27 
Mar
2019
22:55
137
18
3769
Virtual karabakh

Qədim tarixə malik misgərlik sənəti - REPORTAJ

27 Mar, 2019
22:55
3769

Qədim tarixə malik misgərlik sənəti - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misgərlik bir zamanlar xüsusi sənət nümunələrindən sayılırdı. Sonradan unudularaq yaddan çıxmaq üzrə olsa da, bu sənəti günümüzdə də Masallı rayonunda yaşadanlar var.

Qədim tarixə malik misgərlik sənəti bir vaxtlar ölkəmizdə əvəzolunmaz sənət nümunələrindən sayılardı. Bu sənətlə məşğul olan insanlar həm məişətdə istifadə etmək üçün əl işləri, həm də müxtəlif bəzək əşyaları və digər sənət nümunələri hazırlayıb ərsəyə gətirərdilər. Hazırda bu sənətlə məşğul olanlar barmaqla sayılacaq qədərdir. Belə sənətkarlardan biri də Masallı rayon sakini Taleh Ağayevdir.

Çəkicin mis üzərində çıxardığı musiqili səsin sorağına təkcə Masallıdan deyil, digər şəhər və rayonlardan da Boradigah qəsəbəsinə üz tutanlar var.

Misgər Taleh Ağayev əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. O, uşaq olarkən atası Masallının Boradigah qəsəbəsinə köç edib. O, gündən Boradigahda misgərliklə məşğul olan Talehin atası ailəsinin tələbatını bu sənətlə ödəyib və misgərliyin sirlərini övladlarınada öyrədib. Sonradan digər qardaşları bu sənətdən uzaqlaşsa da, Taleh Ağayev ata sənətini davam etdirir. 

Taleh Ağayev  əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu əvəzolunmaz bir əl işinə çevirir.

Emalatxanasında misdən qazan, məcməyi, tava, teşt, samovar və digər qablar hazırlayan misgər indi müasir elementlərin mis üzərinə köçürülməsinə üstünlük verir. Bununla yanaşı, tələbata uyğun olaraq adları qeyd olunan məişət əşyalarının kiçik maketini hazırlayır. 

Əksər müştərilərinin bu əşyaları hədiyyə vermək, evində suvenir kimi saxlamaq üçün aldıqlarını deyir. Alıcıları isə yerli əhali ilə yanaşı, xarici turistlər olur. Usta tələbatın onu qane etdiyini bildirir.

Usta deyir ki, bir zamanlar gəlin köçən qızlara mütləq mis qablar verilərdi. Sonradan İran və Çində istehsal olunan plastik və dəmir qabların ölkəmizə ayaq açması mis qabları tədricən dövriyyədən çıxarsa da, hazırda mis qablardan istifadə edənlərin sayı artmaqdadır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri