May
2021
19:10
318
29
4332
Virtual karabakh

Qarabağın ilk regional radio kanalı olan “CBC FM”in məqsəd və vəzifələri nələr olacaq? - AÇIQLAMA

8 May, 2021
19:10
4332

Qarabağın ilk regional radio kanalı olan “CBC FM”in məqsəd və vəzifələri nələr olacaq? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağın ilk regional radio kanalı olan “CBC FM” yayıma başlayıb.

102.7 MHs işçi tezliyində dinləyicilərin ixtiyarında olacaq “CBC FM”də gün ərzində hər saatın əvvəli bir neçə dildə 8 xəbər buraxılışı təqdim edəcək. Fasiləsiz olaraq radio kanalda Azərbaycan həqiqətlərini əks etdirən verilişlər, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi tərənnüm edən faydalı layihələr və paralel olaraq, CBC telekanalının proqramları da yayımlanacaq. Dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili üçün radio kanalda musiqi və audiokitablar təqdim olunacaq. “CBC FM”də yayımlanan verilişləri internet üzərindən izləmək də mümkündür.

“Caspian International Broadcoasting Company” MMC-nin baş direktoru Vüqar Xəlilov “CBC FM”in fəaliyyətə başlaması ilə bağlı fikirlərini bölüşüb:

“Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacağıq”.

Vüqar Xəlilov radiokanalın qarşısında duran məqsəd və vəzifələrdən də bəhs edib: “Dinləyicilərin rəğbətini qazanmaq üçün daim zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır”.

Xatırladaq ki, 7 aprel 2021-ci il tarixində Milli Televiziya və Radio Şurası “Caspian International Broadcoasting Company” MMC-ni Qarabağda yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqənin qalibi seçib. 29 dekabr 2020-ci il tarixində isə Milli Televiziya və Radio Şurası Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq, CBC televiziya kanalının Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalı ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında tamaşaçılara əhatəli proqramlar təqdim edir. 24 saat fəaliyyət göstərən telekanalın yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindistan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC telekanalının yaradıcı və texniki potensialı müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsəd hər bir tamaşaçıya şəxsi fikrini formalaşdırmaq üçün operativ və keyfiyyətli materiallar təqdim etməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri