15 
Apr
2019
14:10
214
144
8368
Virtual karabakh

“Rotshshild&Cie” ilə müqavilə Azərbaycanın maliyyə sektoruna nə vəd edir? - TƏHLİL

15 Apr, 2019
14:10
8368

“Rotshshild&Cie” ilə müqavilə Azərbaycanın maliyyə sektoruna nə vəd edir? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın maliyyə bazarı yenidən dirçəlməyə başlayır və sektorun sağlamlaşdırılması, paralel milli valyutanın məzənnəsinin sabit saxlanılması üçün səylər artıb.

Bu səylər fonunda Azərbaycan Mərkəzi Bankı ilə “Rotshshild&Cie” Bankı arasında imzalanan əməkdaşlıq müqaviləsi xüsusi məqamları ilə diqqətə çarpır və Oxu.Az bu barədə qısa təhlilini oxuculara təqdim edir.

Azərbaycan xarici şoklara qarşı hazırlıqlı olacaq 

Nəzərə alsaq ki, Azərbaycanda kapital və bank bazarı alətləri hələ də çox zəifdir, üstəlik, bank sektoruna inam indinin özündə də kövrəkdir, bu sahədə ən yaxşı mütəxəssislərə və əsrlər boyu formalaşan nüfuza malik “Rotshshild&Cie” ilə əməkdaşlıq ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.

Xatırlatmaq istərdik ki, “Rotshshild&Cie” ilə müqavilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fransa səfərində “Rotshshild Global Financial Advisory” şirkətinin prezidenti  David dö Rotşildlə görüşünün nəticəsi olaraq imzalandı. “Bəs bu əməkdaşlıq Azərbaycanın maliyyə sektoruna nə verəcək?” suallarına cavab verməyə çalışacağıq.

İlk növbədə, Azərbaycanın xarici şoklardan sığortalanması üçün bu əməkdaşlıq çox vacibdir. Məlum olduğu kimi, 2014-cü ilin ortasından başlayaraq, məhz neftin dünya bazarında kəskin ucuzlaşması fonunda Azərbaycanda milli valyuta iki dəfə devalvasiyaya məruz qaldı. Bu proses Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının kəskin azalmasına gətirib çıxardı və devalvasiya bütövlükdə ölkə iqtisadiyyatına zərbə vurdu.

Nəzərə alaq ki, belə qlobal iqtisadi şokları “Rotshshild&Cie” kimi böyük  şirkətlər daha tez görür və maliyyə böhranının yarada biləcəyi bütün mənfi hallar nəzərə alınmaqla, konsaltinq xidməti göstərdiyi ölkələrə alternativ çıxış yolları təqdim edir.

Ona görə də birinci vitse-prezident Mehriban Əlaiyevanın rəhbərliyi ilə Azərbaycanın maliyyə sektorunun belə bir görüşdə iştirak etməsi və nəticə olaraq əməkdaşlıq protokolunun imzalanması qarşıdakı illərdə ilk növbədə Azərbaycanda maliyyə sabitliyinin qorunması, xarici şoklara adektavt addımlar atmaq üçün hazırlıqlı olması baxımından çox böyük tarixi önəm daşıyır.  

Əməkdaşlıqda nələr var? 

Müqavilə ilə bağlı rəsmi açıqlamalara əsasən:

- Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

- Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, prosedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

- Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaq.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun yüksəlməsində mühüm rol oynayacaq.

Beləliklə, ilk növbədə Azərbaycanın maliyyə sektorunun indiki vəziyyəti 3500-dən çox peşəkar eksperti ilə 40-dan çox ölkədə maliyyə məsləhət xidmətləri göstərən “Rotshshild&Cie” tərəfindən qiymətləndiriləcək. Ölkənin aparıcı banklarının biznes modellərinə yenidən baxılacaq. 

Bank bazarında rəqabət formalaşacaq  

“Məlumata sahib olan dünyaya sahibdir” şüarı ilə işləyən Rotşildlər bu məlumatları analiz edərək, Azərbaycan bank sistemi üçün tövsiyyələr hazırlayacaq. Eyni zamanda, “Rotshshild&Cie”nin Azərbaycanın maliyyə sektoru ilə bağlı vəziyyətə mütəxəssis rəyi verməsi, eyni zamanda, onların məsləhətçi missiyası daşıması özü dünya bazarında ölkəmiz üçün yeni imkanlar açacaq.

İlk növbədə xarici investorların maliyyə sektorumuza marağı yaranacaq və nəticədə, yeni sərmayə qoyuluşlarının, xarici bankların Azərbaycan bazarına daxil olmasının şahidi olacağıq. Təbii ki bu, yeni rəqabət mühiti formalaşdıracaq və “ayaqda uyuyan” bəzi yerli banklar ya bazarı tərk edəcək, ya da özlərində güc tapıb inkişaf edəcəklər. Bütün hallarda isə bundan bank sektoru, nəticə etibarilə sahibkarlıq udacaq və zəncirvari olan bu proses maliyyə həlqəsindəki hər bir vətəndaş üçün faydalı, əlverişli şərtlərə malik xidmətlərin yaranmasına səbəb olacaq.

İndi xarici banklar Azərbaycana gələcəklər

Maliyyə sahəsində ekspert, Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı Əkrəm Həsənov da hesab edir ki, “Rotshshild&Cie” ilə işbirliyi bank sektoruna yeni imkanlar açacaq.

“Əgər biz yaxşı və əsl bank sisteminə malik olmaq istəyiriksə, onlar nə deyirsə, onu edəcəyik. Əlbəttə, burada Rotşildlərin də öz maraqları var, amma əsas odur ki, bizim bank qanunvericiliyi sistemli olsun. İndi xarici banklar Azərbaycana, güman edirəm ki, gələcəklər. Onlar bu bazara investisiya qoyacaqlar və istəyirlər ki, oyun qaydaları dəqiq müəyyənləşdirilsin. Bu halda, əlbəttə, rəqabətdə bəzi yerli banklar uduzacaq və bazarı tərk edəcək. Azərbaycan buna hazırdır, əsas odur ki, nəticədə bank sektoru udacaq”, - deyə ekspert düşünür.

Rotşildlər Azərbaycanı yeni kəşf etmirlər

Qeyd edək ki, Rotşildlər Azərbaycanı, onun iqtisadi imkanlarını, maliyyə bazarını indi “kəşf etmirlər”. Onlar məşhur “neft bumu” dövründə - XIX əsrin 80-ci illərində gəliblər. 1883-cü il mayın 16-da “Rotşild qardaşları” bank evi Bakıda “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti” (qısaca “Xəzər–Qara dəniz cəmiyyəti”) adlı yeni bir şirkət təsis etmişdilər. Bu şirkətə Bakının Balaxanı, Sabunçu, Ramana kəndlərində neftlə zəngin olan 19 desyatin torpaq sahəsi, habelə kerosin zavodu daxil idi.

1884-cü ildə şirkətin Bakıdan xaricə apardığı neft məhsullarının həcmi 2,4 mln. pud olmuşdusa, 1889-cu ildə bu göstərici 30 mln. puda çatmışdı.

“Xəzər–Qara dəniz cəmiyyəti”nin yaradıcısı, 1868-ci ildən Paris bank evinə başçılıq etmiş baron Alfons Rotşild Parisdə çox məşhur bankir Ceyms Rotşildin oğlu idi. Fransa 1871-ci ildə Prussiya ilə müharibədə məğlub olandan sonra onun təzminatını məhz A.Rotşildin ödədiyini, bununla da Adolf  Tyeri Fransa hökumətinin başında məhz onun saxladığını qeyd etmək kifayətdir.

Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmiryolunun inşası 1883-cü ildə məhz A.Rotşildin verdiyi istiqrazların sayəsində başa çatdırılıb. Təkcə 1884-cü ildə Zaqafqaziya dəmiryolu ilə təxminən 5,6 mln. pudluq müxtəlif neft məhsulları daşınıb.

Zaqafqaziya dəmir yolu salındıqdan sonra isə Bakı–Batum neft kəməri ideyasını həyata keçirənlər arasında məşhur milyonçular H.Z.Tağıyev, İ.P.İlimov və S.İ.Bağırovla birlikdə A.Rotşild də vardı. Belə ki, A.Rotşild bu məqsədlə Lion kredit cəmiyyətinin Peterburq şöbəsinin 4%-li daxili istiqraz kağızlarına 1mln. rubl yatıraraq tikintinin layihəsinin hazırlanması üzrə görkəmli alim, mühəndis V.Q.Şuxovun işlərini maliyyələşdirib.

Əgər 1883-cü ildə A.Rotşildin ilkin kapitalı 1,5 mln. rubl olmuşdusa, 1912–1913-cü illərdə bu kapital 10 mln. rublu keçmişdi.

A.Rotşildin şirkətinin uğurlu fəaliyyəti Bakıya fransız kapitalı ilə yanaşı, ingilis kapitalını (C.Vişau və b.) da cəlb etmişdi.

Rotşildlər Bakıda xeyriyyə və tikinti işləri ilə də məşğul olublar. Şirkətin pulu ilə Kaspiysk (indiki R.Behbudov) küçəsində tikilmiş sinaqoqun nəzdində pulsuz təhsil verən kişi və qadın texniki sənət məktəbləri, həmçinin, şənbə günləri axşam sinifləri fəaliyyət göstərirdi. Hazırda bu binada R.Behbudov adına Mahnı Teatrı yerləşir.

Rotşildlər Bakıda - Ağ şəhərdə və Bayılda məktəb tikintisinə, həmçinin, gözəl binaların inşasına böyük vəsaitlər xərcləyiblər. Hazırda həmin binalardan birində  Azərbaycan Dövlət İncəsənət Muzeyi yerləşir. Vaxtilə mühəndis N.A. fon der Nonnenin inşa etdiyi bu bina de Burun imarəti olub. “Xəzər–Qara dəniz cəmiyyəti”nin baş kontorunun binasını isə 1899-cu ildə mülki mühəndis K.B.Skureviç inşa edib. İndi həmin binada Respublika Baş Prokurorluğu fəaliyyət göstərir.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri