbilisiyə, sonra isə təxminən 5-6 saata Batumiyə çata bilərsiz.

Qara dənizin sahili ilə uzanan yol sizi Batumi şəhərinin mərkəzinə aparır. Yolboyu salınan yaşıllıq sahələri, heç bir divarla əhatəyə alınmamış çimərliklər insana xüsusi zövq verir.

Foto: Lenta.ge

Bir-birindən gözəl abidələr və heykəllər, qeyri-adi fəvvarələr – Batumini qısa müddətdə sevirsən, buraya laqeyd qalmaq mümkünsüzdür.

Foto: batumilife.ru

Gürcüstan mətbəxi barədə söhbət ayrıdır. Burada milli xörəklər ilə yanaşı, hər regionun öz mətbəxi var. Acar mətbəxi yeməklərin müxtəlifliyinə və dadına görə sözsüz liderdir. Buraya səyahət edənlər mütləq acar xaçapurisinin dadına baxmalıdırlar. Acar xaçapurisindən sonra yemək barədə 4-5 saat yaddan çıxarmaq olar.

Yerli mətbəxin dequstasiyası Acarıstana səyahətin ayrılmaz hissəsidir. Hərdən insanda elə təəssürat yaranır ki, daha heçnə yeyə bilməzsən, lakin dana ətindən ləziz lülə kababdan, abxazuri, borane, şampinyon göbələklərindən hazırlanmış xüsusi yeməklərdən doymaq olmur.

Acarıstanda ağ şəraba üstünlük verirlər. Ən çox içilən çinandali şərabıdır. Eyniadlı üzüm növündən hazırlanan çəhrayi quru çxaveri şərabı isə regionun ən məşhur içkisidir. Çxaveri üzümü yalnız Acarıstanın Kedski rayonunda yetişdirilir. Məhsul qış aylarında, şaxtalar düşəndə yığılır. Bu şərab heç bir ölkəyə ixrac olunmur. Acarıstanda bir ilə cəmi 20 ton çxaveri üzümü yığılır.

Foto: Seymur Baxşev / Oxu.Az

Acarıstana səyahət təkcə yemək və içməkdən ibarət deyil. Respublikada gəzməli yerlər çoxdur. Onların hamısını görmək üçün sizə heç iki həftə də bəs etməyəcək. 

Foto: Acarıstan turizm departamentliyi

Batumi ilə tanışlığı köhnə şəhərdən başlamaq lazımdır. Şəhərin tarixi hissəsini dəyişilməz saxladıqları üçün gürcülərə ayrıca alqış düşür. Son illərdə Batumidə hündürmərtəbəli binaların sayı artır, lakin onlar şəhərin ümumi görünüşünü dəyişmirlər. Batuminin tarixi hissəsi göydələnlərin arxasında qalır. Çox nadir yerlərdə müasir və tarixi dövrlərin belə harmonik birləşməsini izləmək olar.

Foto: Seymur Baxşev / Oxu.Az

Batumidə Bakı küçəsi

Foto: Seymur Baxşev / Oxu.Az

Köhnə şəhərdə gəzərkən mütləq Avropa meydanını ziyarət edin. Meydanın mərkəzində Kolxida hökmdarı, arqonavt Yasonun sevgilisi Medeyanın “qızıl qoyun dərisi” ilə heykəli qoyulub. Əfsanəyə əsasən, Yasona vurulan Medeya ona “qızıl qoyun dərisi”nə sahib çıxmağa kömək edib. Abidədə sevgililərin qaçdığı gəmi də təsvir olunub.

Foto: vartumashvili.livejournal.com

Batuminin mərkəzində “Möcüzələr parkı” yerləşir. Turistləri buraya “Əli və Nino”nun heykəli, “Şeytan” çarxı və “Əlifba” qülləsi cəlb edir (konstruksiyanın perimetri üzrə gürcü əlifbasının hərfləri yazılıb). 

Foto: Seymur Baxşev / Oxu.Az

Mayak

Foto: Seymur Baxşev / Oxu.Az

Nikah evi

Qonaqların ən çox sevdiyi məkanlardan biri də “çaça” qülləsidir. İyun ayından sentyabra qədər hər gün axşam saat altıda burada dörd krandan çaça axır. Aksiya on dəqiqə davam etsə də, hər kəs bu içkinin dadına baxa bilir.

Foto: Seymur Baxşev / Oxu.Az

Dənizkənarı bulvarın ən möhtəşəm abidələrindən biri də “Əli və Nino”nun heykəlidir.

Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən “Əli və Nino” romanından ilhamlanaraq yaradılıb. Abidənin müəllifi heykəltəraş Tamar Kvesitadzedir.

Əli və Ninonun sevgi hekayəsini sizə hər bir batumiyalı danışacaq. Müsəlman Əli və xristian Ninonun metal fiqurları hərəkət edir. Mexanizm elə qurulub ki, heykəllər hər gün səhər saat yeddidə hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər, xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır və bütün proses kompüter texnologiyalarının köməyi ilə idarə olunur.

Piatsa – Gürcüstanın ən gözəl meydanlarından biridir. Tikintisi 2010-cu ildə yekunlaşıb. Burada hotel, restoran və kafelər fəaliyyət göstərir, turistlər üçün canlı musiqi, konsert proqramları təşkil olunur. Plasido Dominqo, Stinq, Meysi Qrey və Tamara Qverdçiteli kimi məşhurlar burada konsert veriblər.

Foto: Seymur Baxşev / Oxu.Az

Delfinari

Qara dəniz sahilində keçmiş Sovet İttifaqının ilk delfinarisi yerləşir. 1975-ci ildən buraya dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Delfinariyə giriş 15 laridir ( 10 manat). Delfin şousu açıq səma altında keçirilir. Tamaşaçılar zalı amfiteatrı xatırladır. Yay aylarında delfin şousuna maraq çox olduğundan, biletləri əvvəlcədən əldə etmək məsləhət görülür. Şou üç dildə keçirilir: gürcü, rus və ingilis. Delfinlər öz təbəssümü və məharəti ilə sizdə əsl uşaq sevinci və xoşbəxtliyi oyadacaq. Delfin şousu unudulmaz xatirələr və müsbət əhval-ruhiyyənin zəmanətidir.

Foto: Seymur Baxşev / Oxu.Az

Batuminin ətrafında da gəzməli yerlərin sayı bitmir. Misal üçün Botanika bağı və Qonio qalası.

Batumi Botanika bağı – dünyanın ən iri botanika bağlarından biridir. Faunanın ən nadir və gözəl nümayəndələrinin toplandığı bu yer hər kəsin zövqünə oxşayacaq. 1880-cı ildə rusiyalı alim Andrey Krasnov tərəfindən salınan Botanika bağı qonaqlar üçün qapılarını 1912-ci ildə açıb.

Botanika bağı 21 hissəyə bölünür. Vaxtınıza qənaət etməyin və hər zonanı ayrıca gəzin, çünki onların hər biri müxtəlif gözəlliyə malikdir. Sahəsi 110 hektar olan bağda beş mindən çox bitki növü var: yapon sakurası, maqnoliya, ekvalipt, müxtəlif növ kaktuslar, bambuklar, palmalar, kiparislər  və sairə. Botanika bağında hətta dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır. Botanika bağı Acarıstanda turistlərin ən çox üstünlük verdiyi yerlərdən biridir. Bağa giriş bileti 8 lari (5,5 manat), bələdçi ilə isə 30 lari (21 manat) təşkil edir.

Foto: Seymur Baxşev / Oxu.Az

Qonio qalası

Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio (Apsar) qalasının ərazisi 5 hektara yaxındır. Bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olub.

Orta əsrlərdə qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil edilib. XIV əsrdə burada Gürcü knyazlığı yaradılıb.

Divarların ümumi uzunluğu 900 metrdir. Qalanın dörd giriş-çıxışı olsa da, hazırda onlardan yalnız biri (qərb) fəaliyyət göstərir. 1994-cü ildə Gürcüstan hökuməti qalanın tarixi və mədəni əhəmiyyətini nəzərə alaraq onu muzey-qoruq kimi elan edib.

Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılıb.

Foto: Seymur Baxşev / Oxu.Az

Qonio qalasında fəaliyyət göstərən muzeyin ən maraqlı yerlərindən biri saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim Yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır.

Foto: Seymur Baxşev / Oxu.Az

Batumidən 30 kilometr aralıda Tamara körpüsü və Maxunçeti şəlaləsi yerləşir.

Ümumilikdə Acariyada 25 tağlı körpü qalıb, Tamara körpüsü onlardan ən böyüyüdür. Adjariçxali çayının üzərində qaya daşlarından tikilən körpü konstruksiyasının dəqiqliyi və sıxlığı ilə heyran edir. Körpünün təxminən 900 il bundan əvvəl inşa edildiyi ehtimal olunur. Tamara körpüsü Gürcüstan mühəndisliyinin möhtəşəm nümunəsidir.

Foto: kray-zemli.com

Maxunçeti şəlaləsi

Foto: Seymur Baxşev / Oxu.Az

Çiçinatela atraksionlar parkı

Foto: Seymur Baxşev / Oxu.Az

Musiqili park

Dünya şöhrətli ulduzların konsert verdiyi  “Black Sea Arena”nın qarşısında bəstəkarlar parkı yerləşir. Parkda məşhur gürcü bəstəkarların heykəlləri ucaldılıb. Heykələ yaxınlaşdıqda isə mexanizm işə düşür və həmin bəstəkarın sənət əsərləri səslənir. Bundan əlavə parkda maraqlı formada yonulmuş ağac kötükləri var.

Foto: Seymur Baxşev / Oxu.Az

Acarıstanın bütün gözəllikləri barədə yazmaq qeyri-mümkündür. Əgər siz buralarda olmamısınızsa, çox şey itirmisiniz. Batumi səyahət etmək üçün ən ideal şəhərlərdən biridir. 

Seymur Baxşev
www.oxu.az

Digər Turizm xəbərləri