ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında sutəmizləyici qurğulara qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyətin İranın deyil, ştat rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Qeyd etmək istəyirəm ki, Minnesotada kiberhücum baş verdiyini öyrəndik və onlar buna görə İranı günahlandırırlar. Mən belə düşünmürəm. Məncə, günahı Minnesotanın üzərinə atmaq lazımdır, çünki onlar olduqca səriştəsizdirlər", - deyə Tramp Nazirlər Kabinetinin iclasında bildirib.
ABŞ lideri əlavə edib ki, hücum 30 sutəmizləyici stansiyanı əhatə edib və buna görə ştatın rəhbərliyini, o cümlədən qubernatoru məsul hesab edir.
"İranın hazırda Minnesotanı düşünməkdən daha ciddi problemləri var", - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Minnesota ştatının rəhbərliyi ştatdakı bir sıra sutəmizləyici qurğuların kiberhücuma məruz qaldığını açıqlamışdı. ABŞ KİV-inin məlumatına görə, istintaqı aparan qurumlar hücumun arxasında İran hakerlərinin dayanmış ola biləcəyini ehtimal edirlər.