13 
Fev
2020
17:21
13
99
2654
Virtual karabakh

Denis Boquş: “Azərbaycan diplomatiyası ruhdan düşməməlidir”

13 Fev, 2020
17:21
2654

Denis Boquş: “Azərbaycan diplomatiyası ruhdan düşməməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ müharibəsi ərzində bəlkə də ən qanlı hadisə olan Xocalı faciəsinin növbəti ildönümü yaxınlaşır. Faciə zamanı yaşlılar, qadınlar, uşaqlar da daxil olmaqla yüzlərlə insan öldü. 

Bildiyiniz kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərini işğal etdi. Ölümdən və əsirlikdən qaçan insanlar tutuldu, güllələndi, doğrandı. Həmin vaxt öldürülənlərin qeydə alındığı video bütün dünyaya yayıldı.

2005-ci ildə beynəlxalq ekspert Tomas de Vaal “Qara bağ” adlı kitabını nəşr etdi. Sonra isə Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın müsahibəsindən sitatların yer aldığı məqalələr də nəşr olundu. O birbaşa deyirdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bunu (stereotipi) qırdıq. Belə də oldu…”(Thomas de Waal,  “Black Garden”, s. 172.)

Xocalı barədə qonşu dövlətlərin - məsələn, Ukraynanın informasiya məkanında danışılırmı? Bu barədə Media.Az ukraynalı siyasi texnoloq, strateji rabitə sahəsində ekspert Denis Boquşla söhbət edib:

- Dağlıq Qarabağ – Azərbaycanın sağalmayan yarasıdır. Bunu dünyanın bir çox ölkələrində və təbii ki, Ukraynada da bilir və anlayırlar. Bu, böyük faciədir. Lakin bu barədə xatırlatmaq lazımdır. Hazırda təəssüf ki, dünyada qaynar nöqtələr çoxdur, ancaq bu o demək deyil ki, Xocalı hadisələrini unutmaq lazımdır. Hər bir ölkə dünya ictimaiyyətinə vacib, faciəli hadisələr barədə məlumat verməlidir. Bu, Azərbaycan üçün çox vacibdir, səfirliklər və diasporalar bu işə qoşulmalıdırlar.

- Sizcə, mövzunu aktuallaşdırmaq və bu faciə ilə bağlı dünyada mümkün qədər çox insanın xəbər tutması üçün nə etmək lazımdır?

- Əlbəttə ki, beynəlxalq təşkilatları bu işə cəlb etmək lazımdır. Azərbaycan bunu edir. Ancaq mənə elə gəlir ki, indi çox olan kommunikasiya vasitələrindən -  sosial şəbəkələr, kinolar, videolar, seriallar, kitablardan istifadə etməklə bu işi daha da genişləndirmək olar. Beynəlxalq konfransların keçirilməsi vacibdir. Bir daha qeyd edirəm, diplomatik nümayəndəliklərin işi mühümdür.

Öyrənməliyik, çünki nümunələr var. Məsələn, İsraili götürək. Holokost barədə dünyanın hər bir ölkəsində məlumatlıdırlar. Bu barədə bir çox ölkələrdə, o cümlədən Hollivudda filmlər çəkilib: “Şindlerin siyahısı”nı xatırlayın. Bundan başqa, Gürcüstan və Amerikanın birgə istehsalı olan və 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi ilə bağlı çəkilən “Avqustun beş günü” adlı film var. Ukraynada ölkənin şərqindəki müharibə ilə bağlı çəkilən kinolar var, məsələn “Kiborqlar”.

Bilirəm ki, Azərbaycanda da Xocalı ilə bağlı filmlər çəkilib. Çəkməyə davam etmək, Qərb, Hollivud rejissor və aktyorlarını bu prosesə cəlb etmək lazımdır.

- Ermənistan təcavüzkardır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. BMT-nin dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxarılması tələb olunur. Ancaq sanksiyalar yoxdur...

- Azərbaycanın Qarabağ, Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsi, Ukraynanın isə Krım və Donbass problemi var. Bəli, sanksiyalara nail olunmalıdır. Ən “uzun oynayanlar” amerikalılardır. Beynəlxalq məhkəmələrə müraciətlər, sübutların təqdim edilməsi, bütün meydanlarda bu məsələnin qaldırılması davam edilməlidir. Azərbaycan diplomatiyası əlini yanına salıb dayanmamalıdır. Davam etmək lazımdır. Bəli, çox vaxt keçib, ancaq insanlığa qarşı cinayətlərin heç bir müddət məhdudiyyəti yoxdur. Bütün dünya ölkələri Xocalı sakinlərinə qarşı törədilmiş cinayətlərdən nəticə çıxarmalı, cinayəti pisləməlidirlər.

Bir daha belə cinayətlərin baş verməməsi üçün isə Ukrayna kimi Azərbaycan da ordusunu gücləndirməlidir. Ukrayna xüsusi təyinatlılarının belə bir deyimi var – “yeməyə bənzəmə”. Çünki bu halda kimsə səni “yemək” istəyəcək. Əgər sənin güclü silahlı qüvvələrin varsa, sən artıq “yem” deyilsən, heç kim sənə hücuma ürək etməz. Azərbaycan kimi Ukrayna da beş il ərzində ordusunu möhkəmləndirib. 2016-cı ilin aprel döyüşlərini xatırlamaq kifayətdir: həmin vaxt Azərbaycan ordusu əks hücumlar zamanı bir neçə vacib yüksəklikdə nəzarəti bərpa etdi. 

Ancaq əminəm ki, bundan sonra Xocalı faciəsinin təkrarı olmayacaq. Azərbaycan güclü dövlətdir, Azərbaycan öz xalqını müdafiə edə biləcək güclü bir orduya sahibdir. Əlbəttə, Xocalıda baş verənləri unutmaq olmaz. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri