Fev
2020
11:32
29
137
7183
Virtual karabakh

Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA

3 Fev, 2020
11:32
7183

Azərbaycanlı mütəxəssisdən Ermənistanın öyündüyü qırıcı ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Rusiyadan əldə etdiyi Su-30 nəslindən olan qırıcı təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya uğraması barədə bu günə kimi iyirmidən artıq statistik məlumat var”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hava hücumu təhdidlərinə qarşı Hərbi Hava Qüvvələrinin (HHQ) qabiliyyətlərinin hesablanması üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Oqtay Bədəlov bildirib.

Onun sözlərinə görə, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından başqa, onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir.

“Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib.

Müasir dünyada baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30-ların istismarı da çox baha başa gəlir. Belə ki, qırıcının bir saat uçuşuna sərf olunan məbləğ təqribən 50.000 ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin mart ayından “Hindistan Aeronautics” şirkəti tərəfindən bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar verməsinə səbəb olub”, - deyə O.Bədəlov qeyd edib.

O digər fakta da diqqət çəkərək bildirib ki, Malayziya HHQ-nin də silahlanmasında 28 ədəd Su-30-dan yalnız 4-ü döyüş qabiliyyətlidir:

“Digərləri isə bərpa olunması məqsədilə uzun müddətdir təmir zavodlarında saxlanılır”.

Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha onu göstərir ki, heç də Ermənistanın ağız dolusu danışdığı Su-30 qırıcı təyyarələri şişirdiləcək qədər döyüş imkanlarına malik deyil:

“Bu səbəbdən, Su-30 təyyarələri ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji baxımdan tamamilə çökmüş ordunun nüfuzunun artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri