22 
Dek
2021
09:30
208
60
4400
Virtual karabakh

İranda sünni ruhaninin sözləri qalmaqal yaradıb - VİDEO

İranın Gülüstan əyalətindəki Azadşəhr bölgəsinin sünni camaatının imamı Mövləvi Məhəmmədhüseyn Qorgicin son cümə xütbələrindən birində dediyi sözlər ölkə miqyasında qalmaqal yaratmaqla bərabər, sünni-şiə ixtilafları və mübahisələrinin qızışmasına səbəb olub.

“Şeyx ət-təfsir” ləqəbi ilə tanınan və İran miqyasında məşhur din xadimi olan Mövləvi Qorgic sözügedən xütbəsində şiələrin xəlifə Ömərə mənfi münasibətinin doğru olmadığını göstərmək üçün özünəməxsus bir dəlildən istifadə etməyə çalışıb.

O deyib ki, xəlifə Ömərin zamanında müsəlmanlar sonuncu Sasani hökmdarı Yəzdigerdin qızlarını əsir götürüb Mədinəyə aparmış və Ömər onlarla yaxşı davranmağın vacibliyini bildirərək, İran şahının Şəhrbanu adlı qızı ilə İmam Hüseynin izdivacını məsləhət görüb. Onların nikah xütbəsini də şəxsən özü oxuyub. Həmin nikahdan İmam Zeynalabdin dünyaya gəlib və daha doqquz imam həmən Şəhrbanunun nəslindəndir. Əgər Ömərin xəlifəliyi sual altına alınarsa, o, zalım və qəsbkar hesab sayılarsa, imamların hansı heysiyyətindən danışmaq olar? İmamların hansı düzgün əsl-nəsəbindən söz açmaq olar? 

Diqqəti çəkən məqam budur ki, Mövləvi Qorgicin bu açıqlaması şiələrin Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhraya yas saxladığı dövrün – əyyami-Fatimiyyənin başlanması ərəfəsinə təsadüf edib. Məhz bu dövrdə ilk xəlifələr – Əbübəkr və Ömər şiələrin müxtəlif hücumlarına məruz qalırlar və görünür, Mövləvi Qorgic qeyd olunan fikirləri ilə bunun qarşısını almağa və düzgün olmadığını vurğulamağa çalışıb. 

Ancaq xütbədə səsləndirilən fikirlər gözlənilənin əksinə nəticə verib və Mövləvi Qorgicin özü şiələri təhqir etməkdə ittiham olunaraq, müxtəlif şiə mərkəzləri və ruhanilərinin qəzəbinə tuş gəlib. Belə bir tezis ortaya atılıb ki, öz açıqlaması ilə Mövləvi Qorgic guya şiə imamlarının halalzadə olmadığını iddia edib.

Bu üzdən İran mətbuatında və ictimai şəbəkələrdə ona qarşı kəskin tənqidlər irəli sürülüb, səlahiyyətli qurumlardan onun barəsində tədbir görülməsinə çağırışlar edilib. 

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri