27 
Dek
2018
11:45
121
16
2564
Virtual karabakh

Kanadalı ekspert: Ermənistanın KTMT-dəki mövqeyi laxlayıb

27 Dek, 2018
11:45
2564

Kanadalı ekspert: Ermənistanın KTMT-dəki mövqeyi laxlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin sonunda KTMT-nin Nizamnaməsinə Əlavə qəbul olundu; əlavəyə əsasən, təşkilat öz sıralarına yeni tərəfdaşlar qəbul etməyə başlayacaq.

KTMT tərəfdaşı statusu – “müşahidəçi” statusu ilə müqayisədə daha yüksək səviyyəli əməkdaşlığı nəzərdə tutur. Tərəfdaş faktiki olaraq təşkilatın müxtəlif tədbirlərində, məsələn, “Arsenal” (qanunsuz silah dövriyyəsinə qarşı mübarizə), “Kanal” (narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə) və ya “Proksi” (informasiya-kommunikasiya texnologiyaları sferasında əməkdaşlıq) layihələrində iştirak edə bilər.

Artıq bir çox ekspertlər KTMT-dəki bu yeniliyi NATO-nun analoji proqramları – “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq planı” proqramları ilə müqayisə edir. 

Azərbaycan bu proqramlara qoşulmaqla onların maksimum faydasını görüb. Söhbət hərbi mütəxəssislərin təlim-tədrisi, qabaqcıl təcrübə mübadiləsi, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakdan gedir. 

Ancaq arsenalın (əvvəllər güman edildiyi kimi) kütləvi şəkildə Qərb silahları ilə doldurulması baş vermədi, hər halda Rusiya analoqları daha ucuz başa gəlir və daha münasibdir. Bu, Azərbaycan silahlı qüvvələrinin NATO ilə əməkdaşlıq imkanlarını zəiflətdi.

Məhz eyni tipli silahların istifadəsi, onların istismarı və qulluğu Azərbaycanın KTMT ilə əməkdaşlığına zəmin ola bilər. Azərbaycanın Rusiyanın keçirdiyi beynəlxalq hərbi oyunlarda iştirakını da buna nümunə göstərmək olar. Rusiyanın başçılıq etdiyi hərbi bloka müxtəlif tərəfdaşların qoşulmasından ziyan deyil, fayda görəcəyi su kimi aydındır və təfsirinə ehtiyac yoxdur.

Kanadanın Kuins Universitetinin Beynəlxalq və Müdafiə Siyasəti Mərkəzinin elmi əməkdaşı, hərbi analitik Maksim Starçak Rusiyanın yeni tərəfdaşlara qapılarını açması ilə KTMT-nin “uyuşqanlığını” artırmağa çalışır.

Bu haqda Starçak Oxu.Az-a verdiyi müsahibədə danışıb.

“Rusiya KTMT ilə bağlı maraqlarından maksimum effektiv şəkildə yararlanmağa çalışır.  Belə ki, formal olaraq dövlətlərin üzvlüyə qəbulu çətin olsa da, tərəfdaşlıqla təşkilatın siyasi nüfuzunu qaldırmaq və onun keçirdiyi tədbirlərin effektivliyini artırmaq olar. Tərəfdaşların iştirakı hesabına KTMT-nin maliyyə durumunu da yüksəltmək mümkündür”, - deyə politoloq qeyd edib.

Ekspert Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən Rusiya üçün maraqlı olduğunu, Bakının isə mürəkkəb beynəlxalq kombinasiyada bir neçə məqsəd güddüyünü vurğulayıb.

“İran və Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin qurulmasından sonra Moskva məntiqi olaraq Azərbaycana doğru istiqamət götürdü. Hərbi-sənaye və neft-qaz sferasında razılaşmaların genişləndirilməsi hazırda Rusiya üçün çox önəmlidir”, - deyə Maksim Starçak söyləyib.

Onun sözlərinə görə, hələlik Azərbaycanın KTMT ölkələri ilə birgə hərbi təlimlərində iştirakı məsələsi gündəmdə yoxdur.

“Kollektiv təhlükəsizlik prinsipi tərəfdaşlara şamil olunmur. Habelə düşünürəm ki, tərəfdaş KTMT-nin praktiki tədbirlərini  - istər “Kanal”, istərsə də “Arsenal” və ya başqası olsun – seçə və tamhüquqlu üzv kimi onlarda iştirak edə bilər. Hərbi təlimlərdən söhbət getsəydi, bu məsələ açıq şəkildə Əlavənin müddəalarında qeyd olunardı.

Bundan başqa, birgə təlimlərdə iştirak zərurəti  “KTMT-nin digər potensial tərəfdaşlarını” bu formatda iştirakdan ürküdə, üstəlik, təşkilatdaxili ixtilaflara yol aça bilər. Rusiya ilə birgə hərbi təlimləri ikitərəfli formatda həll etmək daha asan olar”.

Ekspert Ermənistanın KTMT-dəki mövqeyinin ciddi şəkildə laxladığını, onun Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığa əngəl yarada bilmədiyini hesab edir.

“Ermənistan Rusiyanın hərbi yardımından asılı vəziyyətdədir, ona görə buna qarşı çıxmağa real gücü yoxdur. Ermənistanın KTMT sıralarından ayrılmağı götür-qoy edəcəyi  ilə bağlı “fərziyyələri” də heç kim ciddiyə almır. Ermənistan KTMT baş katibi üçün düzgün namizəd irəli sürmədi, ona görə də onu itirməklə təşkilatdakı nüfuzunu da itirdi.

Təsəvvür edə bilmirəm ki, bundan sonra nə vaxtsa Ermənistana yenidən KTMT sədrliyi verilsin. Moskva Yerevanın həm region, həm də ölkə daxilində öz siyasi müqəddəratını müəyyənləşdirməsini gözləyir. Yalnız bu, baş verəndən sonra Ermənistan KTMT-dəki əvvəlki mövqeyini bərpa edəcəyinə ümid edə  bilər”.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri