21 
Yan
2022
14:48
22
53
1102
Virtual karabakh

“AZCHEMCO”nun “yaşıl innovasiyaları” “ЕХРО 2020 Dubai” sərgisində təqdim olunub - FOTO/VİDEO

21 Yan, 2022
14:48
1102

“AZCHEMCO”nun “yaşıl innovasiyaları” “ЕХРО 2020 Dubai” sərgisində təqdim olunub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan “AZCHEMCO” şirkəti “Еxpo 2020 Dubai” sərgisində şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələrini və həllərini təqdim edib.

“Report” xəbər verir ki, “Aclığın qarşısını alaq və birlikdə münbit torpaqları geri qaytaraq” şüarı ilə keçirilən tədbiri pavilyonun meneceri Rövlan Əliyev açıb.

“Pavilyonumuza xoş gəlmisiniz. Bu sərgidə “Mobillik”, “İmkanlar” və “Dayanıqlı inkişaf” adlanan 3 tematik zona var. Bildiyiniz kimi Azərbaycanın pavilyonu “Еxpo 2020 Dubai” sərgisinin “Dayanıqlı inkişaf” zonasında yer alıb və bu təsadüfi deyil. Dayanıqlı inkişaf gündəlik həyatımızda istifadə etdiyimiz resurslardan daha səmərəli istifadəyə və gələcək nəsillərə daha sağlam həyat və dünyanın ötürülməsinə yönəlib. Bizim pavilyon da bu mövzunu təmsil edir. Dünyada resursların sayı məhduddur və məhz bu səbəbdən, gələcək nəsillər üçün dayanıqlılığı və çiçəklənməni təmin etmək üçün bu gün dayanıqlı olmalıyıq. Pavilyonumuzda təmsil olunan “AZCHEMCO” şirkəti sərgi iştirakçılarına və bütün dünyaya təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi, şoranlaşmış və möhkəm torpaq növlərinin bərpası sahəsində layihələr təqdim edir”, - o deyib.

Tədbirdə spiker qismində şirkətin təsisçisi Levent Özdemir və bugünkü iqlim dəyişikliklərini işıqlandıran ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza çıxış ediblər.

“Bildiyiniz kimi hörmətli Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparır. Gələcəkdə bu ərazilərdə “ağıllı” kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələr üzrə ən qabaqcıl texnologiyaların inkişaf etdirilməsi planlaşdırılıb. Nahaq yerə şirkətimizin loqosunda bütün dünyada məşhur “Qarabağ atı” təsvir olunmayıb. Biz inanırıq və ümid edirik ki, “AZCHEMCO” şirkəti həm Qarabağda, həm də bütün dünyada aparılan işlərdə iştirak edə biləcək.

Bu gözəl kollektivə, xüsusilə “Expo 2020” sərgisinin ən gözəl pavilyonlarından biri olan Azərbaycanın pavilyonunda bugünkü tədbirin təşkilində verdiyi böyük dəstəyə və şəxsən iştirakına görə Rövlan bəyə minnətdarlığımı bildirmək istərdim.

Hazırda dünyada kənd təsərrüfatı sahəsində Niderland və İsrail texnologiyaları mövcuddur, lakin biz bütün dünyaya Azərbaycan texnologiyasını da təqdim edirik.

Qonaqlara qısaca olaraq “AZCHEMCO” şirkəti barədə məlumat vermək istərdim. Bu şirkət quraqlıq, iqlim dəyişikliyi, ərzaq çatışmazlığı kimi qlobal problemlər sahəsində həllər işləyib hazırlayıb.

Bu sahədə fəaliyyət göstərən dünya institutları və təşkilatları ilə sıx əməkdaşlıq edən “AZCHEMCO”nun əsas missiyası qlobal aclığa son qoymaq, dayanıqlı inkişafa öz töhfəsini vermək və hər kəsin sağlam qidaya çıxışını təmin etməkdən ibarətdir.

Şirkətin əsas məqsədləri əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatını yaxşılaşdırmaq, kənd təsərrüfatı sahəsində kimyəvi maddələr, bitkilərin müdafiəsi vasitələri istehsal etmək, həmçinin onlardan müvafiq istifadə sahəsində məlumatlılığı artırmaqdır. Şirkət bu sahədə bir sıra elmi-tədqiqat institutları ilə əməkdaşlıq edir, şirkətin məhsulları isə dünyaca məşhur SGS şirkətinin laboratoriyalarında sınaqdan keçirilir və təsdiq olunur.

Şoranlaşmış ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, gələcəkdə iqlim dəyişikliyi səbəbindən kənd təsərrüfatına yararlı torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması məqsədilə istənilən maraqlı şirkətlər və müəssisələrlə əməkdaşlıq etməyə hazırıq.

Şoranlaşma günümüzün ən geniş yayılmış problemlərindən biridir. Bəzən bu, təbii səbəblərdən, bəzən isə insan fəaliyyətinin nəticəsində meydana gəlir.

Analitik mərkəzlərin məlumatlarına görə, dünyada 1,5 milyard insan torpağı çox şoranlaşmış bölgələrdə yaşayır. Dünyada 833 milyon hektardan çox ərazi şoranlaşmış torpağa malikdir. Bu torpaqlar daha çox Yaxın Şərqdə və Şimali Afrikada, Mərkəzi, Cənubi və Latın Amerikasında yayılıb.

İnsanın qeyri-rasional fəaliyyəti torpaqların şoranlaşması problemini daha da dərinləşdirir. Torpaqdan fasiləsiz və intensiv istifadə, yanlış suvarma üsulları, gübrələrdən həddən artıq çox istifadə, meşələrin qırılması və yeraltı sulardan özbaşına istifadə torpaqların antropogen səbəblərdən şoranlaşmasının əsas amilləridir. Suvarma məqsədilə sudan həddən artıq çox istifadə təkcə torpağın deyil, həm də su itkisinə gətirib çıxarır.

Bu amillərin mənfi təsirini nəzərə alan “AZCHEMCO” şirkəti FAO-ya, Beynəlxalq İqtisadi Foruma və bütün qlobal dünyaya sözügedən problemin həlli yolunu təklif edir.

"AZCHEMCO" şirkətinin istehsal etdiyi yeraltı damcı suvarma sistemlərini yeni innovativ “Drip Drop 369” məhsulu ilə birlikdə istifadə etməklə torpaqların pH-ni tənzimləyə, keyfiyyətini yaxşılaşdıra və ümumi məhsuldarlığı artıa bilərik ki, bu da şübhəsiz ki, torpağı kənd təsərrüfatı istifadəsi üçün yararlı hala gətirəcək.

Yeraltı damcı suvarma sistemləri nəinki suyu bitkilərin kök sisteminə çatdırır, həm də su kimi vacib resursdan istifadəni minimuma endirməklə səmərəli istifadəni təmin etməyə imkan verir.

Su çatışmazlığı və iqlim dəyişikliyi səbəbindən müasir dünyada yeraltı damcı suvarma sistemləri və “Drip Drop 369” məhsulu torpaqların şoranlaşması və quraqlıqla mübarizə üzrə yüksək səmərəliliyə malik innovativ üsullar tandemidir”, - L.Özdemir bildirib.

ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza çıxış edib.

“Azərbaycanın “Expo 2020” sərgisindəki möhtəşəm pavilyonunda olmağa şadam. Həqiqətən innovativ şirkət olan “AZCHEMCO” şirkəti hazırda dünyanın 2 əsas münaqişə mənbəyi olan ərzaq və su təhlükəsizliyinin yüksəldilməsi istiqamətində böyük işlərin görülməsinə töhfə verə biləcək və inqilabi xarakterə malik bir sıra aqrar kimyəvi maddələr işləyib hazırlayıb. Hər bir biznes sudan böyük istifadənin əsas amillərindən biridir.

Ənənəvi kənd təsərrüfatı suvarma məqsədilə böyük həcmdə su tələb etməklə su ehtiyatlarına zərər vurur. 2030-cu ilədək təmiz suya və sanitariyaya çıxışın təmin edilməsi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) dünya ictimaiyyətinin qarşısında duran əsas vəzifələr sırasındadır. Yəni, bizim cəmi 10 ilimiz var. Kənd təsərrüfatı sahəsində islahatların aparılması bu məsələdə böyük rola malikdir. Bundan başqa, dayanıqlı ərzaq təhlükəsizliyinə ehtiyac var. Ərzaq məhsullarının ətraf mühitə zərər vura biləcəyini nəzərə alaraq, onları daha səmərəli becərməliyik. “AZCHEMCO” şirkətinin məhsulları buna qadirdir.

“AZCHEMCO” şirkəti yeraltı damcı suvarması vasitəsilə su ehtiyatlarından, gübrələrdən, pestisidlərdən və digər məhsullardan qalıqsız və rasional istifadə üsulunu işləyib hazırlayıb. Bunun əhəmiyyəti nədən ibarətdir? Bu ona görə vacibdir ki, yeraltı damcı suvarması zamanı su resurslarından istifadə həcmi azalır və bu səbəbdən, su, yerüstü suvarmada olduğunu kimi yüksək temperatur şəraitində buxarlanmır. Təbii ki, bu amil dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Bundan başqa, “AZCHEMCO” şirkətinin məhsulları quraqlıq, yanlış əkinçilik, kimyəvi maddələrdən həddən artıq çox istifadə və şoranlaşma səbəbindən daha əvvəl kənd təsərrüfatı üçün yararsız olan torpaqları dəyişmək iqtidarındadır. Şirkətin bu layihəsi Azərbaycanda, Cənubi Qafqazda və bütün dünyada böyük torpaq sahələrinin kənd təsərrüfatı becərilməsi üçün istifadə edilməsinə imkan verə bilər.

Hesab edirəm ki, bu, öz qədim torpaqlarının geri qaytarılması üçün aparılmış 44 günlük müharibədə qazandığı böyük qələbədən sonra Azərbaycanın qlobal görüntüsü baxımından xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu qələbə sayəsində Azərbaycan, təxminən, 30 il Ermənistanın işğalı altında olan əraziləri özünə qaytardı. İşğal dövründə bu torpaqlardan istifadə edilməyib və onlara ənənəvi əkinçilik üsulları tətbiq edilməyib. Bu o deməkdir ki, torpaq böyük həcmdə müxtəlif bitkilərin becərilməsində istifadə edilə bilər və bunun üçün hazırdır, yəni Azərbaycana investisiyaların cəlb edilməsinə öz töhfəsini verə bilər. Məhz bu cür sərmayələr 2020-ci ilin noyabr ayında əldə olunmuş sülhün möhkəmlənməsi və dayanıqlı olması baxımından həlledici rola malik ola bilər. Bu, iqtisadi artıma və iqtisadi əməkdaşlığın yeni formalarına töhfə verəcək investisiyalar, aqrar biznes və digər sahələr sayəsində mümkün ola bilər.

Biz söhbət etdiyimiz bir zamanda Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması prosesindədir. Bunun üçün beynəlxalq sərhədlərin müəyyən edilməsi, infrastruktur layihələri və investisiya cəlb edəcək digər layihələrin birgə işlənməsi məqsədilə yüksək səviyyəli görüşlər keçirilir. Ümid edirik ki, Ermənistan Türkiyə ilə də münasibətlərin nomallaşdırılması prosesindədir. Bu isə bütün Cənubi Qafqaz üzrə daşımaların yenidən bərpa olunmasına şərait yaradacaq. Hesab edirəm ki, məhz bu cür iqtisadi əməkdaşlıq və “AZCHEMCO” kimi elmi innovasiyalar sayəsində Azərbaycan və qonşuları regionda və dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün su resurslarından istifadənin ciddi şəkildə azaldılması, su təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi üzrə nümunəyə çevrilə bilərlər”.

Tədbirin qonaqları sırasında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov da olub. O, şirkətin ideya və layihələri ilə tanış olub, həmçinin tədbirin keyfiyyətli şəkildə hazırlandığını və keçirildiyini qeyd edib.

Daha bir əhəmiyyətli fakt məhz Baş nazirin müavinin “dünyanı yaxşı istiqamətə dəyişən” ilk qonaqlardan biri olmasıdır. Tədbirdə bu cür yüksək vəzifəli şəxsin iştirakı Azərbaycan hökumətinin özəl sektoru nə dərəcədə dəstəklədiyini bir daha sübut edir. Özəl sektor üçün yaradılan münbit şərait həm də Prezident İlham Əliyevin timsalında hazırki ölkə rəhbərliyinin zəhmətinin və xidmətinin bəhrəsidir".

Tədbir Heydər Əliyev Mərkəzinin (https://www.instagram.com/p/CY17hkTrSfw/?utm_source=ig_web_copy_link) və Azərbaycan pavilyonunun (https://www.instagram.com/p/CY1q1BEDRMg/?utm_source=ig_web_copy_link) informasiya resurslarında işıqlandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri