“Formula 1” yarışları ilə əlaqədar bağlanan yollarda avtomobilini park edən 50-yə yaxın sürücüyə cərimə yazılıb.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd olunub.
Bildirilib ki, söhbət paytaxtın Nizami və Puşkin küçələrinin kəsişməsindən gedir. Belə ki, sözügedən yolda “Formula 1” yarışları ilə əlaqəli nəqliyyat vasitələri hərəkəti dayandırılıb:
“Mayın 31-dən etibarən sözügedən küçələrin kəsişməsində avtomobillər park edilib. Lakin, nə BNA, nə də ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən sürücülərə avtomobilin park edilməsinin qadağan olduğu bildirilməyib. Təəssüf ki, bu gün səhər saatlarında ərazidə saxlanılan maşınlara kütləvi protokollar yazılıb. Təxminən 50-yə yaxın sürücü cərimələnib. Ərazidə maşın saxlayanların əksəriyyəti isə həmin ətrafda yaşayan sakinlərdir”.
Mövzu ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədova sorğu ünvanladıq.
V.Əsədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Formula 1” yarışları ilə bağlı əvvəlcədən qeyd edilən küçələrdə ictimai nəqliyyatın hərəkəti və avtomobillərin park edilməsinə məhdudiyyət qoyulub:
“May ayının 31-dən iyunun 8-dək Bakı Halqasına paralel olan küçələrdə təhlükəsizliyi təmin etmək və avtomobillərin hərəkətində fasilə yaranmaması məqsədilə 28 May küçəsi, Nizami, Kövsər Səfərəliyeva, Dilarə Əliyeva, Səməd Vurğun, Bülbül, Rəsul Rza və digər küçələrdə avtomobillərin dayanmasının mümkün olmayacağı barədə məlumat verilib. Yalnız Puşkin küçəsinin sağ və sol istiqamətində avtomobillərin dayanmasına şərait yaradılıb, o da ki ərazidə yaşayan sakinlərə şamil edilir. Həmin sakinlərin avtomobillərinə xüsusi blanklar qoyulub və onlara cərimə tətbiq edilməsinə dair iddialar tamamilə əsassızdır.
Hazırda məhdudiyyət tətbiq edilən küçələrdən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə - Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri, o cümlədən B.Sərdarov küçəsi istiqamətində bu gün səhər saat 06:00-dan etibarən ictimai nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Əgər sürücülərə Nizami və Puşkin küçələrində cərimə tətbiq edilibsə, böyük ehtimalla yol hərəkəti qaydalarının və yol nişanlarının tələblərinə uyğun olaraq protokol tərtib edilib. Tərtib edilən protokolların əsassız olduğunu düşünən sürücülər birbaşa İdarəyə müraciət edə bilər”.
Könül Cəfərli
Rəylər