Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bayramqabağı bazarda vəziyyət necədir? - REPORTAJ + FOTO
Sabah müsəlman ümmətində müqəddəs hesab edilən Ramazan Bayramı qeyd ediləcək. Hər kəsin bayramdan öncə üz tutduğu məkanlardan biri də alış-veriş mərkəzləri, bazarlardır.
Hər bir bayramdan öncə bazarda ərzaq məhsullarının qiymətində müəyyən mənada dəyişikliklər hökm sürür. Görəsən, Ramazan Bayramına bir gün qalmış bazarda vəziyyət necədir? Qiymətlər insanların ürəyincədirmi?
Oxu.Az olaraq bayramqabağı vəziyyəti öyrənmək üçün “8-ci km bazarı”na üz tutduq.
Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklik idi. Sabah bayram olmasına baxmayaraq, piştaxtaların bayram nemətləri ilə dolu və zəngin olmasına baxmayaraq əvvəlki qədər sıxlıq müşahidə olunmurdu.
Satıcıların əksəriyyəti alış-verişin zəifliyindən şikayətlənirlər:
“Əvvəlki illərə nisbətən alıcılıq qabiliyyəti çox zəifdir. Satıcı çox, alan isə yoxdur. Qiymətlərin normal olmasına baxmayaraq hələ də bazarda seyrəklikdir. Hətta vəziyyət pandemiya vaxtı da belə deyildi. Deyirlər ki, məhsullar bahadır. Baha olduğunu deyib, marketlərə üz tuturlar”.
Əvvəlcə Ramazan bayramının bir növ simvoluna çevrilən xurmanın qiymətləri ilə maraqlanırıq. Bazarda demək olar ki, hrə qiymətə xurma tapmaq olar - ən aşağı qiymət 3 manat, ən baha xurma isə 28 manat.
Bayram süfrəsini plovsuz təsəvvür etmək mümkün deyil. Plovun hazırlanmasında istifadə olunan düyülərə isə tələbat çoxdur. Qablaşdırılmış düyülərin qiyməti isə 3 manatdan başlayır. Gətirildikləri bölgələrə görə qiymət 6 manat civarında dəyişir.
Bazarın çərəz satılan hissəsinə baş çəkdik. Çeşid çoxluğunu müşahidə etsək də, buradakı satıcılar da alıcılıq qabiliyyətindən şikayətləniblər:
“Çərəzlərin qiyməti qismən enib. Bəzi məhsullar da var ki, bayramqabağı qiymətləri qalxır. Məsələn xurmanın qiymətində artım var. Qabıqlı qoz 4-5, turşu 5-10, kişmiş 6-14 manata kimidir. Qaysının qiyməti isə 8-17 manata qədərdir”.
Bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Dilqəm Ələkbərov da gileylənənlərdəndir. Deyir ki, məhsul var, amma alıcı yoxdur:
“Kartofun qiyməti 50-60 qəpik olsa da növünə görə dəyişir. Soğan isə 50 qəpiyədir. Alıcılıq aşağı səviyyədədir. Qabaqkı illərdə vəziyyət daha ürəkaçan idi. Məsələnin maraqlı tərəfi isə odur ki, marketlərdə qiymətin baha olmasına baxmayaraq alıcılar oraya üz tuturlar”.
Digər meyvə-tərəvəz məhsullarının satıcısı da qeyd edir ki, bazarda alıcı seyrəkliyi müşahidə olunur:
“Ötən illərlə müqayisədə alıcı seyrəkliyi var. Bunun səbəblərindən biri də iri ticarət mərkəzlərinin reklamlarının güclü olmasıdır. Məsələn bazarda olan qiymətlər iri ticarət mərkəzlərində olan qiymətlərdən daha ucuzdur. Alma 1 manat 50 qəpik, armud 2, portağal 2, naringi 2, heyva 4, kivi 3 manat 70 qəpik, nar 3, banan 2 manat 50 qəpik, çiyələk 6, alça 10, üzüm 6, şaftalının bir dənəsi 5, qarpızın kiloqramı isə 2 manat 50 qəpikdir”.
Satıcı Səkinə Talıbova isə bildirib ki, ötən illərlə müqayisədə ağartı məhsullarına tələbat aşağı səviyyədədir:
“17 ildir burada çalışıram. Pendirlər 5, 6, 7 manatadır. Hər növ pendir var. Çeşidinə görə fərqlənir. Məhsullar Bakının mütəlif rayonlarından gətirilir. Ramazan ayı ilə əlaqədar alıcı qüvvəsi də azdır. Ümid edirəm ki, bayramdan sonra vəziyyət daha da yaxşılaşar. Əvvəl tələbat daha çox id, getdikcə azaldı”.
Daha sonra isə bazarda canlanma müşahidə olunur. Satıcılar alıcıların artdığını görüb, sevinirlər. Bizə “ayağımızın düşərli olduğunu deyirlər”.
Sonda isə ümidlərini hələ də itirmədiklərini, zamanla alıcılıq qabiliyyətinin yüksələcəyinə inandıqlarını bildirirlər.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər