30 
İyn
2020
19:04
63
154
1797
Virtual karabakh

Azərbaycan könüllüləri vətəndaşlara müraciət etdi

Pandemiya ilə mübarizədə Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları tərəfindən 27 mart 2020-ci il tarixində təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ictimaiyyətə müraciət edib.

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, müraciətdə deyilib:

“Biz, Azərbaycan könüllüləri bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlət tərəfindən atılan zəruri addımlara töhfə vermək məqsədilə son aylar ərzində həkimlərimiz və polislərimizlə çiyin-çiyinə mübarizənin ön cəbhəsində vətəndaşlarımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni etməyə çalışırıq.

Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımız arasında profilaktik tədbirlər, pandemiya dövründəki davranış qaydaları, xəstəliyin ciddiyyətinin tam şəkildə qavranılması ilə bağlı maarifləndirici aksiyalarda iştirak edirik. Aksiyalar çərçivəsində maarifləndirici nəşrlər paylayır, maskadan istifadəyə təşviq edir və kütləviliyin olduğu məkanlarda sosial məsafənin qorunmasını təmin etməyə səy göstəririk.

Eyni zamanda, pandemiyanın aztəminatlı ailələr və tənha yaşlılar üçün yaratdığı çətinliyin aradan qaldırılması istiqamətində onlara ərzaq bağlamaları çatdırır, dərman vasitələrinin alınması üçün köməklik göstəririk. Mart ayından başlayaraq bu gün də, qızmar yay aylarında gündəlik olaraq, paytaxt Bakıda və bölgələrdə, böyük əzm və fədakarlıqla, heç bir təmənna güdmədən, xalqımızın rifahı naminə gündəlik fəaliyyətimizi davam etdiririk.

Hər gün minlərlə vətəndaşı əhatə edən maarifləndirmə aparır, yüzlərlə ailəyə, sosial həssas qruplardan olan insanlara xidmət edir, onlara dəstək olmağa çalışırıq. Bilirik ki, çətin günün ömrü az olur, sadəcə səbr etmək və qaydalara əməl etməklə bu günləri mütləq geridə qoyacağıq!

Həm də bilirik ki, bu bəlaya qalib gəlmək bizim öz əlimizdədir. Sadə tövsiyələrə əməl etməklə, özümüzü, yaxınlarımızı, cəmiyyətimizi qoruya bilərik. Biz artıq normal həyatımıza, gələcəyimizi qurmağa qayıtmaq istəyirik.

Bunun üçün minlərlə Azərbaycan könüllüsü adından vətəndaşlara üz tutaraq, özünüzün və sevdiklərinizin sağlamlığının qorunması üçün tövsiyələrə riayət etməyə çağırırıq – ictimai məkanlarda maskadan istifadə edək, tez-tez əllərimizi yuyaq, xüsusi ehtiyac olmadığı hallarda evdən çıxmayaq, sosial məsafəni nəzərə alaq və bütün bunları ətrafımızdakı insanlara da təlqin edək!

Xahiş edirik ki, istər sosial mediada, istərsə də KİV-də həkimlərin və bu infeksiyaya yoluxmuş insanların çağırışlarını, onların düşdükləri ağır vəziyyəti ciddiyyətlə qəbul edəsiniz.

Biz inanırıq ki, birlik, həmrəylik və vətəndaş məsuliyyəti bütün çətinliklərin öhdəsindən gəlməyin açarıdır!

Unutmayaq ki, biz birlikdə güclüyük!”

Bizimlə əlaqə saxlayın

Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri