Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çindən Avropaya “Orta Dəhliz”lə ilk blok qatar Bakı limanından yola salındı - FOTO
Çinin əsas sənaye mərkəzlərindən olan Çendu şəhərindən “Orta Dəhliz”dən keçməklə Avropaya göndərilən ilk blok qatar ötən gecə Bakı limanına çatıb.
Limandan Oxu.Az-a bildirilib ki, iki dəniz aşaraq Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir. Qazaxıstanın Aktau limanından Bakıya operatoru “ADY Konteyner” MMC olan “Beket Ata” gəmisi ilə gətirilən konteynerlərin Bakı limanının peşəkar komandası tərəfindən operativ şəkildə gəmidən boşaldılaraq platformalara yüklənməsi əməliyyatı icra edilib.
Son təyinat nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq konteynerlər platforma üzərində Gürcüstanın Batumi limanına yola salınıb. Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla Avropanın müxtəlif şəhərlərinə göndəriləcək.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”ın təşkilatçılığı çərçivəsində, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə əməkdaşlıq nəticəsində icra edilir.
Xatırladaq ki, təkcə bu il ərzində Çinin müxtəlif istiqamətlərindən Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan keçməklə Bakı limanı vasitəsilə daşınıb.
Limanın müasir texniki imkanları və peşəkar kadrları sayəsində bu yüklərin operativ qaydada qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir.
Xüsusilə də qlobal logistikada təchizat zəncirinin əsas halqalarından hesab edilən konteyner nəqlində hər il artım qeydə alınır ki, bu rəqəmlər Bakı limanının statistik göstəricilərində də öz əksini tapır.
Təkcə 2022-ci ilin ilk beş ayı ərzində Bakı limanı vasitəsilə TEU ekvivalentində 21 046 ədəd konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1%-lik artım deməkdir. İlin sonuna kimi bu göstəricilərin artan xətlə davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu ilin ilk beş ayı ərzində Bakı limanı vasitəsilə quru yükün daşınmasında 23,7%-lik, vaqon daşınmasında 18,9%-lik, təkərli texnikaların daşınmasında isə 15,9%-lik artım qeydə alınıb. Hər il olduğu kimi, bu ilin sonunda da limanın illik yükaşırma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır.
Daha çox şəkil burada: Photostock.az
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var