16 
Noy
2018
15:10
34
186
7878
Virtual karabakh

Ermənistanda taxt-tac davası və Qarabağ məsələsi - ŞƏRH

16 Noy, 2018
15:10
7878

Ermənistanda taxt-tac davası və Qarabağ məsələsi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci il 9 dekabrda Ermənistanda keçiriləcək prezident seçkiləri ərəfəsində Ermənistan Respublika Partiyası (ERP) və “Mənim yolum” bloku arasında fraksiyalararası koalisiyanın yaradılması ilə bağlı yaranmış vəziyyət tamamilə məntiqə uyğundur. 

Bu alyansın yaranmasına hakim partiya ilə birləşməsə, Ermənistanın siyasi meydanından itmək təhlükəsi ilə üz-üzə qalmış ERP daha çox maraqlıdır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi icmalçı Denis Korkodinov səsləndirib.

Onun sözlərinə görə, bu koalisiyanın yaranma ehtimalı rəsmi Yerevanın kuluarlarında çoxdan müzakirə mövzusuna çevrilib.

“Danışıqlar prosesinin kulminasiya nöqtəsi ERP-nin lideri Serj Sarqsyanın 11 noyabrda partiyanın iclasında verdiyi bəyanat oldu. Ermənistanın eks-prezidenti bildirdi ki, əgər hakimiyyət ölkə üçün səmərəli addımlar atarsa, ERP Nikol Paşinyanın bloku ilə konstruktiv dialoqa hazırdır.

Serj Sarqsyanın fikrincə, alyans yaratmaqda əsas amil Ermənistanın ümummilli problemləri  olacaq. Sarqsyan hesab edir ki, rəqabət aparan tərəflər Ermənistan cəmiyyətinin bütün aspektləri üzrə antaqonik mövqedə dayanırlar”, - deyə müsahibimiz bildirib.

Korkodinov qeyd edib ki, hazırda erməni icmasını düşündürən ümumi aktual problem qaynar müzakirələrin obyekti olan Dağlıq Qarabağdır.

“Serj Sarqsyan Qarabağ klanının sadiq davamçısı olaraq mövcud statusun saxlanılmasının tərəfdarıdır, halbuki Paşinyanın administrasiyası beynəlxalq güzəştlər almaq üçün bu ərazinin statusu məsələsi ilə ticarət etməyə hazırdır. Əgər partiya liderləri ümumi fikrə gələ bilsələr, onların yaradacağı koalisiya uzunömürlü və səmərəli struktura çevrilə bilər”, - deyə politoloq  söyləyib.

Ekspertin fikrincə, bu birləşmə bərabərhüquqlu olmayacaq. Belə ki, Paşinyanın bloku Sarqsyanın partiyasını bütövlükdə “udmağı” hədəfləyir.

“Siyasi qüvvələrin birləşdirilməsi prosesi Serj Sarqsyanın hakimiyyətə gəlməsi üçün son şansdır. “Məxməri inqilab”dan sonra onun siyasi gələcəyi çox bədbin görünür. O, praktiki olaraq bütün maliyyə mənbələrini itirdi, xalqın ona olan inamı isə tamamilə itdi. Bu şərtlər altında eks-prezident özünü xatırlatmaq üçün istənilən imkandan yapışmağa hazırdır”, - deyə Korkodinov qeyd edib.

Onun sözlərinə görə, koalisiyanın yaradılması ERP-nin daxilində siyasi baxışların dəyişilməsini tələb edir.

“Başqa sözlə desək, Serj Sarqsyanın partiyasından siyasi reallığa tabe olmaq tələb olunur. Bu Qarabağ problemində də bəzi güzəştlərin edilməsinə gətirib çıxaracaq. Serj Sarqsyan özünün dediyi kimi, Dağlıq Qarabağ məsələsində fikir ayrılığı yaşanarsa, daşı-daş üstdə qoymamaq imkanına malik olmayacaq. O, Nikol Paşinyanın “çaldığı havaya oynamaq” məcburiyyətində qalacaq. Əks halda onun koalisiya istəyi cavabsız qalacaq.

Şərtlər isə belədir.

1. ABŞ və bir sıra beynəlxalq tərəfdaşların dəstəyini almaq üçün rəsmi Yerevan Dağlıq Qarabağın statusu məsələsini alış-veriş mənbəyinə çevirəcək. Bu ticarət amerikalı sülhməramlıların münaqişə zonasına gəlməsi və orada Şimali Atlantika Alyansının dayaq nöqtələrinin yaradılmasını nəzərdə tuta bilər.

2. Ermənistana beynəlxalq ictimaiyyətin təzyiqi altında Dağlıq Qarabağ ətrafındakı bəzi rayonların Azərbaycana qaytarılması məsələsi yenidən gündəmə gələ bilər.

3. Rusiya hərbi qüvvələrinin Ermənistanda qalmasına dair müzakirələr aparıla, bu qüvvələrin ABŞ-ın rəhbərliyi altında beynəlxalq qüvvələrlə əvəz olunması təklifi səslənə bilər.

Böyük ehtimalla, ERP-nin Nikol Paşinyanın bloku ilə koalisiyaya girə bilməsi üçün bu şərtlər əsas rol oynaya bilər.

Lakin hazırda tərəflərin bu maddələr üzrə razılığa gəldiyini deməyə əsas yoxdur. Mübahisəli məsələlərin müzakirəsi hələ davam edir və parlament seçkilərinə qədər başa çatacağını hesab etmirəm”, - deyə politoloq bildirib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri