Okt
2014
17:01
101
14
7118
Virtual karabakh

“TurAz Qartalı”: Qardaşlığın gücü – REPORTAJ

1 Okt, 2014
17:01
7118

“TurAz Qartalı”: Qardaşlığın gücü – REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gücümüz birliyimizdədir”.

Sentyabrın ortalarında Azərbaycan Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncamla start götürən genişmiqyaslı təlimlər son günlər Azərbaycan mətbuatında ən geniş müzakirə olunan mövzulardan biridir.

Ölkəmizdə keçirilən təlimlərdə Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı qardaş Türkiyə Hərbi Hava Qüvvələrinin F-16C qırıcıları, AH-1W Super Cobra helikopterlərinin iştirakı barədə məlumatın yayılması ictimaiyyət arasında geniş coşğuya səbəb oldu.

Yəqin ki, hər kəs Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçirilən təlimlərdən çəkilmiş fotoları yayması, həmin fotoların sosial şəbəkələrdə necə qarşılanmasını xatırlayır.

Qeyd etməliyəm ki, 2004-cü ildə Türkiyə şahinlərinin Bakı səmasında göstərdiyi aviaşoudan sonra bu, türkiyəli hərbçilərin, türk pilotların ölkəmizə ilk və əlbəttə ki, tarixi səfəridir.

Reportajın əsas hissəsinə keçməzdən əvvəl düşünürəm ki, ilk növbədə təlimlər barədə qısa bir məlumat yerinə düşərdi.

Beləliklə, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərin sentyabrın 22-dən start götürən və oktyabrın 3-dək davam edəcək növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilir.

Beləliklə, bu təlimlərin keçirilməyə başlamasından sonra Azərbaycanın Müdafiə Nazirliyinə  müraciət etdik və nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı ilə səfərin proqramını razılaşdırıb üz tutduq Türkiyənin F-16C qırıcı təyyarələrinin təlimlər keçdikləri əraziyə.

Təyinat məntəqəsinə çatdıqda səhər saatları idi. Hərbi hissənin qarşısında gözlədiyimiz vaxt hərbi polisin müşayiəti ilə üç avtobusun yaxınlaşdığını gördük. Bu, ölkəmizdə səfərdə olan türk hərbçilər – Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və digər nümayəndələri, həmçinin onlarla birgə təlimlərdə iştirak edən Azərbaycan pilotları idi.

Elə hərbçilərlə ilk tanışlığımız oradan başladı. Düzü, pafoslu səslənsə də, onların arasında müşayiət olunan ruh yüksəkliyini görməmək mümkün deyildi – səhər saatları olsa da, hər kəs gümrah görünürdü.

Bir qədər sonra reportajın hazırlanmasında bizə kömək edəcək hərbçimiz, zabit Elçin Axundov da gəldi.

Səfərimizin məqsədi haqqında məlumatlı olduğunu bildirən zabitimiz bizi əraziyə dəvət etdi və təlimdə iştirak edən Azərbaycan Hərbi Qüvvələrinin pilotlarının rəhbəri, zabit Faiq Əliyevlə tanış etdi.

Və əlbəttə ki, səfər təhlükəsizlik qaydaları ilə tanışlıqdan başladı. Əlbəttə ki, reaktiv mühərrik işləyərkən təyyarənin arxasında dayanmaq qəti qadağandır – bu qaydanı pozarsan, o zaman ölümünə kimi yanmaq olar.

Digər tərəfdən, mühərrik işləyərkən təyyarənin ön hissəsində - mühərrikə hava ötürən dəliyin yerləşdiyi yerdə dayanmaq da qadağandır.

Hərbi və mülki aviasiyanın tarixində ehtiyatsız insanların həmin dəliyə, oradan da mühərrikə sovrulduğu hallar az olmayıb və adətən belə hadisələrin nəticəsi ölüm olur.

Gün qalxmağa başlayırdı və iki ölkənin hərbçiləri tədricən təyyarələri uçuşa hazırlamağa başladılar.

Onlar çox gözəldirlər.

Əlbəttə, kənardan insanlar, o cümlədən də bizim üçün təyyarənin uçuşunun son sadə iş olduğu görünür – gəldin, çənləri yanacaqla doldurdun, reaktiv mühərriki qoşdun və uçdun.

Əslində isə hər şey çox çətindir. Hər bir təyyarənin öz yanacağı var. Və burada ən çətin məsələ ortaya çıxıb – axı Türkiyə F-16 qırıcıları ABŞ istehsalı təyyarədir, onların yanacaq standartları bizimkindən fərqlidir, xüsusi yanacaqla uçurlar.

Məsələnin həlli üçün türklər öz yanacaqlarını gətirmək istəyirdilər ki, bu da çox baha başa gələ bilərdi. Özünüz düşünün – 2 saat davam edən bir uçuşa F-16 6 ton yanacaq sərf edir. Təlimlər 10 gün davam edəcək, təyyarələrin sayı az deyil və sair. Və burada bizimkilər, azərbaycanlı hərbçilər – yanacaq-sürtkü materialları üzrə mütəxəssislərimiz onların köməyinə gəldilər. Qrup rəhbəri, zabitimiz Azad Salamovun göstərişi ilə əraziyə mobil laboratoriya gətirdilər. 

Türkiyə F-16 qırıclarının yanacaqlarının qatqı vurulmuş adi TS-1 yanacağı olduğunu müəyyənləşdirən hərbçilərimiz həmin qatqıların tərkibini aydınlaşdırdılar, bizim təyyarələr üçün standart yanacaq olan TS-1-ə vurdular və qardaş ölkələrin təlimlərinin fasiləsiz davamlılığını təmin etdilər.

Yeri gəlmişkən, türkiyəli hərbçilər bu işdən çox təəccüblənmişdilər və etiraf edirdilər ki, özləri məsələni belə keyfiyyətli və asan şəkildə həll edə bilməzdilər. 

Zabitlərimizin ağlı və ustalığı türk pilotlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Başqa bir əhvalatı danışmaq olar. Azərbaycan MiQ-29 və türk F-16 təyyarələri müxtəlif aparatlarla enerji ilə qidalanırlar. Azərbaycana gələn türk hərbçilər öz qurğularını gətirmişdilər. Lakin enişdən sonra məlum oldu ki, yüngül çəkisinə (2-3 ton) baxmayaraq, F-16-nın “adapteri”ni təyyarədən çıxarmaq asan iş deyil – aparatın uzunluğu çoxdur və avtokar onu götürə bilmir. Şəkildən bunu aydın görmək olar.

Və burada da azərbaycanlı zabitlər türk həmkarlarının köməyinə gəldilər – zabit Axundovun əmri ilə əraziyə adi avtomobil evakuatoru gətirildi, yük ona yerləşdirildi və asan şəkildə yerə endirildi. Düşünürəm təkrarlamaq artıq olar ki, türk hərbçilər azərbaycanlı hərbçilərin məsələni necə asan və effektli həll etmələrindən çox təəccüblənmişdilər. Yeri gəlmişkən, həmin “əməliyyatın” Azərbaycanın Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş fotoşəkilinə baxa bilərsiz. 



Uçuşlara hazırlıq “tozsoranın” uçuş-eniş zolağında işindən başladı. Bu “tozsoran” adi reaktiv təyyarə mühərrikidir və böyük yanacaq çənli yük avtomobilinə quraşdırılır. Bu avtomobillərdən indiyədək uçuş-eniş zolağını qardan, tozdan və bəzi hallarda təyyarələrin özlərini buz örtüyündən təmizləmək üçün istifadə edirlər. Mexanizm sadədir – uzadılmış turbinli radial kompressor mühərriki. Mühərrik – MiQ-15 təyyarəsindən götürülür. Belə ki, uçuş-eniş zolağında kənar predmetlərin olması təyyarələrin havaya qalxması və enməsinə mane ola bilər – təlimdən əvvəl onların “yolunu” bu qurğu vasitəsilə yaxşı təmizləyirlər. Effekt əlbəttə çox yüksəkdir, zolaq sadəcə parlayır. Evdar xanımlar həsəd apara bilərlər.  

Uçuşdan əvvəl texniki heyət təyyarəni hazırlayır, yanacaq doldurur, göyərtə avionikasını, hər bir detalın işini yoxlayır. Yeri gəlmişkən, bizim hərbçilər Türkiyə HHQ-nin texniki personalının yüksək hazırlıq səviyyəsini qeyd edirdilər. Özümüz də şahidi olduq ki, türklər öz işlərini yaxşı bilirlər və tam təlimata uyğun hərəkət edirlər.

İşlərini başa çatdıran texniklər uçuşa hazırlaşan pilotları təyyarəyə dəvət edirlər.

Və burada ən vacib olan məqam – pilot yaxud pilotlar (əgər təyyarə ikiyerlidirsə) uçuşdan əvvəl təyyarəni dolanır, hər bir detalı təkrar yoxlayır və yalnız bundan sonra təyyarəyə əyləşirlər. Bəli, pilotlar uçuşdan imtina edə bilərlər - əgər hər hansı detalın işini bəyənməsələr.

Pilotların yerləşməsindən sonra təyyarənin uçuşdanqabaq hazırlığı başlayır, mühərrik işə salınır və yoxlanılır. Bu şəkildə ikiyerli F-16C təyyarəsidir – təyyarədə əyləşənlər qardaş ölkələrin pilotlarıdır – öndə idarə edən türk, arxada isə tərcübə keçən azərbaycanlı pilot. 

Təyyarələr uçuşa hazırlaşırlar – birbaşa uçuş-eniş zolağında təyyarənin bütün qurğu və detallarının ən son yoxlanılması. 

Təyyarə uçuş-eniş zolağının başlanğıcına istiqamət alır. Qeyd edim ki, səsin gücü dəhşətli idi.  

Uçuşa hazırlaşırıq. Getdik! 

Birinci qalxdı.

İkinci F-16 artıq hündürlük yığır. 

Təyyarələrin necə havada süzdüklərini gördükdə istər-istəməz pilotlara həsəd aparırsan... Onların isə işləri əladır, daha biri uçdu!  

Uçuşlar uzun çəkir, tam iki saat davam edir. Lakin hərbçilərimiz vaxtı boş yerə sərf etmirlər. Burada türk pilot Azərbaycan HHQ-dən olan həmkarını öz təyyarəsi ilə tanış edir.

Türk pilotlar təyyarənin mühərrikini nəzərdən keçirirlər.

Burada təkcə təyyarələr yox, qırğılar da uçurlar.

Bizim vertolyotçular.

F-16-nın böyük topu.

Gözəl uçurlar.

İki F-16 təyyarəsinin uçuşu başa çatdı və təyyarələr enişə gedirlər. 

Gördüyümüz kimi, tormoz lövhələri (təyyarənin arxa hissəsində) açılıb, qırıcı sürətini azaldır. 

Dayanacaq yerinə hərəkət.

Pilotlar təyyarəni tərk edirlər. Gördüyümüz kimi, təyyarə ikiyerlidir, ikinci pilot azərbaycanlıdır.

Üz ifadəsinə görə demək olar ki, bizim pilot birgə uçuşu çox bəyənib.

Türkiyə HHQ-nin texniki heyəti uçuşdan sonra təyyarəni yoxlayır.

Təyyarə bir müddət əvvəl enib, amma onu yenidən yanacaqla doldururlar – qarşıda hələ çox uçuş var. Hazır olmaq lazımdır.  



Elə bu arada Azərbaycanın müdafiə nazirinin müavini,  Hərbi-Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun və Türkiyə HHQ-nin şəxsi heyətlə iş üzrə rəisi, briqada generalı Emin Ayıkın əraziyə gəldiyini söylədilər.

Azərbaycan və Türkiyə HHQ-nin şəxsi heyəti ilə görüşən generallar qarşıya qoyulan vəzifələrin necə yerinə yetirildiyini təhlil etdilər.

Türkiyə hərbçiləri öz ölkələrinin Hərbi Hava Qüvvələrinin adından general-leytenant Ramiz Tahirova hədiyyə təqdim etdilər.

Qeyd edək ki, təlimlər zamanı türk qoşunlarının Azərbaycanın bazalarında qəbulu prosedurları, onların bizim zabitlərlə qarşılıqlı əlaqəsi və NATO nümunəli hərbi texnikanın Azərbaycanın silahlanmasında olan texnika ilə uyğunluq dərəcəsi yoxlanılıb.

Azərbaycanlı pilotlar F-16 təyyarələrinin bütün imkanları ilə tanış oldular, pilotlarımız sınaq uçuşları, həmçinin MiQ-29 təyyarələri ilə birgə manevrlərdə oldular. Komandanlıq bu manverlərin nəticələri barədə məlumatlandırıldı və bölmələrin texniki spesifikasiyasını və gələcək döyüş meydanının landşaft xüsusiyyətlərini nəzərə alaraq, onlardan birgə istifadənin optimal sxemlərini ortaya çıxarmaq tapşırığı verildi.

Türk zabitlərlə söhbətdən belə anlamaq olurdu ki, “bir millət – iki dövlət” deyimi düşmənlərimizin istədikləri kimi boş söz deyil. Türk qardaşlar elə ilk çağırışdan Azərbaycanın köməyinə gəlməyə, həm texniki, həm də hərbi baxımdan dəstək göstərməyə hazırdırlar.

İlk növbədə Ali Baş Komandan İlham Əliyevin müdafiə naziri vəzifəsinə Zakir Həsənovu təyin etməsindən sonra həm orduda, həm də vətəndaşlar arasında döyüş ruhunun xeyli artdığını müşahidə etmək olar.

Bundan əvvəl ölkəmizin qonaqları – Türkiyədən olan hərbçilər qarşısında çıxış edən nazir Həsənov doğru qeyd etmişdi ki, “iki ölkənin Silahlı Qüvvələrinin məqsədi regionda sülh və sakitliyi təmin etmək, bir-birini dəstəkləməkdir”:

“Sevincimiz və gücümüz birliyimizə bağlıdır”.

Və əlbəttə, dünən axşam aldığımız xoş xəbəri də qeyd etməliyik – Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “TurAz Qartalı” hələ son demək deyil. Qardaş ölkələrin birgə təlimləri gələcəkdə də davam edəcək. 2015-ci ilin martında təlimlər Türkiyədə keçiriləcək, bizim pilotlar həmin ölkəyə səfər edəcəklər.

Həmçinin Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin keyfiyyətli işini qeyd etmək lazımdır. Əgər əvvəl Azərbaycan mətbuatı ordu haqqında məlumatları zərrə-zərrə və müxtəlif, heç də həmişə etibarlı olmayan mənbələrdən toplayırdısa, bu gün istənilən jurnalist müvafiq sorğu ilə nazirliyə müraciət edə bilər. Və əlbəttə ki, əgər cavab hərbi sirr, yaxud milli təhlükəsizliyin bir hissəsi deyilsə, o, özünü çox gözlətməyəcək.

Sonda bir daha bizim hərbçilərin yüksək hazırlığı, təşkilatçılıq səviyyəsini qeyd etmək istərdim. Zabitlərimiz Axundov (soldan dördüncü),  Əliyev (ortadakı), yanacaq üzrə bütün işləri yerinə yetirən bölməmizin rəhbəri Salamov (sağdan birinci), zabitlər Paşayev və Şabanov (soldan birinci və ikinci). 

Onların işini izlədikcə bir daha ordumuzun gücünü anlayırsan. Nə qədər pafoslu səslənsə də, belə hərbçilərlə ermənilərin Azərbaycan qarşısında heç bir şansı yoxdu.     

Bu gün üçün təlimlər başa çatdı. Təyyarələr uçuşları bitirdilər, aerodromlarda mühərriklərin səsi kəsildi və pilotlar artıq istirahət edə bilərlər. Lakin bu hələ təlimlərin sonu deyil, irəlidə iki dövlətin ordularının qarşılıqlı əlaqələri və uzlaşdırılması üzrə böyük işlər var. İrəlidə ekspert və analitiklərin kabinetlərdə rəqəmlər və uçuşların göstəriciləri üzərində həftələrlə davam edəcək işləri və nəticə kimi, birgə əməliyyatların müfəssəl planları, hər iki ölkə ordusunun güclü tərəfindən qədim düşmən üzərində qələbə üçün istifadə etmə imkanları olacaq.  

Növbəti ildə təlimlər artıq Türkiyə ərazisində həyata keçiriləcək və bu, böyük, ümumi işin başlanğıcıdır. 6 türk qırıcısı gələcək təlimlər, birgə iş və gələcək böyük qələbələrin “ilk qaranquşları” oldular.

Elvin Şirinli
Fotoqraf: Həsən Həsənov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri