28 
Mar
2019
14:25
94
307
8385
Virtual karabakh

Murad Arif: Hamının həyatında seks olsun, amma özlərini “buraxmasınlar” - VİDEO

28 Mar, 2019
14:25
8385

Murad Arif: Hamının həyatında seks olsun, amma özlərini “buraxmasınlar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teleaparıcı, müğənni Murad Arifin Oxu.Az-a müsahibəsi:

- Deputat olmaq istəyirsinizmi?

- Murad deputat olmaq istəmir. Bu eşqlə yaşamır. İnsan hansı həddə çatmalıdır ki, bir gün yuxudan oyanıb desin ki, mən deputat olmaq istəyirəm. Bu ideya mənə yaddır.

- İşdir, bir gün deputat olsanız, konkret hansı sahələrdə olan problemləri həll etmək istəyərsiniz?

- Həddim çatsa, səlahiyyətim olsa, çalışdığım sektorda nələrisə dəyişməyə çalışaram. Bizim ən böyük problemimiz Azərbaycan mediasıdır. Bunu idarə edən müəyyən qurumlara təkliflər paketi hazırlayıb, təqdim edərdim.

Bizim coğrafi mövqeyimiz elədir ki, kənar təsirlərin altına tez düşürük. Belə olduğu halda, əhalinin mədəni-estetik tərbiyəsini tamamilə əhalinin ixtiyarına buraxmaq yanlışdır. İnsanların mənəviyyatını sağlam saxlayan, onların zövqünün formalaşmasında iştirak edən müəyyən proqramlar, televiziya proqramlarını demirəm, layihə paketi hazırlanmalıdır və təqdim olunmalıdır.

Misal üçün, bu gün bir “Instagram” səhifəsinin yarım milyona yaxın izləyicisi var. Həmin o səhifədə paylaşımların təqdim olunma forması və orada yazılan şərhlər kontrolsuzdur. Səhifələrin adminləri beş müğənnidən və ya beş məmurdan qorxurlarsa, onlarla bağlı xəbərləri paylaşanda şərhləri bağlayırlar.

Lakin yerdə qalan digər şəxslərin xəbərləri açıq saxlanılır. Belə çıxır ki onları təhqir edib, söymək olar. Bu məsələlərə müdaxilə etmək lazımdır. Fərqi yoxdur ki, postu yazıb paylaşan adi insandır, yoxsa jurnalistdir. Təqdimat və yazılan şərhlərə adminlər cavabdehlik daşımalıdırlar.

- Milli Məclisdə tez-tez belə fikir səslənir ki, sosial şəbəkələri bağlamaq lazımdır. Siz bu barədə nə düşünürsünüz?

- Mənim tərrəqqipərvər və proqressiv kimliyim belə absurd müddəaların tərəfində olmağa mane olur. Mən şəxsən özüm sosial şəbəkələrə çox minnətdaram. Onların vasitəsilə bir çox ciddi məsələlər ictimailəşdi və həllini tapdı.

Mənə elə gəlir ki, sosial şəbəkələr müəyyən adamlara sərf eləmir. Belə olan halda onlar yaxşı olmayan əməllərini və doğru olmayan addımlarını gizlədə bilmirlər. Sosial şəbəkələr cəmiyyətdə olan problemləri daha kəskin şəkildə işıqlandırır. Əgər bağlansa və buna bir hədd qoyulsa, biz çox ciddi problemlərlə rastlaşa bilərik. Məhz elə bu səbəbdən mən buna tərəfdar ola bilmərəm.

- Bir müddət əvvəl uşaq pulu məsələsi gündəmə gəlmişdi. Deputat Hadı Rəcəbli buna qarşı çıxaraq demişdi ki, dövlət niyə milyonçunun uşağına pul verməlidir. Uşaq pulu ilə bağlı sizin fikriniz necədir? Bu məsələdə təbəqələşmə olmalıdırmı?

- Bu təcrübəni yaşayan sivil dünya ölkələri var. Misal üçün, İsveç. Bura intensiv şəkildə gedib gəlirəm. Orada fərq qoymurlar: doğulan uşağa dövlət tərəfindən hər ay müəyyən məbləğ ödənilir.

Hətta sözügedən ölkənin vətəndaşı olmayıb, orada daimi yaşayış icazəsi alan ailənin uşağı da beş yaşınadək ayda 500 avro pul alır. Orada soruşmurlar ki, sənin atan bank işçisidir, yoxsa fəhlə (gülür).

Mənə elə gəlir ki, biz də soruşmamalıyıq. Əgər dövlət büdcəsi, ölkəmizin ehtiyatları buna imkan verirsə, uşaq pulu verilməlidir. Ananın, atanın sosial vəziyyətinə məhəl qoyulmadan bu pul ödənilməlidir. Azərbaycanda, Bakıda dilənmək məqsədilə istismar olunan körpələr və məktəb yaşlı uşaqlar var. Bu məsələni isə görməzdən gəlirlər.

- Prezident İlham Əliyev mədəniyyət və incəsənət adamları ilə görüş keçirdi. Orada bir çox fikirlər səsləndi. Onlardan hansı diqqətinizi çəkdi?

- Banal cavab olsa da, Afaq Bəşirqızının çıxışı böyük bir simpatiya ilə qarşılandı. Mən də çox maraqla izlədim. Xanım aktrisamız öz sahəsinin xadimlərinin məişət problemlərinin həll olunması üçün çıxış etdi. Fərqindəlik və təəssübkeşlik xüsusiyyəti elə məhz budur. O, özü üçün deyil, başqaları üçün danışdı. Kaş Afaq Bəşirqızı kimi qadınlarımız çox olaydı.

- Şou-biznesin əsas problemi nədir?

- Bu, mücərrəd anlayışdır. Çağdaş estrada musiqisinin problemlərindən danışsaq, özəl telekanalların musiqi siyasəti müzakirə olunmalıdır. Müəyyən balans təqdim olunmalıdır. Tez-tez bir qrup ifaçılar barədə neqativ rəylərlə rastlaşıram. 

Mən ayrı-ayrı fərdləri müzakirə etməyi sevmirəm. Pərviz Bülbüləni müzakirə etməməliyik. Onun bəlli yaradıcılığı, istedadı və həyat tərzi var. Pərviz özünü öz janrında ifadə etmək hüququndadır. Amma sən ölkə kanallarının hamısını ardıcıllıqla çevirib, səkkiz kanaldan beşiində eyni saatda Pərvizi görürsənsə, əsl problem elə budur.

- Təhsilimiz sizi qanə edir? Bu sahədə, sizcə, çatışmazlıqlar var?

- Oğlumun təhsil aldığı “Bülbül” adına orta ixtisas məktəbi məni tam qane edir və heç bir narazılığım yoxdur. Hələlik narazılığım onun davamiyyəti ilə bağlı olan məsələdir.

Oğlum böyüdükcə, fənlər çoxaldıqca, təhsil daha da ciddiləşdikcə mənim müəyyən rəyim olacaq. Amma belə ümumi fikirlər söyləyə bilərəm ki, çantası çox ağırdır. Mənim beşinci sinifdə keçdiyim fənləri o, birinci sinifdə öyrənir. Bunun yanlış və ya doğru olduğu barədə geniş fikirlər söyləyə bilmərəm. Bugünkü təhsilin fəsadını və ya uğurunu 10-15 ildən sonra görəcəyik.

- Bir müddət öncə Nadir Qafarzadə qalmaqallı açıqlamalar verdi. Dedi ki, gənc xanım ifaçılar kabinetlər kraliçalarıdır. Biabırçı geyinirlər. Əxlaqsızlığı təbliğ edirlər. Belə qızı necə evimə gəlin gətirim. Bu məsələ xeyli müzakirə olundu. Onunla həmfikirsiniz?

- Nadir emosional insandır. Onunla səmimi münasibətim var. Mənə elə gəlir ki, Nadir onu deyərkən, gözünün qarşısına konkret bir neçə personajı gətirib. Mən ümumiləşdirməzdim. Əminəm ki, soruşsanız, Nadir də ümumiləşdirmədiyini deyər. Sənət dünyasında A, B, C, D-ni çıxmaq şərti ilə nəzərdə tutub, söyləyib. İstisnalar, təbii ki, var.

- Damla, Üzeyir, Şəbnəm, Türkan, Pərviz Bülbülə ilə duet oxuyarsınız?

- Niyə də yox?! Onlar bizim vətənimizin oğulları, qızlarıdır. Azərbaycanlılarımızdır. Lakin bir məsələ var. Duet elə olmalıdır ki, janr və obraz üst-üstə düşsün. Məsələn, mən Namiq Qaraçuxurlunun və Aygün Kazımovanın ayrı-ayrılıqda oxuduqları mahnıları bəyənirəm. Amma bir yerdə ifa etdikləri duetlər mənim ürəyimcə olmadı. Mahnı özü əsaslandırmalıdır ki, siz niyə bir yerdəsiniz. Əgər duetdə orqaniklik varsa, ola bilər.

- Həmkarınız Lətifə Soyuöz müsahibələrin birində sizi “sezonşik” adlandırmışdı. Murad “sezonşikdir”?

- Bu kəlmənin mənim ünvanıma hansı məqsədlə deyildiyini anlamıram. Amma həmin o ifadədə böyük həqiqət var. Mən mövsümə işləyirəm. Mənim üçün mahnının 10 ildən sonra aktual olub-olmayacağı önəm daşımır. Muradın yaradıcılığını özü kimi olan Tünzalə Ağayeva, Röya Ayxan, Miri Yusif kimi sənətçilər təhlil edə bilər. Çünki onlar da mənim kimi mövsumə damğa vurmağı bacarırlar, bir sözlə, “sezonşik”lərdir. Lətifə Soyuözə də bunu tövsiyə edirəm.

- “Popumuz var” layihəsində qalmaqallı açıqlamalar biri-birini əvəz edir. Şou əhlinin “popu” var ki, gəlib sizinlə bu qədər açıq və cəsarətli danışa bilir?

- Layihəmin radikal olduğunu düşünmürəm. Veriliş istədiyimdən də soft (yüngül - red.) alınır. Əslində, istərdim ki, olduqca açıqsözlü, kəskin ifadələrlə dolu bir veriliş alınsın. Amma təəsüf ki, mənim bunu etməyə “popum” çatmır. 

- Murad “sexshop”a girir ?

- Heç vaxt buna ehtiyacım olmayıb. Kiminsə buna ehtiyacı varsa, çox təbii və hörmətlə qarşılayıram.

- Niyə bizim cəmiyyətdə seks, cinsi əlaqə və intim kəlmələri əxlaqsızlıq və biabırçılıq kimi qələmə verilir?

- Xalqın anası, bacısı var. Bu kimi məsələlər haqda danışıb, hər yerdə işıqlandırmaq olmaz. Bu mövzuya toxunursansa, müəyyən bir ölçü qoyulmalıdır. Məsələn, +18 yazılmalıdır. Mental sərhədlər var və sən bununla ayaqlaşmalısan. Mən şəxsən özüm bunlara çox həssas yanaşıram.

Seks elə bir mövzudur ki, aşağı-yuxarı, hər kəsin həyatında var. Arzu edirəm ki, hər kəsin həyatında seks daha çox olsun. Bu, təbii bir ehtiyacdır. Mən istəmirəm ki, bizim insanlar özlərini tamamilə “buraxsınlar”. Çünki biz şərqliyik. Bizim temperamentimiz var.

Rəşad Əliyev
VİDEO: 
Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri