Bakıda ərinə çapacaqla xəsarətlər yetirməkdə təqsirləndirilən İradə Hacıyevanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən baxış iclasında təqsirləndirilənin vəkili vəsatət verərək müvəkkilinin məhkəmə araşdırması zamanı onun yanında əyləşməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. Daha sonra prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İradə Hacıyeva ittihamla özünü qismən təqsirli bilib.
Növbəti iclas dekabrın 8-ə təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı il iyunun 28-də Bakının Yasamal rayonu ərazisində baş verib.
Bakı sakini Elşən Hacıyevin bədəninin müxtəlif yerlərindən kəsici alətlə yetirilən xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla hadisənin zərərçəkənin həyat yoldaşı, 1962-ci il təvəllüdlü İradə Hacıyeva tərəfindən törədildiyi məlum olub. İradə Hacıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Təqsirləndirilənin istintaqdakı ifadələrindən bəlli olub ki, o, hadisədən əvvəl həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün mətbəxdə istifadə etdiyi çapacaqla ərinə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
İ.Hacıyeva barəsində Cinayət Məcəlləsinin 29.120.2.9-cü (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli