28 
Mar
2024
15:40
65
87
2459
Virtual karabakh

O dünyaya aparan liftlər...

28 Mar, 2024
15:40
2459

O dünyaya aparan liftlər...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Dünyanın hər yerində lift, yəni qaldırıcı mexanizm insanları bir mərtəbən digərinə qaldırıb və ya aşağı salırsa, bizdə yenə də analoqu olmayan vəzifələri yerinə yetirir. 

Bizim liftlər paralel kainatlara, kosmosa da səfər edə bilər. Amma hələ ki, təcrübədə zəngin və populyar olan istiqamət məhz o biri dünyadır. 

Bəzən isə liftə minirsən və bir də görürsən ki, travmatologiya institutundasan. Bu, ən yaxşı haldır. Pisi isə odur ki, FHN-in xilasetmə briqadası gəlir və meyiti aidiyyəti qurumlara təhvil verir. 

Əgər axtarış sisteminə lift və qəza sözlərini yazsanız qarşınıza onlarla xəbər çıxacaq. Bu hadisələr həm köhnə-sovet binalarında yaşanır, həm də yenitikili, çoxmənzilli binalarda. Birinin də adını çəksən, quldur dəstəsi kimi hücum edəcəklər adamın üstünə ki, “bəs sən bilirsən mən kiməm?”

Ən acınacaqlısı isə odur ki, köhnə binaların sakinləri yenə liftlə bağlı problem olanda lift idarəsinə, Mənzil İstismar Sahəsinə (MİS) müraciət edə bilirlər. 

Vay Mənzil Tikinti Komplekslərinin (MTK) binalarında yaşayan insanların halına. 

MTK-nın kefi istəyəndə lifti yandırır, istəyəndə söndürür. Xarab olanda da bina sakinlərindən pul toplayır ki, guya təmir edir. Bəzən hansısa sakinlə prinsip aparanda lifti ümumiyyətlə həmin adamın yaşadığı mərtəbəyə qalxmasına maneə yaradır. 

Lap liftdə qalıb ölən olanda da MTK rəhbərinə gözün üstündə qaşın var deyən, problemə əncam çəkən də olmur.

Elə iki gün əvvəl - mart ayının 26-da 45 yaşlı Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən öldü. 

Onun ölümü ilə əlaqədar bir neçə nəfər cəzalandırıldı, işdən çıxarıldı, bəzisinə töhmət verildi amma bu tədbirlər ölən insanı geri qaytara biləcəkmi? Təbii ki, yox... 

Görəsən, hələ neçə nəfər liftdə xəsarət almalı və ya ölməlidir ki, axır bu məsələ həll olunsun? Qardaşlar, məmurlar, vətəndaşlar, axı heç bir halda bu hadisələrdən siz sığortalanmamısınız. Sabah səhlənkarlıq edib göz yumduğunuz hadisənin qurbanına çevriləcəyinizə kim zəmanət verir?

İllərdir dava döyürük ki, bu liftləri bir vahid bazaya salın, qeydiyyata salın. Mütəmadi olaraq texniki baxış keçirin. Axı bütün günü çalışan, vergi ödəyən sıravi vətəndaşın bunu etməyə imkanı yoxdur. Bir həkim, bir müəllim bunu necə özü edə bilər? 

Ölkə başçısı isə mütəmadi olaraq büdcədən pul ayırır ki, gedin liftləri təzələyin, təmir edin. 

Yenə də ortada bir inkişaf yoxdur. Son illərin liftlə bağlı ən yaddaqalan hadisələrindən biri isə Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızına 400 min dollarlıq toy etməsi idi. 

Və adamı qara suallar narahat etməyə başlayır ki, görəsən o vəzifəyə, o pullara hansı liftlə çıxmaq olur?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri