Dek
2022
16:53
158
39
5135
Virtual karabakh

DSMF-dən Hesablama Palatasının yaydığı məlumata CAVAB - YENİLƏNİB

7 Dek, 2022
16:53
5135

DSMF-dən Hesablama Palatasının yaydığı məlumata CAVAB - YENİLƏNİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Hesablama Palatasının yaydığı məlumatla bağlı açıqlama verib.

DSMF-dən verilən məlumata görə, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub:

“Pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb. Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır.

Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır”.

Qeyd edək ki, DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib.

13:58

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (Fond) aparılmış audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunması ilə bağlı fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu vəziyyətini əhatə edib.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, 2021-ci il üçün DSMF-nin icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub.

Belə ki, fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblərə tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib, fond və İşsizlikdən Sığorta Fondu üzrə sair daxilolmaların məbləğinin düzgün uçota alınmaması, elektron informasiya bazalarının aidiyyəti qurumlar tərəfindən tam uyğunlaşdırılmaması və vahid formatın hazırlanması prosesinin yekunlaşdırılmaması hesablanmış faiz və maliyyə sanksiyaları üzrə vergi orqanlarının məlumatları ilə müqayisədə fərq məbləğini formalaşdırıb.

Gəlir və xərclərin büdcə prosesini tənzimləyən aktların müəyyən etdiyi qaydada vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra olunmaması, eləcə də proqnozlaşdırma prosesində tələb olunan bir çox məlumatların məzmun baxımından təkmil olmaması, xüsusilə icra edilmiş vəsaitlər barədə hesabatlılığın müəyyən edilməməsi, son nəticədə, gəlir və xərclərin icra səviyyəsinə təsir göstərməklə yanaşı, ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.  

2006-2016-cı illər üzrə 1 394,0 mln. manat məbləğində vəsaitin sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyən olunub, fond tərəfindən həyata keçirilmiş fəaliyyət nəticəsində həmin məbləğ 2021-ci ildə bir neçə dəfə azalsa da, ilin sonuna 274,6 mln. manat məbləğində sığorta haqları sığortaedənlər tərəfindən hesabatlarının verməməsi səbəbindən sığortaolunanlar üzrə bölüşdürülməyib.

Məlumatların müvafiq proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməyib, bəzi hallarda isə bu iş gecikmələrlə həyata keçirilib, nəticədə 2021-ci il ərzində 40,8 mln. manat məbləğində sığorta haqqı fond tərəfindən sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib.

Ödənilmiş sığorta haqları üzrə sığortaedənlər tərəfindən hesabatların natamam verilməsi həmin vəsaitlərin sığortaolunanlar üzrə fərdi hesablarda qeydə alınmaması ilə nəticələnib ki, bu da sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəliklərin sərhədlərinin müəyyənləşdirilməsi və bu öhdəliklərin icrasına təsir göstərəcək risklər sırasına aid edilə bilər. 

Dövlət öhdəliyinin dəqiq müəyyənləşdirilməməsi, həmçinin DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin də büdcə təsnifatı üzrə proqnozlaşdırılaraq icra edilməməsi, son nəticədə, öhdəlik-vəsait-nəticə qarşılıqlı uzlaşmasının təmin olunması, eləcə də, öhdəliyin azaldılması ilə bağlı tədbirlərin nəticəliliyinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə ilkin şərt olan öhdəliklərin istiqamətlər üzrə məbləğinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyət də tam başa çatdırılmayıb. 

DSMF-nin büdcəsi barədə qanunun 5-ci maddəsi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarından daxil olan və fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə müəyyən edilmiş tənzimləməyə əməl olunmayıb, büdcə təşkilatlarından daxilolmaların proqnoz və icra göstəricilərinin artıqlaması ilə icra olunması fonunda 2021-ci ildə dövlət büdcəsindən ayrılmalı olan vəsait 6,8 dəfə çox azaldılıb.

Xərclərin ayrı-ayrı istiqamətlər üzrə hesabatlarda doğru əks olunması ilə bağlı toplanmış audit sübutları ilə ümumilikdə istifadə edilmiş vəsaitlərin hesabatlarda doğru əks olunduğu müəyyənləşdirilib, bununla yanaşı, proqnozların əsaslı şəkildə tərtib edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən üç müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbat yarandığı, 26 nəfər pensiyaçıya eyni zamanda iki yerli orqan tərəfindən əmək pensiyası ödənişinin həyata keçirildiyi, eləcə də altı nəfər pensiyaçının vəfatından sonrakı dövr üçün vəsaitin istifadə olunduğu aşkar olunub.  

Ödənişi davam etdirilən pensiya işləri üzrə aparılmış seçmələr əsasında 24 rayon (şəhər) üzrə 51 şəxsə 20 aprel 2013-cü il tarixədək təyin olunmuş  pensiya təyinatının həyata keçirilməsi zamanı doğum tarixi üzrə məlumatların əks etdirildiyi sənədlərdə düzəlişlər olunduğu, bu düzəlişlərlə yaş həddi hüquqi aktların müvafiq tələbinə uyğunlaşdırılmaqla həmin vətəndaşlara pensiya ödənildiyi müəyyənləşdirilib.  

DSMF-nin xərclərinin, əsasən, dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu ödəmə məbləği və həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyənləşdirilməsini çətinləşdirib.  

Fondun saxlanması xərclərinin həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun idarəetmə xərcləri ilə bağlı tələbinə uyğun olub. Xərclərin araşdırılması zamanı bəzi hallarda uyğunsuzluqlar aşkar edilib, müqavilə müddətinin hüquqi aktlarla müəyyən olunmuş prosedurların uzadılması cərimələrin hesablanılması ilə bağlı addımların tətbiqini məhdudlaşdırıb.  

İctimai sektorun bir tərkib elementi olaraq publik hüquqi şəxs qismində fəaliyyət göstərən fond tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi prosesinin yekunlaşmaması DSMF-nin maliyyə vəziyyətinin müəyyənləşdirilməsinə şərait yaratmayıb, eləcə də əsas vəsaitlərin uçotunun düzgün aparılmaması və əvəzsiz verilməsinin hüquqi aktların tələblərinə uyğun həyata keçirilməməsi aktivlərin hesabatlılığında uyğunsuzluqlara səbəb olub. 

Auditor tərəfindən məhdud əminlik səviyyəsində təsdiq edilmiş xərc istiqamətləri üzrə fəaliyyətin, fondun aparatının saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara, əsasən, uyğun olması barədə rəy təqdim edilib. 

Qəbul edilmiş kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınıb, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18,0 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb. 

Eləcə də, məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884,0 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı diqqətə alınaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri