Bu gün səhər saatlarında Mərakeşdən İspaniyanın muxtar şəhərləri olan Seuta və Melilyaya daxil olmağa çalışan yüzlərlə şəxslə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata əsasən, bir qrup şəxs Mərakeşin Fnideq şəhəri istiqamətindən Seuta ilə sərhəddəki hasarı aşmağa cəhd göstərib və bu zaman təhlükəsizlik qüvvələrinə daş atıblar. Bundan əlavə, "Beni-Ənsar" sərhəd məntəqəsi yaxınlığında həm sərhəd çəpəri, həm də liman vasitəsilə İspaniyanın Melilya şəhərinə keçməyə çalışan, aralarında xeyli yetkinlik yaşına çatmayanların da olduğu yüzlərlə gənclə hüquq-mühafizə orqanları arasında böyük toqquşmalar yaşanıb.
"El Confidencial" nəşrinin İspaniya Mülki Qvardiyasına istinadən verdiyi məlumata görə, iyulun 30-da 40 minə qədər insan Mərakeşdən İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz yolla daxil ola bilərdi. Son rəqəmlərə əsasən, Seutaya çatmağa cəhd edən azı 19 nəfər həyatını itirib.
Yaranmış böhranla əlaqədar İspaniya rəhbərliyi yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib. İyulun 31-də İspaniya hökumətinin sədri Pedro Sançesin daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə şəhərə səfəri planlaşdırılır.