Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputatdan təhsillə bağlı TƏKLİFLƏR
Bu gün ölkəmizdə təhsilin inkişafına, onun keyfiyyət və məzmununun artırılmasına xüsusi önəm verilir. Təhsil sahəsində davamlı islahatlar həyata keçirilir.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
Açılışda bildirilib ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilib. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.
Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb.
C.Məmmədovun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində peşəkar kadrların işə cəlb olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. O bildirib ki, artıq ali və orta təhsil müəssisələri tədris ilinə tam hazırdırlar.
“Bütün bunlara bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunub. Hər il tədris ili ərəfəsində təhsil sahəsində yeniliklərin şahidi oluruq. Son bir neçə gündə İqtisad və ADA universitetlərinin yeni korpuslarının istifadəyə verilməsi, yeni orta məktəblərin inşası, təmir və bərpası, eyni zamanda təhsilə ayrılan büdcə vəsaitinin artırılması bu fikri bilavasitə təsdiq edir”, -deyə C.Məmmədov əlavə edib.
Deputatın fikrincə, Azərbaycan təhsili keyfiyyətcə və məzmunca yeni bir mərhələyə qədəm qoyub. O, ölkədə təhsilin daha da inkişaf etdirilməsi üçün təklif səsləndirib:
“Bu gün dünyada təhsil sahəsində ciddi dəyişikliklər baş verir, universitetlər arasında ciddi rəqabət gedir. Bu baxımdan ölkəmizdə təhsilin məzmun və keyfiyyətinin artırılması istiqamətində səylər daha da gücləndirilməlidir. Yeni informasiya texnologiyalarının tətbiqi, müasir laboratoriyaların qurulmasına, distant təhsil sisteminin yaradılması istiqamətində işlər daha da gücləndirilməlidir. Eyni zamanda, Azərbaycan universitetlərinin beynəlxalq reytinqinin artırılması işinə xüsusi önəm verilməlidir. Bu gün inkişaf və tərəqqinin yolu yüksək bilik və təlimdən keçir. Böyük uğura nail olan dövlətlər hər zaman təhsilə xüsusi önəm verirlər. Bu gün universitetlərimizin bölgənin güclü təhsil müəssisələrindən birinə çevrilməsi üçün geniş imkanlar var”.
Parlamentari qeyd edib ki, yeni ixtisasların açılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Burada universitetlərimizin də üzərinə böyük vəzifə düşür. Dövlətlə yanaşı onlar da beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizdə tətbiqi, peşəkar kadrların prosesə cəlb olunması istiqamətində bütün güclərini səfərbər etməlidirlər”.
Aqşin Kərimov
Rəylər