31 
Okt
2014
21:45
140
52
7617
Virtual karabakh

Bəxtiyar Abbasov: Məqsədim ən güclülərlə döyüşüb qalib olmaqdır – MÜSAHİBƏ + FOTOSESSİYA

31 Okt, 2014
21:45
7617

Bəxtiyar Abbasov: Məqsədim ən güclülərlə döyüşüb qalib olmaqdır – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uduzmağı düşünmək belə istəmirəm”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı MMA üzrə Avropa çempionu, Beynəlxalq dərəcəli idman ustası Bəxtiyar Abbasovdur.

- Hansı bölgəmizdə böyümüsən?

- Bakıda böyümüşəm, amma qarabağlıyam. Ailənin kiçiyiyəm, iki bacı, iki qardaşıq.

- Uşaq vaxtı ən çox nəyə görə danlanırdın?

- Çox nadinc olmuşam, davalarım çox olub. İki dəqiqədən bir anamın, qardaşımın üstünə gəlirdilər. Əlimdən yorulmuşdular, amma mən dava etməkdən yorulmurdum (gülür).

- Oğlun sənə bənzəyir, yoxsa o sakit uşaqdı?

- Çox nadincdi, mənə oxşayır, amma o daha çox oxumağa həvəslidir. İngilis dilini sevir, həvəs göstərir. Təbii ki, mən də istəyirəm oxusun, savadlı gənc olsun.

- Oxumaq dedin, özün necə oxumusan?

- İdmanla oxumaq alınmır, amma biologiyanı oxumuşam, tarixlə maraqlanırdım, indi də maraqlanıram.

- Yaxşı, tarixdən hansı dərs yadındadır?

- Fikirləşim (gülür). Ağqoyunlu və Qaraqoyunlu dövlətləri.

- İdmançıların əksəriyyəti karate ilə başlayır, sən necə?

- O vaxtı karate məşhur idi, Van Damın kinoları məşhur idi. Ona görə də əksəriyyət karate ilə məşğul idi. Mən də 8 yaşımdan başladım karateyə, daha sonra sambo, güləş, cüdo…

İndi də güləşlə, cüdo ilə məşğul oluram. Sağ olsun Firdovsi müəllim, şərait yaradır, güləşlə məşğul oluram. Hal-hazırda isə professional olaraq MMA-dayam.

- Şəhriyardan öyrəndiyin nələr var?

- O, mənim qardaşımdı, dostumdu, sirdaşımdı, böyüyümdü. Düzdü, çox adam elə bilir böyük mənəm (gülür). Ondan çox şey öyrənmişəm. Uşaq olanda görürdüm ki, onun bədəni qəşəngdi, başladım cüdo ilə məşğul olmağa (gülür). İdmana olan həvəsim onun sayəsində daha da artdı.

- İdmançıların 90 faizi demək olar ki, emosionaldır. Necə olur ki, qalib olursunuz? Bax, elə biri sən özün?

- Düzdü, emosionallıq var, amma bilirsən ki, sən qalib gəlməlisən və hər nə cür olursan ol, səbir edirsən, dözürsən. Döyüş vaxtı hər raundda səbirlə döyüşmək, sonda qalib olmaq – bu, əsl səbirdir.

- Özündə nəyi bəyənmirsən?

- İnadkaram, bunu heç bəyənmirəm. Kim gəlir-gəlsin, kim nə deyir desin inadkaram (gülür).

- Mənə MMA-nı öyrət desəm ilk olaraq nədən başlayarsan?

- İlk olaraq stoykanı düzəltməliyik. Zərbədən qorunmaq üçün və s..

- Hansı ölkənin şəhərinin əhalisi səni sevir? O sevgini hiss etməmək olmaz?!

- Moskva. Dağıstanda, hətta idman naziri özü yaxınlaşıb demişdi ki, siz Abbasovları izləyirəm.

- Bəs Avropada yaxınlaşanda ilk sözləri nə olur?

- Oooo Abbasov good (gülür) - belə deyirlər. Azdan-çoxdan ingiliscə bilirəm, danışıram. Good dedilərsə bəsdir elə (gülür).

- Neçə ildir ki, idmanla məşğulsan? Bu illər ərzində peşman olmusan?

- Demək olar ki, 15 ildir məşğulam. Peşman deməzdim, amma Amerikada uduzandan sonra həvəsim elə bil yox oldu. Çəkdiyin əziyyət yadına düşür və niyə belə olduğunu düşünürsən, pis olursan əlbəttə ki. Ben Askrenlə döyüşdüm, uduzdum. O, çox güclüdür, mən də ən güclülərlə döyüşməyi sevirəm, məqsədim ən güclülərlə döyüşüb qalib olmaqdır, yəqin ki, o idmançını da udacam bir gün.

- Rəqibini əvvəlcədən bilirsən və necə hazırlaşırsan?

- Rəqibi iki ay əvvəl bilirsən və onun döyüşünü izləyirsən və necə döyüşəcəyini bilirsən.

- Nə vaxt deyəcəksən bəsdir?

- Hələ ki, davam… Çünki indi liqadayam və bu, çox çətin bir dönəmdir. Bunun üçün güc, inam, səbir lazımdır. Mənim məqsədim var və bunu reallaşdırana kimi davam! Dayanmaq olmaz.

- Əcnəbilərə oxşadığını bilirsən?

- Bunu çox adam deyir (gülür).

- Elə idmançı var ki, nailiyyəti yoxdu, amma bütün günü reklamdadır. Sən və sənin kimi idmançılar var ki...

- Mən reklamdan, TV-dən qaçıram. Bilmirəm niyə, amma sevmirəm çox görünüm, istəyirəm əsas idmanda nəsə göstərim, bacardığımı ortaya qoyum. Lakin elə müsahibələr var ki, bu, lazımdır. Çünki idmançı üçün bu önəmlidir ki, marağı olan gənclər görsün, maraqlansın, tanısın.

- Futbolla aran necədir?

- Əla. Tez-tez oynayıram.

- Bəs klublarımızla necə, maraqlanırsan?

- “Qəbələ” və “Qarabağ” komandasını sevirəm. Bir yerdə nailiyyət varsa, sevməyə dəyər.

- Noyabr ayında döyüşün olmalıdır?!

- Bəli, noyabr ayının 7-də Sinqapurda döyüşümüz olacaq. İnanıram ki, qalib gələcəm, uduzmağı düşünmək belə istəmirəm.

P.S. Çəkilişdə göstərdiyi köməyə görə “Erto” mebel şirkətinə təşəkkürümüzü bildiririk.

Nərmin Kazımova

Foto: Asif Əliyev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri