"Mançester Yunayted" futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında (İPL) cari mövsümün ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İPL-in rəsmi saytında yayımlanıb.
Bu mövsüm ərzində Fernandeş rəqib qapılarından səkkiz top keçirib və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Asistlərin sayına görə portuqaliyalı oyunçu İPL-in əfsanəvi adları - Kevin De Bruyne (2019/20) və Tyerri Anrinin (2002/03) rekordunu təkrarlayıb. Üstəlik, "Mançester Yunayted"in çempionat çərçivəsində daha bir oyunu qaldığı üçün bu göstəricinin dəyişmə ehtimalı var.
Bu nüfuzlu mükafata həmçinin Erlinq Holand, Antuan Semenyo (hər ikisi - "Mançester Siti"), Qabriel Maqalhaes, David Raya, Deklan Rays (hamısı - "Arsenal"), Morqan Gibbs-Uayt ("Nottingem Forest") və İqor Tiaqo ("Brentford") kimi tanınmış futbolçular da namizəd göstərilmişdi.
Qeyd edək ki, Fernandeş 2010/11 mövsümündə Nemanya Vidiçdən sonra bu yüksək mükafatı qazanan ilk "Mançester Yunayted" oyunçusu kimi tarixə düşüb.