Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın məlumatına görə, qəzaya uğrayan "Mercedes-Vito" markalı mikroavtobus Bakı-Balakən marşrutu üzrə sərnişin daşıyırmış. Qəza nəticəsində ölən və yaralanan sərnişinlərin hamısı Balakən rayon sakinləridir. Onlar Bakıdan Balakənə qayıdırdılar.
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində "Mercedes-Vito" markalı mikroavtobusda 6 nəfər xəsarət alıb.
Xəsarət alanlar 1960-cı il təvəllüdlü Natalya Tahirova, 1961-ci il təvəllüdlü Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü Azad Puçaxov, 1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü Cənnətey Qumbarova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində qeydə alınıb.
"Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
Nəticədə, avtomobildə olan sərnişin, Balakən rayonunun Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Samir Əli