12 
İyn
2020
14:48
28
88
2428
Virtual karabakh

AZAL Aviaşirkəti “Skytrax” reytinqində yüksək statusunu bir daha təsdiqlədi

12 İyn, 2020
14:48
2428

AZAL Aviaşirkəti “Skytrax” reytinqində yüksək statusunu bir daha təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aviaşirkətlərin və hava limanlarının xidmət keyfiyyətinin aparıcı qiymətləndiricisi olan Britaniyanın “Skytrax” agentliyi, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xidmət keyfiyyətini bir daha yüksək qiymətləndirərək, onu “dördulduzlu aviaşirkət” nüfuzlu statusuna layiq görüb. 

“Azərbaycan Hava Yolları” bu nüfuzlu statusa ilk dəfə 2015-ci ildə layiq görülüb və o vaxtdan həmin statusu qoruyub saxlamaqdadır.  

“Skytrax” ekspertləri tərəfindən aparılmış auditin nəticələrinə əsasən, uçuşlar zamanı rahatlıq və xidmət keyfiyyəti baxımından “Azərbaycan Hava Yolları” qlobal aviasiya bazarında tanınan lider aviaşirkətlərlə eyni səviyyədə qiymətləndirilir.

AZAL-ın  prezidenti Cahangir Əsgərov söyləyib:

“Aviaşirkət xidmətlərinin auditi sahəsində bu cür nüfuzlu təşkilat - “Skytrax” tərəfindən fəaliyyətimiz növbəti dəfə yüksək qiymətləndirildiyi üçün hədsiz dərəcədə qürur hissi duyuruq.

Bu mühüm nailiyyət və beynəlxalq arenada nüfuzumuzun daha da yüksəlməsi “Azərbaycan Hava Yolları”nın vahid komandasının gərgin əməyinin nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini ayrıca qeyd etmək istərdim.

Dövlət başçısının bilavasitə qayğısı və dəstəyi sayəsində AZAL inanılmaz uğurlara imza atmış və növbəti dəfə yüksək nəticələr əldə etməyə nail olub. COVID-19 pandemiyası səbəbindən ümumdünya hava daşımaları sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq, müntəzəm uçuşlar yenidən bərpa olunduqdan sonra sərnişinlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi və uçuşların təhlükəsizliyi əvvəlki kimi prioritet məqsədlərimizdən biri olaraq qalacaq”.  

“Skytrax” şirkətinin direktoru Edvard Pleysted 4 ulduz mükafatına layiq görülmüş “Azərbaycan Hava Yolları” haqqında bəhs edərkən qeyd edib:

“Azərbaycan Hava Yolları” aviaşirkəti artıq beşinci ildir ki “Dördulduzlu aviaşirkət” reytinqini təsdiq edir. Bu, aviaşirkətin bütün xidmət siniflərində, hava gəmisinin göyərtəsində, eləcə də hava limanları ərazisində  xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasında öz əksini tapır. “Azərbaycan Hava Yolları” yalnız 2019-cu ildə deyil, həmçinin 2020-ci ildə də bu sahədə böyük nailiyyətlər əldə edib”.

“Skytrax” tərəfindən aparılan audit zamanı sərnişinlərə göstərilən xidmətlərin səviyyəsi ilə yanaşı, həmçinin təyyarə salonunun vəziyyəti, quruluşu və təmizliyi, təyyarədəki əyləncələr, ekipajın geyim forması, sərnişinlərə münasibət və işin səmərəliliyi yoxlanılıb. Yoxlamanı həyata keçirən şəxslər həmçinin “duty free” mağazalarının xidmət səviyyəsinə, bort jurnalının məzmununa,  təyyarə yeməklərinin keyfiyyətinə, oturacaqların rahatlığına və digər məqamlara diqqət yetiriblər. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, “Skytrax” tərəfindən aparılmış auditin nəticələrinə görə, “Azərbaycan Hava Yolları”nın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin may ayında beş milyon nəfərədək illik sərnişin axını olan dünyanın hava limanları sırasında ən yaxşı hava limanı seçilib. Xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub. 

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards” versiyasına əsasən dörd il ardıcıl olaraq  bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri