Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident: “Şuşada ucaldılacaq məscid Zəfər Gününü təcəssüm etdirəcək”
“Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri var və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim”.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada yeni məscidin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, məscidin forması Zəfər Günü olan 8 noyabr tarixini özündə təcəssüm etdirəcək:
“Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.
Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər”.
“Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi.
Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı”.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub
- Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib
- Elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunub
- Azərbaycan istehsalı avtobusların satışı rüsumdan azad edilir