Fev
2020
16:18
208
84
10176
Virtual karabakh

Azərbaycan Ordusu haqqında bunları bilirdinizmi? - FOTO/VİDEO

6 Fev, 2020
16:18
10176

Azərbaycan Ordusu haqqında bunları bilirdinizmi? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün müstəqil Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün, toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən ordunun yaradılması və formalaşdırılması dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri hesab edilməlidir.

Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də od-alovundan keçərək mətinləşdi, müasir inkişaf səviyyəsinə gəlib çatdı.

Ordumuzun döyüş hazırlığının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi, nəhayət, şəxsi heyətin sosial-məişət şəraitinin müasir dünya standartlarına uyğun qurulması nəticəsində nəzərdə tutulan uğurlara nail olundu.

Son  illərdə davamlı olaraq güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu inkişaf baxımından 2019-cu ildə də parlaq göstəricilərlə yadda qaldı. Faktlar və rəqəmlər göstərir ki, Azərbaycan bu il də siyasi, iqtisadi, sosial, beynəlxalq münasibətlər kimi vacib istiqamətlərlə yanaşı, ordu quruculuğu və onun gücləndirilməsi sahəsində böyük nailiyyətlər qazandı.

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısı ölkəmizin və ordumuzun inkişaf  tendensiyasını və onun gücləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğuladı:

“Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir”.

“Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən, hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır”, - deyə ölkə başçısı ordunun inkişafı məsələsinə də toxundu.

Başa çatan 2019-cu ildə Azərbaycan Ordusunda yeniləşməyə yol açan sürətli dəyişikliklər və komplektləşdirmə işləri həyata  keçirildi. Diqqət cəlb edən məqamlardan biri də ordu rəhbərliyinin mütəmadi olaraq cəbhə bölgələrinə səfər etməsi, döyüş bölgəsində yerləşən hərbi hissələrin şəraiti, əsgərlərin döyüş hazırlığı ilə yerində tanış olmaları, əmr, tapşırıq və tövsiyələr vermələri idi. İl ərzində mütəmadi keçirilən bu səfərlərin nəticəsi olaraq cəbhə zonasında döyüş tapşırığı icra edən hərbi hissələrin məişət şəraiti daha da yaxşılaşdırıldı, əsgərlərin təlimlər və döyüş növbəsi ilə yanaşı, məişət xarakterli işlərlə məşğul olmalarının miqyası azaldıldı.

İl ərzində Azərbaycan Ordusunda keçirilən bir neçə irimiqyaslı təlimlər də diqqəti çəkdi və ölkənin müdafiə qüdrəti barədə layiqincə yüksək təəssüratın daha da artmasına təsirini göstərdi. Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə bu təlimlərə ən müasir standartlara uyğun zirehli texnika cəlb edildi.

Bunlarla yanaşı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu il də hərbçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

2019-cu ildə də yeni hərbi hissələr inşa edildi, şəxsi  heyət üçün hər cür şərait yaradıldı. NATO standartlarına uyğun qurulan hərbi hissələr və müasir meyarlar əsasında müəyyənləşdirilən sosial-məişət şəraiti şəxsi heyətin xidmətinə və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə də təsir göstərdi. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyinin yaradılmasında yardımçı oldu.

Ölkə başçısının bu istiqamətdə atdığı çox mühüm və ardıcıl tədbirlər nəticəsində Azərbaycanda ordu sıralarında xidmət edən, Vətənin keşiyində dayanan, onun inkişafına xidmətlər göstərən hərbi qulluqçuların problemlərinin həll edilməsi də dövlətin qarşısında duran prioritet məsələlər sırasında oldu. Əlbəttə ki, bütün məsələlərdə olduğu kimi, burada da Azərbaycan dövləti üzərinə düşən vəzifələri yerinə yetirdi və hərbi qulluqçuların mənzil-məişət problemləri uğurla həll edildi.

Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişinə əsasən, bütün hərbçilər ardıcıllıqla şəxsi və xidməti mənzillərlə təmin olunmaqdadır. Bu baxımdan, 2019-cu il xüsusilə yadda qaldı. Məsələn, keçən ilin sonunda cəbhəboyu zonada iki hektardan çox ərazidə inşa edilən, ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan, iki və üçotaqlı təmirli mənzillərdən ibarət olan binalar lazımi kommunikasiya sistemləri ilə təchiz edilərək, xidməti mənzil kimi hərbçilərin istifadəsinə verildi.

İlin sonu, həmçinin, Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binasının hərbi qulluqçuların istifadəsinə verilməsi ilə diqqət çəkdi.

Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirildi. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edildi, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verildi, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olundu və bir sıra obyektlərin inşası hələ də davam etdirilməkdədir. Ötən ilin sonunda Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun iştirakı ilə 436 ailəyə mənzil verildi. Ümumilikdə son iki ildə Azərbaycanda 2500-dən çox hərbçi ailəsi mənzillə təmin olundu.

Yeni xidməti və şəxsi mənzillərin istifadəyə verilməsi hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsidir. Bu, ümumilikdə Azərbaycan Ordusunda şəxsi heyətin mənzil təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır. Bütövlükdə dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin etdi. Görülən işlər ordu quruculuğu prosesinə  müsbət təsirini göstərdi. Əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan Ordusu üçün uğurlu oldu.

Təsadüfi deyil ki, 2019-cu ildə də müdafiə və təhlükəsizlik xərclərinə xüsusi diqqət yetirildi. Bununla da, ötən ildə müdafiə və təhlükəsizlik sektorunda, o cümlədən, Silahlı Qüvvələrdə iri həcmli təchizat məsələlərinin uğurla davam etdirilməsi perspektivləri köklü şəkildə gücləndirildi. Bu baxımdan, Azərbaycan Prezidentinin sərəncamları ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün Bakı, Naxçıvan, Gəncə və digər şəhərlərdə xidməti və fərdi yaşayış evlərinin tikintisi üçün milyonlarla vəsaitin ayrılması xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, ölkə başçısının son 16 ildə sərəncamları ilə Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, o cümlədən, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması da diqqət mərkəzində saxlanıldı.

Bütün bu nəzərəçarpan addımların və ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlərin daha geniş, əhatəli miqyasda icrası Dağlıq Qarabağ probleminə münasibətdə dövlət rəhbərliyinin qətiyyətli mövqeyinin dəyişməz olduğunu və xalqımızın ümumi mövqeyilə birmənalı şəkildə uzlaşdığının məntiqi nəticəsidir.

Xüsusilə hər il dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin miqdarı əhəmiyyətli dərəcədə artırıldıqca, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığında yeni naliyyətlər əldə olunur, davamlı olaraq hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyası genişlənir, hərbi qulluqçuların mənzil-məişət problemlərinin köklü şəkildə həll olunmasına əsaslı zəmin yaranır.

Atılan addımlar tək xidmət edənləri deyil, eyni zamanda, vaxtilə ərazi bütövlüyü uğrunda vuruşmuş ehtiyatda olan hərbi qulluqçuları və şəhid olanların ailə üzvlərini də əhatə etdi.

Ölkənin milli-strateji maraqlarının təmin olunmasına, xalqla dövlət arasında bağlılığın möhkəmləndirilməsinə xidmət edən bu mütərəqqi addımlar daim ardıcıl şəkildə həyata keçirilir.

Odur ki, bu gün regionda modern ordu quruculuğu siyasətinə görə nümunə hesab edilən Azərbaycanın müasir tələblərə cavab verən ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri