13 
Avq
2022
21:40
433
32
2974
Virtual karabakh

Basqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaq

13 Avq, 2022
21:40
2974

Basqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaq

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Ötən gün Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Oxu.Az xəbər verir ki, bu gün isə Turizm Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna mediaturu təşkil edilib.

Qoruqları İdarə Mərkəzinin sədrinin Mədəni irs məsələləri üzrə müşaviri Elşən Mustafayev jurnalistlərə bildirib ki, Basqal orta əsrlərdə salınmış Azərbaycan şəhəridir:

“Burada məhəllərinin adları o məhəllədə yaşayan sakinlərin peşəsi ilə əlaqəlidir. Bura Dəmirçi məhəlləsidir və buranın sakinləri dəmirçiliklə məşğul olublar. Bu peşə indi də aktualdır. Daha çox məişətdə istifadə edilən alətlər, maşa, oraq, bel, at nalı, yaba və s. hazırlanır. Burada kürəbənd kanalizasiya sistemi var ki, 12-13-cü əsrdən etibarən ərazidə mövcuddur. Şirvan ərazisində zəlzələ çox olduğu üçün burada kətil deyilən qoruyucu bəndlər və ya seysmik qurşaq var.

Ərazidə Kimgə deyilən kiçik meydan var. Dəmirçi bazarın düz mərkəzində yerləşir. İnsanlar burada toplaşıb istirahət edirdilər. Meydanlarda dambulu adlandırılan su bulaqları var”.

Məhəllədə gəzərkən evlərin künclərinin oval olması diqqət çəkdi. Bildirildi ki, buna səbəb nəqliyyat vasitələrinin dalanlarda rahat hərəkətinin təmin edilməsidir.

E.Mustafayev qeyd edib ki, məhəllədəki çay daşlarının yarısı restavrasiya edilib.

Basqal sakinlərinin yarısı ipəkçiliklə məşğul olub. 1930-cu illərdəki repressiya dövründə bu binanın zirzəmisindən dustaqxana kimi istifadə edilib.

Basqalda qapıları döymək üçün alətlər xanım və bəylər üçün ayrı-ayrı formadadır. Təkqülbab adlanan qapı döyməcləri var. Səs fərqindən ev sahibi qonağın kişi və yaxud da qadın olduğunu bilir. Ona müvafiq olaraq qonaq xanımdırsa qapını xanım açır, kişidirsə kişi. Bu da o vaxtın adət-ənənəsinə, ədəb-ərkan qaydasına əsaslanır.

Ərazidə 16-17-ci əsrə aid Qoşabulaq var. Zəlzələ nəticəsində bu bulaq zədələnib. 1923-cü ildə bu bulaqda təmir-bərpa işləri aparılıb.

İkinci Dünya Müharibəsində partizan kimi fəaliyyət göstərən Məmməd Bağırov İtaliya prezidenti ilə dostluq edib. Ulu öndərin İtaliyaya səfəri zamanı isə onunla gedərək tərcüməçilik edib. O, məhz bu evdə yaşayıb. Bu bina toskana üslubunda tikilib. Bu, Basqalda yeganə fərqli üslubda tikilən evdir.

Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə mərkəzinin sektor müdürü, memar Müslüm İmranlı açıqlamasında bildirib ki, Basqal Tarix Dövlət Memarlıq Qoruğunun köhnə binası yararsız halda olduğu üçün yenidən tikilib:

“Tikilinin aşağı hissəsi Turizm Məlumat Mərkəzi kimi, yuxarı hissə isə qoruq işçiləri üçün inzibati otaqlar kimi nəzərdə tutulub. Ümumilikdə tikilinin əsas istinadı Yuxarı Şirvan memarlıq üslubuna dayanır”.

Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov bildirib ki, 2018-ci ildə ölkə başçısının sərəncamı ilə Basqal Dövlət Qoruğunun yenidənqurma işlərinə start verilib:

“İlk olaraq Agentliyinin Dövlət Qoruqların idarəetmə mərkəzinin, həm mədəni irs, həm də memarlıq şöbələri araşdırmalara başlayıb. Basqal qəsəbəsi 50 ha ərazidə yerləşir. Əsas məqsədimiz burada Turizm infrastrukturunun yaradılmasıdır. Bakı-İsmayıllı magistralından kəndə 4 km məsafədə asfalt yol çəkilib. 50 maşınlıq dayanacaq, Turizm məlumat mərkəzi yaradılıb. Basqal qəsəbəsində iki tarixi küçə təmir olunub, turistlərin ixtiyarına verilib. Küçələrdə kommunikasiya xətlərinin yaradılması, binaların yenidən qurulmasına diqqət edilib. Kommunikasiya xətlərinin qurulması kənd şəraitinə uyğunlaşdırılıb. Qeyd edək ki, qaz xətləri yerin altı ilə aparılıb.

Buradakı hamam Baskal Hamam muzeyi kimi hazırlanıb və turistlərin istifadəsinə verilib. Məsciddə isə yenidənqurma işləri davam etdirilir. Hələ ki, nəzərdə tutulan işlərin 50 faizi görülüb. Aparılan işlərin sferası daha da böyüdükcə, Basqal tam bərpa olunduqdan sonra bu proseslər yaxın kəndlərdə də dinamikanın yaranmasına təsir edəcək. Məqsəd Basqalı təmir etməklə yanaşı onun ruhunu özünə qaytarmaqdır”.

Qeyd edilib ki, Şeyx Məhəmməd məscidinin kitabəsi rəqəmsal olaraq bərpa edilib. Qazıntılar nəticəsində məscidin kitabəsi aşkar edilib. Dünyada unikal kitabədir. Kitabədə Pir çinarın 1563-cü ildə əkilməsi ilə bağlı məlumat var. Məscidin bərpası zamanı alt qatlarında daha qədim, 10-cu əsrə aid tikililər aşkarlanıb. Qazıntılar sübut edir ki Basqal ərazisində 10-cu əsrdən yaşayış olub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri