18 
Fev
2020
21:41
133
29
8642
Virtual karabakh

17 il yol qət edən duyğulu məktubun müəllifi axtarılır - FOTO

Kanadanın Vankuver şəhərinin sakini “Hayda-Quay” arxipelaqı yaxınlığında butulkanın içərisində təsirli bir məktub tapıb. Bu barədə “Vancourier” xəbər yayıb.

Bildirilir ki, Meşə Təsərrüfatı Universitetinin tələbəsi Nikki Səadət tapıntını sahildə yosun toplayarkən aşkarlayıb. Məktub ona tanış olmayan dildə yazılıb. Ancaq tarix aşkar görünüb: 2003-cü ilin noyabr ayı.

Sonradan məktubun İndoneziya dilində yazıldığı müəyyənləşib. Səadət tapıntını mütəxəssisə göstərib. Məlum olub ki, ismarıc oğulun anaya olan peşmanlıq etirafının və məhəbbətinin poetik dildə ifadəsidir.

“Ana… Sənin tövsiyələrinə qulaq asmadığım üçün məni bağışla, halbuki sən haqlı idin. Ana… Sənin işindən utandığım üçün məni bağışla, halbuki sən o işə mənim xətrimə gedirdin, məni yedizdirmək üçün gedirdin. Və mənim kimi təkəbbürlü, təşəkkür etməyi bacarmayan bir oğlun olduğun üçün heç vaxt şikayət etmədin”, - deyə məktubda yazılıb.

Məktubun müəllifi Yoris Naikambo kimi göstərilib.

Səadət məktubun müəllifini, yaxud onun anasını tapmaq, onların taleləri barədə hər hansı bir məlumat əldə etmək istəsə də, axtarışları bir nəticə verməyib.

O, Kanadada İndoneziya icmasının nümayəndələri ilə əlaqə yaradıb. İndoneziyanın Vankuverdə mədəniyyət qrupunun nümayəndəsi Liza Vaconq məktubda yazılış üslubuna görə, müəllifin xristian olduğunu, yoxsul ailədə dünyaya gəldiyini və İndoneziyanın şərqində, ehtimal ki, Malukuda kənd yerində dünyaya gəldiyini ehtimal edib.

Ehtimal ki, Naikambo ölkə hüdudlarından kənarda işləyib və ailəsinə pul yollayıb. Məktubun poçtla göndərilməməsi isə onun kruiz gəmisində işlədiyini göstərir.

Səadət ismarıc barədə daha çox məlumat toplamaq üçün məktubu İndoneziya mediasına yollayıb, ancaq heç bir cavab almayıb.

O, hətta ana və balanın sağ olduğuna əmin deyil: 2003-cü ildən bəri İndoneziya zəlzələ, tayfun, sunami, daşqın və sel kimi bir sıra təbii fəlakətlərə məruz qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri