29 
Mar
2019
18:22
143
286
4252
Virtual karabakh

Fazil Mustafa: Funksiyasını yerinə yetirən yeganə şəxs dövlət başçısı oldu

29 Mar, 2019
18:22
4252

Fazil Mustafa: Funksiyasını yerinə yetirən yeganə şəxs dövlət başçısı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Siyavuş Novruzov “Diqlas” ticarət mərkəzində baş verən yanğından danışıb.

Oxu.Az xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında qeyd edib ki, ötən gün prezidentin sədrliyi ilə yanğınla bağlı müşavirə keçirildi və sığorta ilə bağlı göstəriş verildi:

“Ancaq müvafiq komitədə bununla bağlı layihələr hazırlanmalıdır ki, insanların əmlakının sığortalanması burada öz əksini tapsın. Bəzi hallarda insanlar sığorta etdirmir. Bir hadisə baş verəndə dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş verərsə sığorta şirkətləri məsuliyyəti öz üzərilərinə götürürlər.

Təəssüf ki, belə hadisələrdən istifadə edənlər var. İnsanları mitinqlərə çağırır və müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra bütün məsələlər prezidentin diqqətindədir. Prezident ümumxalq səsverməsindən sonra elan etdi ki, problemlər həllini tapacaq. Mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Bunun üçün milyardlarla vəsait ayrılır. Bu gün mitinq keçirmək, üç-beş adam yığıb nə isə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatları çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir. 

Adi yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamilə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır. 

Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün də söylədi ki, baxmayaraq ki yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır”.

Deputat Fəzail Ağamalı isə çıxışında vurğulayıb ki, dövlət başçısının addımını yüksək qiymətləndirir:

“Biz istisna etmirik  ki, bu və ya bənzər hadisələr gələcəkdə də olmaya bilər. Bu kimi məsələləri tam dövlətin üzərinə qoymaq düzgün deyil. Elə etmək lazım deyil ki, bu və ya bənzər hadisələr baş verəndə bunu dövlət öz üzərinə götürsün. İnkişaf etmiş ölkələrdə olduğu kimi sığorta şirkətləri işlək mexanizmlə fəaliyyət göstərsin. Ancaq bu şirkətlər üzərinə düşənləri yerinə yetirə bilmirlər. Bu institut elə formalaşmalıdır ki, Azərbaycan vətəndaşları sığorta şirkətlərinə daşınar və daşınmaz əmlaklarını etibar edə bilsinlər”.

Deputat Fazil Mustafa da həmkarı Fəzail Ağamalının fikirlərini dəstəkləyərək bildirib ki, Azərbaycanda güvənli sığorta sistemi yaratmaq lazımdır:

“Biz “Sığorta haqqında” qanunu tam dəyişdirməliyik və onu işlək vəziyyətə gətirməliyik. Bu məsələdə insanları da qınamaq düzgün olmaz, çünki bu sahəyə inam yoxdur. Bu məsələdə yeganə öz funksiyanı yerinə yetirən dövlət başçısı oldu. Əslində ona aidiyyatı olmayan məsələni - özəl sektorun problemini öz üzərinə götürdü ki, vətəndaşlar vəziyyətdən çıxa bilsinlər”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri