10 
Mar
2014
11:40
58
31
20210
Virtual karabakh

Günel Musəvi: Təndir çörəyi, kənd pendiri, milli xörəklər üçün darıxıram - MÜSAHİBƏ + FOTO

“Uzun zamandır telekanallarımıza baxmıram”.

Oxu.Az İnformasiya Agentliyi illər əvvəl “100%” verilişi ilə teleməkana yenilik gətirən hazırda isə ABŞ-da yaşayan azərbaycanlı teleaparıcı Günel Musəvi ilə əlaqə yaratdı. Günel xanımın səmimi müsahibəsini sizə təqdim edirik:

- Sizi ABŞ-a aparan nə oldu?

- Valideynlərim Amerikada yaşamaq qərarını verdilər, mənə də Bakı onlar olmadan dar gəldi. Anam, ailəm mənim həyatımdır, nəfəsimdir, onlar olmadan həyat mənə boşdur. Ona görə mən də “çemodanımı” yığıb köçdüm onların yanına.

- Ola bilər ki, kimdənsə yaxud nədənsə qəlbiniz qırılıb deyə əcnəbi ölkədə məskunlaşmağa qərar vermisiniz?

- Xeyr. Mən ümumiyyətlə, həyatda özgə adamlardan küsmürəm, küssəm yalnız yaxınlarımdan küsərəm. Əgər bir insan mənə qarşı yanlış hərəkət edirsə, mən o insanı səssiz-səmirsiz, sadəcə həyatımdan silib atıram.

- Telekaryeranızla bağlı qısa xatırlatma edin…

- Mən karyerama ilk dəfə radiodan başlamışam - 106 FM-də “Yuxudan Oyan” verilişi ilə. Bir müddət orada işlədikdən sonra dəyişiklik etmək qərarına gəldim. Bu minvalla yeni yaradılan “ABA” telekanalında işə düzəldim. Həmin kanalda fəaliyyətə başladım və hər şənbə, axşam saatlarında “Top-10” adlı verilişlə tamaşaçıların qarşısına çıxdım.

Onu da deyim ki, o vaxt Azərbaycanda ilk dəfə yerli estradanın “Top-10”unu biz yaratdıq. Bir müddət həmin verilişi apardıqdan sonra rəhbərlik tərəfindən mənə “100 %” verilişini aparmaq təklif olundu və dedilər ki, sən bu verilişdə çox sərbəst olmalısan. Razılaşdım. Bir müddət rola girərək həmin sərbəstliyi özümdə yaratmağı bacardım. Sonralar isə özüm olmağa qərar verdim, roldan çıxıb verilişi özüm olduğum kimi aparırdım.

Sonra Lider TV-də  “Tezden Oyan” verilişinin həmkarlarım Kamilə Babayeva,  Şamil Famili və digərləri ilə birgə aparıcısı oldum. Eyni zamanda Lider Radio 107 FM-də  9 aya yaxın “Tərsinə” verilişini apardım. Sonra Space TV-də “Çərçivə” verilişinin, “Sing Your Song” ilk realiti şou musiqi müsabiqəsinin aparıcısı oldum.

Və ən nəhayət illər keçdikdən  sonra yenidən Lider TV-də “100%” verilişini aparmaq təklifini alar-almaz bu verilişə ikinci nəfəs verdim. Sonda Amerikaya gəlməmişdən öncə Lider TV-də bir neçə ay hər şənbə günü efirə yayımlanan “Salam”  verilişini təqdim etdim.

- Mavi ekranlardan illərdir uzaq olmağınıza baxmayaraq hələ də yaddaşlardasınız. Bunu necə bacarmısınız?

- Bunun səbəbini tamaşaçılarımdan soruşsanız daha uyğun olardı. Amma madəm ki, məndən soruşursunuz, bunun səbəbini tamaşaçılarımla hər zaman dost kimi ünsiyyət qurmağımda görürəm. Mən hər dəfə efirə çıxanda kameraya sadəcə bir cihaz kimi baxmırdım, mən kameraya baxanda ekranın o tayında məni izləyən hər bir tamaşaçını bir dostum olduğunu düşünürdüm. Onlarla maksimal dərəcədə səmimi olmaq istəyirdim. Yeri gələndə zarafat edirdim, lazım olanda sözümü də deməyi bacarırdım.  Amma hər zaman hörmət saxlamağa üstünlük verirdim, çünki mənim tamaşaçım həm uşaq, həm yeniyetmə, həm orta yaşlı, həm də yaşlı insanlar idi.

Yəni efirə çıxmağımı heç vaxt özümü reklam edib, tanınmış olmaq arzusu olmayıb. Səbəb yalnız əylənmək və insanlara xoş ovqat, ilham  vermək idi. Ola bilsin məhz bu səbəbdən tamaşaçılar hələ də məni qəlblərində yaşadırlar.

- Aparıcı olmaq üçün insanda ən vacib olan keyfiyyət nədir?

- Özünə və sənin tamaşaçılara lazım olacaq insan olduğuna inanmaq. O zaman istər-istəməz səmimilik yaranır. Bu işdə  bilik və dünyagörüşü, eyni zamanda düzgün şəkildə ünsiyyət qurmaq bacarığı çox böyük rol oynayır. Yəni səhnə mədəniyyəti ən böyük faktorlardan biridir.

- Azərbaycanlı teleaparıcılardan kimi bəyənirsiniz?

- Uzun zamandır Azərbaycan telekanallarına baxmıram. Bu səbəbdən obyektiv bir fikir söyləyə bilmərəm. Amma doğrusunu söyləsəm Murad Dadaşov, Nərgiz Cəlilova, Aytən Səfərova, İlkin Həsəni, Murad Arif, Könül Arifqızı mənim favoritlərimdir.

- Necə oldu ki, “Every Azeri” onlayn jurnalını yaratmaq qərarına gəldiniz?

- Sözün düzü, Amerikaya gələndən həmyerlilərimiz naminə ictimai işlər görmək arzusunda idim. Amma universitetdə oxuduğum zaman buna vaxt tapa bilmirdim. Artıq məzun olandan sonra arzuma bir addım atdım.

Jurnalın yaranma səbəbi dünya Azərbaycan Qadınlarını bir araya toplamaqdır. Xaricdə yaşayan bir çox Azərbaycan xanımlarımız ayrı -ayrılıqda özəl bloglar açıblar, kimi iş naminə, kimi sadəcə mənəvi baxımdan.

Amma mən istədim ki, həmin qadınlar bir araya toplansın, bizimkilər və xaricilər bizim xalqımızın ən gözəl, ən incə nümayəndələri olan qadınları bir mənbədən yəni www.everyazeri.com ünvanına daxil olmaqla bir-bir tanısınlar.

Məkandan, yaşından asılı olmayaraq bizim Azərbaycan xanımlarının fikirləri, bacarıqları, təcrübələri barədə məlumat toplasınlar. Yəni yaşadıqları ölkədən asılı olmayaraq bütün Azərbaycan Qadınlarını vertual olaraq bir araya toplamaq arzusu mənə “Every Azeri” online-jurnalını açmaq fikrinə gətirdi.

Mən bu jurnalı öz imkanım dairəsində açdım, amma buradan bütün xeyirxah və vətənpərvər  insanlara səslənmək istərdim. Azərbaycanı əcnəbilərə tanıdıb bizim diasporanı genişləndirmək naminə yardım etmək istəyənlər varsa, sizin mənəvi və maddi dəstəyinizi qəbul etməyə hər zaman şad olarıq. Mənim böyük layihələrim var, lakin bunları həyata keçirmək üçün dəstəyə ehtiyacım var. Mən bunları təkbaşına edə bilmərəm.

“Every Azeri” jurnalı xaricdə yaşayan hər azərbaycanlı qadını üçün açıqdır. Maraqlı və mədəniyyətimiz üçün yararlı yazılar, proyektlər varsa, buyursunlar, mənə müraciət edə bilərlər. Aşağıda əlaqə saxlamaq üçün məlumat verəcəm.

Bizim facebook səhifəmizə daxil olub bir başa əlaqə qura bilərsiniz: www.faceboook.com/everyazeri

- Gələcək planlarınızdan söz açmağınızı istərdim…

- Əsasən “Every Azeri” layihəmi genişləndirmək, xarici ölkələri bir -bir gəzib bizim qadınlarımızla şəxsən tanış olub onlara dəstək olmaq kimi planlarım var.

Bu yerdə bir misal yadıma düşdü, əstəğfirullah “Allahı güldürmək istəyirsənsə, ona öz planlarından bəhs et”.

- Vətənə dönmək fikriniz yoxdur?

- Dönmək yox, amma gedib-gəlmək hər zaman fikrimdədir. İnşallah yaxınlarda planımda Bakıya səfər var.

- Qərib ölkədə daha çox  kim üçün və nə üçün darıxırsınız?

- Müxtəlif səbəblər olur. Ən çox Xəzər dənizi və Bakı küçələri üçün darıxıram. Təbii ki, qohum, dostlar üçün. Bakıda yaşayan qardaşım, gəlinim üçün, bibisinin gözünün işığı olan qardaşım oğlu üçün. Arada olur milli xörəklər üçün. Hətta yerli restoranlar üçün darıxıram. Təndir çörəyi, kənd pendiri….siyahı uzana bilər, mənim də artıq ağzım sulandı.

- Əcnəbi vətəndaşla ailə qurmağa razılıq verərsiniz?

Bu, şəxsi sualdır, mən ona cavab vermək istəmirəm.

- Günel Musəvi Oxu.Az vasitəsilə həmvətənlərinə, həmkarlarına və onu sevənlərə nə söyləmək istəyir?

- Mehriban olun, vətəninizi sevin, yaxınların qədrini bilin, arada bir gün öləcəyinizi yadınıza salın və özünüzə inanın!

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri