ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.
Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərini təyin etmək niyyətindədir. Siyasətçi təşəbbüsü 2019-cu ildə Kosmik Qüvvələrin yaradılması ilə müqayisə edərək, onların meydana gəlməsini böyük uğur adlandırıb.
"Süni intellekt yeni sənaye inqilabı və ya yeni internetdir, lakin daha böyük və daha effektiv olacaq, ola bilsin ki, ölkəmizin ÜDM-nin 25%-ni əhatə etsin. Biz Çini və dünyanın qalan hissəsini qabaqlayırıq və mən bu üstünlüyü qorumaq niyyətindəyəm!" - deyə Tramp vurğulayıb.
Bununla belə, ABŞ lideri Silahlı Qüvvələrin ayrıca qoşun növünün yaradılmasının planlaşdırılıb-planlaşdırılmadığını dəqiqləşdirməyib.