Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aprel döyüşlərindən 7 il keçir – Qələbəyə aparan yol və indi görülən tədbirlər
Bu gün Aprel döyüşlərindən 7 il ötür.
Oxu.Az-ın məlumatına əsasən, döyüşlər Ermənistanın martın sonlarından etibarən cəbhə xəttində genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlamışdı.
Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.
Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma bunun tam əksi baş verdi.
Azərbaycan 4 günlük müharibə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.
Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
Azərbaycan ordusu Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etmişdi.
Döyüşlər zamanı hərbçilərimiz “Ohanyan müdafiə xətti”ni cəmi 20 dəqiqəyə yarmışdı.
Azərbaycan Aprel müharibəsində ən müasir silahlardan da istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.
Azərbaycan döyüşlər zamanı “Harop” pilotsuz kamikadze aparatlarından, “cəhənnəm silahı” adlandırılan “TOS-1A” ağır odsaçan artilleriya sistemlərindən istifadə etmişdi.
Azərbaycan ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi.
Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan təmizlənməsi Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.
Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1000-dən artıq döyüşçüsü yaralanıb.
Döyüşlərdən sonra bir sıra yolların – Goranboyun Gülüstan kəndi, Tərtərin Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə saxlanılması təmin edilib.
Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.
Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə Vətən müharibəsində işğalda qalan torpaqların işğaldan azad edilməsində həlledici rol oynadı.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra postmünaqişə dövründəki açıq qalan məsələlələri tənzimləyən 10 Noyabr Bəyanatının müddəalarının da yerinə yetirilməsində qətiyyət göstərir.
2022-ci ilin martında Fərrux dağı və eyniadlı kənd nəzarətə götürülüb.
2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Ardınca isə Buzdux və digər hakim yüksəkliklər də ordumuzun nəzarətinə keçib.
Həmin ilin avqust ayının axırlarında Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarət bərpa edilib.
2023-cü ilin mart ayı ərzində Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında hərbi tədbirlər görülüb.
Bundan sonra isə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Onu da xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşmalar baş verib.
Bundan sonra Azərbaycan böyük ərazini nəzarətdə saxlamağa imkan verən yüksəklikləri nəzarətə götürüb.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib