Bu gün Azərbaycan Respublikasının Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 96-cı ildönümüdür.
Oxu.Az xəbər verir ki, Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən yenə bu teatrda işləyib.
Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və komediyalarında rollar oynayıb. Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar), “Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Şamama cadu), Cəfər Cabbarlının “Aydın” (Böyükxanım), “1905-ci ildə” (Sona), “Sevil” (Edilya), İlyas Əfəndiyevin “Büllur sarayda” (Qönçə), Nəbi Xəzrinin “Əks-səda” (Zərifə), Səməd Vurğunun “Vaqif” (Xuraman), Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (Şölə xanım və Ziba xanım), “Müsyö Jordan və dərviş Məstəli şah” (Şəhrəbanı), Aleksandr Ostrovskinin “Cehizsiz qız” (Oqudalova), Lope de Veqanın “Sevilya ulduzu” (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib.
Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 iyun 1974-cü ildə Xalq artisti fəxri adlarını alıb.
27 iyul 1992-ci ildə Bakıda vəfat edən Nəcibə Məlikova II Fəxri xiyabanda dəfn olunub.
A.S.
www.oxu.az
Rəylər