13 
Dek
2017
11:12
115
36
1784
Virtual karabakh

Heydər Əliyev Beynəlxalq Aeroportu 25 faiz çox sərnişinə xidmət göstərib

13 Dek, 2017
11:12
1784

Heydər Əliyev Beynəlxalq Aeroportu 25 faiz çox sərnişinə xidmət göstərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-noyabr ayları ərzində 3,75 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 25 faizdən çox artıb.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2,1 milyon sərnişin düşüb ki, bunun da 545 min nəfəri daxili reyslərlə daşınıb.

Hesabat dövründə 2017-ci ilin sentyabrından uçuşlar yerinə yetirməyə başlayan ilk milli lou-koster “Buta Airways” 55 min sərnişinə xidmət göstərib.

Sərnişin dövriyyəsinin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 43 faizi AZAL-ın və “Buta Airways”in, 57 faizi xarici aviadaşıyıcıların payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,31 milyon sərnişin bu istiqamətlərə uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.

www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri