İyl
2022
10:33
164
13
1998
Virtual karabakh

Qazaxıstan güclü iqtisadiyyata malik böyük, qonşu və qardaş ölkədir - FOTO

1 İyl, 2022
10:33
1998

Qazaxıstan güclü iqtisadiyyata malik böyük, qonşu və qardaş ölkədir - FOTO

Şakir Eminbəyli yazır...

Gəlin sizə daha bir türk dövlətinə qısamüddətli və maraqlı səyahətimdən söhbət açım. Deməyə də utanıram, amma Xəzərin o tayında yerləşən dost-qardaş Qazaxıstana ilk səfərim idi.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə Qazaxıstanda Azərbaycan Ticarət Evi yaradılıb. Bu qurum təkcə Azərbaycan məhsullarının qonşu ölkədə tanıtımı ilə deyil, paralel olaraq ölkəmiz adına çoxsaylı müxtəlif humanitar, o cümlədən də mədəni və sosial layihələri gerçəkləşdirir. 

Qazaxıstana səfər təklifi də məhz elə bu təşkilatın qurucusu və rəhbəri, illər boyu dostluq etdiyim Rəhim Sultanovdan gəldi. Zərrə qədər düşünmədən, cavabım  “gedək” oldu. 

45 dəqiqəlik uçuş. Sən demə Azərbaycan və Qazaxıstan torpağını cəmi bir futbol hissəsi ayırırmış. Paytaxt Nur-Sultana birbaşa uçuş olmadığından səfərimiz Aktau şəhərindən başladı.  

Xəzərin o biri sahilində yerləşən, təbii sərvətləri ilə Qazaxıstan iqtisadiyyatına öz dəyərli töhfəsini verən Aktau ilk növbədə geniş küçələri ilə bərabər, yaşıllığın yoxluğu ilə diqqətimi cəlb etdi... Burada yaşıllığa rast gəlmək əsl təbiət möcüzəsi sayılır. Yəni, ən yaxşı halda ağackimilər fəsiləsindən kol-kosa rast gələ bilərsiniz. Toz burulğanı isə adi təbiət hadisəsidir. Yaxşı ki, elə gecə reysi ilə paytaxta gedəcəkdik. Bu səbəbdən də amansız iqlim şəraitinə müəyyən zaman kəsiyində dözmək olardı...

Ucsuz bucaqsız Qazaxıstanın bir başından, o biri başına uçuş təxminən Bakıdan İstanbula qədər  zaman tələb edir. Səfərimiz həm ziyarət, həm ticarət olsun deyə Ticarət Evimizdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət kiçik sərgi təşkil etmək qərarına hələ Bakıda gəlmişdik. “Art Zone” Simpoziumunun daimi iştirakçıları Rafail Aliyev, İlqar Tahiri, Azər Əliyev, Məmmədhüseyn Hüseynov, Anar Hüseynzadə,  Röya Həsənova, Elşən Qaraca, Azər Əliyev və Adil Yusifin işlərini də qoltuğumuza vurub ziyarətimizi qardaş qazaxları incəsənətimizlə tanış etmək, həm də bu sahədəki  boşluğu doldurmaq qərarına gəlmişdik. Özbəkistan təcrübəsindən yaranan ideyaları Qazaxıstanda tətbiq etmək, ölkəmizin incəsənət nümunələri ilə türk xalqlarını da tanış etmək, ilk növbədə zəngin mədəniyyətimizin təbliği deməkdir.  

Türk dünyasının ağsaqqallarından biri sayılan, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev siyasi səhnədə görünməsə də, adını daşıyan paytaxt Nur-Sultan sözün hər mənasında nur saçır. Mübaliğəsiz deyə bilərəm ki, uzaqgörən tarixi şəxsiyyət saydığım Nazarbayev çölün düzündə müasir insan məskəni salmağa nail olub. Bütün dövlət orqanları, məmur və iş adamlarının cəmləşdiyi bu şəhər İşim çayının sağ və sol sahillərdən ibarətdir. Əvvəllər Akmolinsk, Seliniqrad, Akmola, nəhayət Astana adlanan yaşayış məskənləri məhz elə sağ sahildə qərar tutmuşdu.

Dizaynı dünyanın aparıcı memarları və studiyaları tərəfindən verilmiş “hi-tech” binaların sol sahildə ucaldığı Yeni Astana - Nur-Sultan əslində dünyanın tipik iqtisadi şəhərlərini xatırladır. Şəhər sıfırdan inşa olunduğuna görə geniş prospektlər, küçələr və meydanlardan ibarətdir. Binalara adda-budda milli ornamentlərlə bəzədilsə də, əslində özünəməxsusluğu ilə fərqlənmir. Ruhu yoxdur, təbii ki, mənə görə.

Amma, Aktaudan fərqli olaraq sərt iqlim şəraitinə rəğmən yaşıllığın bolluğu ilə gözümü oxşadı paytaxt Nur-Sultan. Burada əkilən yüz minlərlə ağac artıq boy atıb və yerli sakinlərin söylədiyi kimi, bəlli zaman kəsiyində şəhərdə iqlim dəyişikliyinə gətirib çıxarıb. Sözün yaxşı mənasında..

Azərbaycan Ticarət Evi paytaxtın tam göbəyində, Prezident iqamətgahının ətrafında yerləşir. Ticari təmsilçiliyimiz ilə yanaşı, divar-divara fəaliyyət göstərən “Dolma” restoranı istər yerli, istərsə də burada yaşayan azərbaycanlıların doğma evinə çevrilib. 

Sərgimizi hər kəsin tanıdığı Ticarət Evində keçirməyə qərar vermişdik. 

Azərbaycanın Qazaxıstandakı diplomatik korpus nümayəndələrinin, yerli iş adamlarının, eləcə də həmin günlər Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan biznes nümayəndələrinin iştirakı ilə improvizə olunmuş açılışda sərgilənən əsərlər və onların müəllifləri haqqında ətraflı məlumat verildi. 

Mədəniyyətin ən önəmli sahələrindən biri sayılan təsviri sənət dünyanın heç bir yerində kütləvilik xarakteri daşımır.

Onun öz auditoriyası, öz izləyicisi var. İstər Paris olsun, istər Berlin, Nyu-York, İstanbul, Tokio, fərq eləməz, hər yerdə, hər şeyin öz bazı, öz xiridarı mövcuddur. Parisə getdiyimizdə baş çəkmək istədiyimiz əsas məkanlardan biri, məşhur Luvr muzeyi, Moskvada “Большой театр” hər şeydən xəbər verir! Bəlkə də gördüyümüz rəsmin, dinlədiyimiz musiqinin dərinliyindən ciddi anlayışımız yoxdur, amma mədəniyyətlə təmas içimizdə kök salmış mənəvi qidadır. Nə vaxt və necə kök atıb, bilmirik. Bizdən asılı deyil. Fərqində olmadan, azca da olsa gözümüz və qulağımız zövq alır, dincəlir, insan “qurdunu öldürür”.

Rəsm əsəri dollar deyil ki, hər kəsin könlünü oxşasın. Amma, hər hansı əmtəəyə maraq ilk növbədə maarifçilikdən başlayır. Məqsədimiz ölkəmizin tarixini, mədəniyyətimizi daha da dolğun və düzgün təbliğ etmək üçün müxtəlif alətlərdən istifadə etməklə istəyimizə nail olmaqdan ibarətdir. Təsviri sənətin də ilk baxışdan görünməyən gücü məhz budur! 

Səfər müddətində yalnız arzu etdiyim ölkə ilə deyil, həm də Qazaxıstanın başlıca sərvəti sayılan insanları ilə də tanışlıq imkanı qazandım. 

Nur-Sultanda çox populyar rəssam, sənətşünas, pedaqoq, saysız-hesabsız sərgilərin, simpoziumların peşəkar təşkilatçısı və nəhayət, gözəl insan kimi tanınan Leyla xanım Mahat ilə səmimi və işgüzar münasibət yarandı. Nəticədə, yaxın zamanda bu kiçik başlanğıcı daha böyük sərgi salonlarına daşımaq, mədəniyyətimizi, incəsənət nümunələrimizi daha geniş auditoriya qarşısında nümayiş etdirmək fikri ortaya çıxdı.

Qazaxıstan güclü iqtisadiyyata malik böyük, qonşu və qardaş ölkədir. Türk dünyasının ayrılmaz bir parçasıdır. Dünyanın siyasi və iqtisadi xəritəsi, güc mərkəzləri sürətlə dəyişir. 

Biz öz coğrafiyamızda dəyişən dünyanı daima təqib etməyi bacarmalıyıq - daha da güclü, daha da iddialı olmaq üçün.

Hər bir uğur atılan ilk və kiçik addımlardan başlayır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri