Avq
2018
12:26
210
65
8785
Virtual karabakh

İranda qarışıqlıq: Kimlər zərbə dalğasının altında qalacaq?

9 Avq, 2018
12:26
8785

İranda qarışıqlıq: Kimlər zərbə dalğasının altında qalacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər İranı etiraz dalğası bürüyüb. Hökumət əleyhinə aksiyalara səbəb milli valyutanın kursunun kəskin düşməsi olub. Bunun nələrə səbəb olacağı, gələcəkdə hansı hadisələrin baş verə biləcəyi və Azərbaycana təsiri ilə bağlı Oxu.Az ekspertlərin fikirlərini öyrənib. 

Müxbirimizlə söhbətində Yaxın Şərq üzrə azərbaycanlı ekspert, “The Great Middle East” layihəsinin rəhbəri Əli Hacızadə deyib ki, bu gün üzə çıxan problem uzun müddətdir mövcuddur və çoxlu səbəbləri var. 

“Narazılığın başlıca səbəbləri inflyasiya, milli valyutanın dəyərinin düşməsi, işsizlik, vətəndaş azadlığının olmamasıdır. Bu problemləri yaradan səbəblər var. 

Əgər xatırlayırsınızsa, 2017-ci ilin sonu və 2018-ci ilin əvvəllərində İranda genişmiqyaslı aksiyalar keçirildi, ancaq hökumət bu etiraz dalğasının qarşısını ala bildi. Bu gün gördüklərimiz isə kifayət qədər məhdud xarakter daşıyan lokal aksiyalardır”, - ekspert deyib. 

Müsahibimizin fikrincə, bu, gərginliyin azaldığı anlamına gəlmir. 

“Bir neçə gün öncə ABŞ prezidenti İrana qarşı sanksiyaları bərpa etdi və bu, son deyil, əlavə sanksiyaların tətbiqi gözlənilir. Bundan başqa, ABŞ İran neftini alan xarici şirkətlərə də təzyiq göstərir ki, onlar İranla əməkdaşlığı dayandırsınlar. Ona görə də vəziyyət get-gedə gərginləşəcək və bu, İranda genişmiqyaslı etiraz aksiyalarına səbəb ola bilər”, - Hacızadə bildirib. 

Onun sözlərinə görə, İranda hadisələrin hansı yöndə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, ancaq seçim çox da böyük deyil - ya lokal aksiyaların miqyası böyüyəcək və bu, İranda hakimiyyət dəyişikliyinə səbəb olacaq. Hətta ekspert hesab edir ki, vətəndaş müharibəsini də istisna etmək olmaz; ya ali dini lider Xameneyi “günahkarları” tapacaq və ölkədəki vəziyyəti müvəqqəti sakitləşdirəcək; ya da ki İranda kütləvi etiraz aksiyaları fonunda iqtisadi vəziyyət getdikcə pisləşləcək”, - o qeyd edib. 

İrandakı hadisələrin Azərbaycana təsiri məsələsinə toxunan politoloq deyib ki, İranda və ya İranla birgə həyata keçirilən bəzi layihələrin olduğu məlumdur. 

Layihələrdən biri İranla birlikdə Azərbaycvanda avtomobil müəssisələrinin yaradılması, digər nəhəng layihə isə İran dəmir yolu infrastrukturunun yaxşılaşdırılması və ya yeni dəmir yolu xətlərinin tikintisidir (Bu işlər İranda Azərbaycanın ayırdığı kredit hesabına həyata keçirilir – red.)

“Bu layihələr ABŞ sanksiyaları altına düşə bilər. Həmçinin, İrandan Azərbaycana turizm axınının kəskin azalması müşahidə olunur. 

Ancaq ən vacib məsələ budur ki, əgər İranda kütləvi aksiyalar və hətta vətəndaş müharibəsi başlasa, Azərbaycana müəyyən sayda miqrant axını müşahidə edilə bilər”, - Hacızadə əlavə edib. 

Rusiyalı politoloq Qriqori Trofimçuk Oxu.Az-ın müxbiri ilə söhbətində qeyd edib ki, İranda vəziyyət son illər ərzində tədricən qızışdırılıb. Əsas parametrlər üzrə vəziyyət daha da pisləşir. 

“Ən başlıcası, Donald Trampın rəhbərliyi altında Tehranla Vaşinqton arasındakı münasibətlərin kəskinləşməsi deyil, sosial-iqtisadi vəziyyətdir. Bunlar heç də əlaqəli deyil. 

Əgər İran rəhbərliyi daxili vəziyyəti sakitləşdirə bilsəydi, mənfi tendensiyanı dayandırmaq olardı. Bu məqsədə çatmaq üçün ehtiyatlar var. İran beynəlxalq səviyyədə tərəfdaşları ilə qarşılıqlı fəaliyyətə üstünlük verə bilər”, - müsahibimiz qeyd edib. 

Trofimçuk əlavə edib ki, əks halda göstəricilərinin aşağı düşməsi davam edəcək.

“Bu, regiondakı hər kəsə təsir göstərəcək. Ən pis variant hansısa məqamda Qarabağ ətrafında mənfi tendensiyaların birləşməsi ola bilərdi. Onda bütün Cənubi Qafqaz zərər çəkəcək”, - ekspert bildirib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri