Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məşhur bodibildinqçi: “Bizi bəyənməyənlər nəticə əldə edə bilməyən insanlardır” - MÜSAHİBƏ + FOTO
“Bu idman çoxlarına qazanc yeri olub. İdmançı olmayan, bundan başı çıxmayan, sadəcə universitet bitirən, müxtəlif ixtisas sahibləri hazırda məşqçilik edirlər. Fitnes müəllimliyi edən həkim görmüşəm. Gülünc bir vəziyyətdir”.
Bunu Oxu.Az saytına müsahibəsində fitnes məşqçisi və bodibildinq üzrə ölkə, dünya, Avropa və Cənubi Qafqaz çempionu Vüqar Verdiyev deyib.
Müsahibəni təqdim edirik.
- İspaniyada keçirilən bodibildinq üzrə Avropa çempionatının qalibi oldunuz. Yarış necə keçdi?
- Həmişəki kimi, çətin. Ümumiyyətlə, heç bir turnirə asan demək olmaz. Komanda olaraq var-gücümüzü qoyduq ki, hərə layiqli yerini tutsun. Şükürlər olsun, yaxşı nəticə əldə etdik.
- Ümumiyyətlə, Azərbaycan idmançılarının çıxışı necə alındı?
- İki idmançımız - Hidayət Məhərrəmli və Yusif Nurullayev də qızıl medal qazandılar. Onlar həm öz kateqoriyalarında, həm də ümumilikdə çempion oldular. Komanda hesabında üç qızılımız oldu və Azərbaycan 4-cü yerə çıxdı.
- Nəticə yüksəkdir. Qitə birinciliyinə xüsusi hazırlaşmışdınız?
- Mən bütün yarışlara xüsusi hazırlaşıram. Elə bir yarış yoxdur ki, səthi yanaşım. Bu yaşıma qədər belə bir şey olmayıb. 29-cu ildir ki, səhnədəyəm. Bodibildinqdə bu qədər uzun müddətdə yüksək səviyyədə çıxış etmək çox çətindir.
- Stabilliyi necə qoruyursunuz?
- Ancaq sevgi ilə.
- Yəni?
- Hər şey edirəm. Bütün çətinliklərə dözürəm. Biz əziyyət çəkmirik, zəhmət çəkirik. Bunun da əvəzini Allah verir. Bu idmana sevgini də mənə o verib. 29 il yarışmağıma imkan yaradan şey ilahi bir qüvvədir.
- 44-49 yaşlılar arasında yarışdınız. İdmançı üçün bu yaş az hesab edilmir. Formanı necə qoruyursunuz?
- Məşqlərlə və pəhrizlərlə.
- Pəhriz demişkən, necə qidalanırsınız?
- Çox incə və əhəmiyyətli məsələdir. Bu idmanın məşqi mətbəxdən başlayır. İkinci istirahət, üçüncü zaldakı məşqlərdir. Düzgün qidalanma, istirahət yoxdursa, səhər tezdən gir zala, yaxşı forma əldə edə bilməzsən. Mütləq düzgün qidanı müəyyənləşdirməlisən.
- Azərbaycan bodibildinqində ağsaqqallardan biri kimi bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda çox inkişaf edib. Vaxt var idi, biz ölkəni maksimum 5 idmançı ilə təmsil edirdik. Bu il isə Avropa çempionatına 14 nəfərlə getmişdik. Hamımız da medalla qayıtdıq. Bu, o deməkdir ki, bodibildinq yüksək səviyyəyə çatıb.
- Beynəlxalq yarışlara idmançı seçimi necə aparılır?
- Ölkədaxili turnirlər keçiririk. İl ərzində ölkə kuboku və ölkə birinciliyi keçirilir. Bunların sayəsində Azərbaycanın yığma komandası formalaşır.
- Dediniz ki, hazırda bodibildinqə maraq böyükdür. Amma təxmin edirəm ki, siz başlayanda bu qədər populyar deyildi. Necə bu sahəyə yönəlmisiniz?
- Nəinki populyar deyildi, ümumiyyətlə, çox zəif idi. Cəmi 1-2 zal var idi. Mən Şirvan şəhərində böyümüşəm. Məşqlərə başladığım zal hazırda qalır. Orada trenajor anlayışı yox idi. Sadəcə ştanq və qantellər var idi. Onlar da əldə düzəldilmişdi. Sonradan yeniləri alındı.
- Belə yerdən bu səviyyəyə necə çıxmaq olar?
- Allahın verdiyi sevgi ilə. Bunu deyəndə bir az qəribə gələ bilər. Amma həqiqətdir. Hər insan işi sevərək etməlidir. Məni də yarışdan yarışa aparan bir ilahi qüvvə var.
- Bundan sonrakı planınız nədir?
- Allah güc verdiyi qədər yarışlarda iştirak edəcəyəm.
- Arzusunda olduğunuz titul var?
- Ən böyük arzum ailəmin sevinməyi, onların məni gözləməyi və sevgi ilə qarşılamağıdır.
- İdman baxımından...
- Hər bir idmançı istəyir ki, gördüyü işdə, getdiyi yarışda birinci olsun. O cümlədən mən də.
- Həm də fitnes müəllimisiniz. Hazırda ölkədə çoxlu zal var və onların keyfiyyətindən narazılıq edənlər də az deyil. Bu sahənin mütəxəssisi kimi fikirlərinizi bilmək istərdik...
- Bu, yaralı yerimizdir. Uzun-uzadı danışmaq olar. Bu gün bu idman çoxlarına qazanc yeri olub. İdmançı olmayan, bundan başı çıxmayan, sadəcə universitet bitirən, müxtəlif ixtisas sahibləri hazırda məşqçilik edirlər. Fitnes müəllimliyi edən həkim görmüşəm. Gülünc bir vəziyyətdir. Nə demək olar? İrad da tuta bilmərəm. Sadəcə, insanlara demək istəyirəm ki, hansısa zalın içinə girəndə, müəllimə müraciət edəndə yaxşı olar ki, götür-qoy edəsiniz.
- Belə hallar bu sahəni gözdən salmır?
- Mənim idmanımı gözümdən heç kim sala bilməz. Amma ümumən mənfi nüansları çoxdur. İnsanlar bu barədə danışırlar. Bu da mənə pis təsir edir. Mənim idmanımı bu vəziyyətə salanlar bilmirlər ki, bunu sevən, ömrünü həsr edən insanlar var, bununla onlara nə qədər zərbə vururlar.
- Nəzarət mexanizmi formalaşdırmaq mümkün deyil?
- Federasiyada nəzarət var. Amma ümumilikdə federasiya səviyyəsində etmək olmaz. Daha yuxarı səviyyədən gəlməlidir. Bəzi zallar federasiyanın nəzdindədir, o zallar tanınır, uşaqlar yarışa çıxırlar. Zallar da var ki, hansısa zirzəmidədir, heç kim tanımır, sadəcə üç qantel, bir cüt ştanq qoyub, pul qazanırlar. Buna tək federasiya nəzarət edə bilmir.
- Peşəkarlıqdan söz düşmüşkən, bu yaxınlarda sambo dərsləri keçən Mehman Xəlilov məşq zamanı 7 yaşlı uşağın ölümünə səbəb oldu...
- Ağır hadisədir. Dediniz, həmin an gözümün qabağından keçdi. O uşağa Allah rəhmət etsin. Valideyninin yerində olmaq istəmərəm. Müəllimin elə hərəkət etməsinə söz tapmaq olmur. İnsan var psixoloji cəhətdən yoxlanılmayıb, sertifikat alıb məşqçilik edir. Valideyn dəqiqləşdirməli, bilməlidir ki, övladını kimin yanına göndərir. Əvvəllər atadan sonra müəllim, məşqçi ikinci valideyn hesab olunurdu.
- Yanınıza məşqə gələnlərin məqsədi əsasən nə olur? Deyirlər ki, çoxu 3-5 günlük bədənini şişirtməyi fikirləşir. Daha çox hansı ilə rastlaşırsınız?
- İnsanların fikrini oxumaq mümkün deyil. İnsan var, paltarın əynində yaxşı qalması üçün gəlir, insan var, kiməsə özünü göstərmək üçün gəlir, insan var, yarışa çıxmaq üçün gəlir. Hər birinə deyirəm ki, zala girəndə fikirləşməlisən ki, məqsədin nədir.
- Qarşınıza hansı məqsədlə gələnlər daha çox çıxır?
- Müxtəlifdir. Yarışa çıxmaq istəyənlər azdır. Çünki bu, çətindir.
- Yeni başlamaq istəyənlərə məsləhətiniz...
- İlk növbədə məqsədlərini dəqiqləşdirsinlər. Nə olursa olsun, sevgi ilə yanaşsınlar.
- Neçə yaşdan başlamaq daha doğru olar?
- 13-15 yaşlarda olar. Uşaqlar genetik quruluşuna görə fərqlidir. Eləsi var, 13 yaşda cüssəlidir. 15 yaşda balaca olanı da var. Ona görə yaxşı olar ki, 13 yaşdan sonra, 15-16 yaşlarında başlasınlar.
- Bodibildinqçi kimi bədən quruluşunuz etibarilə yəqin ki, diqqət çəkirsiniz. İctimaiyyət arasında bu baxımdan özünüzü necə hiss edirsiniz?
- Diqqət olur. Amma elə insanam ki, özümü səhnədə göstərməyi xoşlayıram. Çöldə, cəmiyyət arasında, konsertdə, kinoteatrda, alış-veriş mərkəzində qapalı olmağı xoşlayıram. Diqqət məni sıxır. Özümü nə iləsə göstərməyi xoşlamıram. Olur, uşaqlar yaxınlaşırlar, imza istəyirlər. Amma onların yanında qolumu göstərmək-filan mənim üçün bir az yaddır.
- Bodibildinqçilərə münasibət birmənalı deyil. Bəyənməyənlər də var. Deyirlər ki, iynə ilə şişirdirlər və ya pis görünür. Belə düşünənlərə necə cavab verirsiniz?
- Həqiqətən də, iyrənc göründüyünü, dərmanla əzələ şişirdildiyini deyənlər var. Bizi bəyənməyənlər nəticə əldə edə bilməyən insanlardır. Bilir ki, onun üçün deyil, istəsə də, edə bilməz. O sözü deməyə məcburdur. Özünü inandırır ki, istəsəm, edərəm. Amma heç vaxt bacarmaz. Sadəcə, özlərinə təskinlik verirlər. Yazıq insanlardır. Hansısa kişinin belə deməsi düz deyil. Kim istəməz ki, vücudu yaxşı olsun? Kişiyə xas kəlmə deyil. Qadın deyə bilər. Amma kişi sözü deyil.
- Son olaraq, bir insan niyə bodibildinqlə məşğul olsun? Yəni bu, ona dediyiniz yaxşı vücuddan əlavə qazandırır?
- Bu, sağlamlıqdır. İnsanın bodibildinqdəki qədər özünə yetirdiyi diqqət başqa idmanda yoxdur. Bütün növlərə böyük hörmətim var, hər biri mənim üçün nümunədir. Əsas odur ki, öz sahəndə lider olasan. Necə deyə bilərəm ki, şahmatçıdan güclüyəm?! Axı o - qrosmeysterdir. Qolu yoxdur deyə, idmançı hesab etməmək olmaz. Bodibildinq isə məcbur edir ki, insan birbaşa rejimdə olsun. Planlı şəkildə yaşayırsan. Yediyin yemək, məşqin, istirahətin planlı olur. Məcbur olursan ki, sağlam yaşayasan, içkidən uzaq qalasan, fastfud yeməyəsən, vaxtlı-vaxtında yatasan və s.
Daha çox foto burada: PhotoStock.Az
Faiq Tahirov
Rəylər