"Azərbaycanda pilotların təlimi məqsədilə daha beş ədəd "Cessna 172 S" tipli təyyarənin alınması planlaşdırılır".
Oxu.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində bu tipli beş təyyarə mövcuddur:
"Əlavə beş təyyarənin alınması ilə onların sayının 10-a çatdırılması nəzərdə tutulur".
O bildirib ki, şirkət "Cessna 172 S" tipli hava gəmilərinə həm baza, həm də operativ texniki xidmət göstərir:
"Bu xidmətlərə mühərriklərin və qanadların çıxarılması, eləcə də yenidən quraşdırılması daxildir. ABŞ istehsalı olan bu təyyarələr Almaniya istehsalı mühərriklərlə təchiz edilib. Onlar dizel və aviasiya yanacağı ilə işləyir".